“Başqa Həyat” serialı üzərinə resenziya

 “Başqa Həyat” serialı üzərinə resenziya

25 İyulda Netflix platformasında yayıma başlamış “Another Life” (Başqa həyat) serialının ilk sezonu 10 seriyadan ibarətdir. Elmi fantastika janrındakı “Another Life”da baş rolda Keti Sakxof (Niko) və Castin Çetvin (Erik) var.

 

Nəzərinizə çatdırım ki, Keti Sakxof onsuz da “Star Wars” və “Battlestar Galatica” serialı sayəsində janrda bir kulta çevrilmişdi. Çalışdığı bütün filmlərdə rejissorlar tərəfindən eyni anda güclü xarakterə sahib amma fiziki zəif birini canlandıra bildiyi üçün təriflər alan Keti yəqin ki, sırf bu xasiyyətinə görə baş rola cəlb olunub. Həmkarı Castin Çetvin də xüsusilə “Dünyalar savaşı” (War of the Worlds) filminə görə tanınmışdı. Komandanın digər hissəsi haqda isə demək olar hər bir fantastika janrı film və seriallarının məşhur aktyorları toplanıb – “Walking Dead”in Aratı Elizabet Ladlo, “Originals”ın İnadusu Blu Hant, “Supernatural”ın Adam Milliqanı Ceyk Ebel, “Teenwolf” və “Supergirl” seriallarındakı rolları ilə tanınan Tayler Xeklin, “Hellboy”dan Selma Bleyr və nəhayət “Ant Man” filmindən tanıya biləcəyiniz Martin Donovan.

 

Bütün bunlara baxmayaraq serialın süjeti heç də ürəkaçan deyil. Unikal bir şey yoxdur. “Rotten Tomatoes” saytında 10 üzərindən 4.25, “Metacritic”də 100 üzərindən 33 bal alan serial IMDb bazasında 4.6 bala yiyələnib. Elə isə sual verə bilərsiniz – “niyə baxaq?”

 

 

Unikallığa qayıdaq. Kosmosdan gələn bir obyekti araşdıran NASA onun içinə girmək üçün ayrı, onun siqnal göndərdiyi π Kanis Macoris ikiulduzlu günəş sisteminə getmək üçün ayrı komanda təşkil edir. İki ayrı komandanın üzvləri olan Niko və Erik həmçinin uzaqdan münasibəti yaşatmalı, müxtəlif problemləri həll etməlidirlər. Bu süjetdəki hər bir hadisə demək olar başqa bir filmin təsiridir. Yəni, hekayə özündə indiyədək çəkilmiş bir çox elmi fantastik serial və filmin təsirini daşıyır. Tənqidçilər serialın tək müsbət yönü kimi Ketinin aktyorluğunu və vizual effektləri irəli sürüblər. Mənim gözümə ilk çarpan Alien filmlərindən bariz götürülmə oldu. Bir də spoyler olsa da deyim – π Kanis Macoris ikiulduzlu günəş sistemində yeni planetə çatılan səhnədə Malay arxipelaqının Sulavesi adasını olduğu kimi kopyalanması gözümdən qaçmaya bilməzdi.

 

Hekayənin bir də siyasi-ictimai yönü var. Dövrümüzün sosial mediasının əsas müzakirə mövzularından olan LGBT, feminizm, narkotika, videobloqqinq, iqlim dəyişikliyi kimi məsələləri qabardan seriala hücumlar bu yöndən də gəlirdi. Transeksual erməni həkim, biseksual rus mühəndis, bütün günü iPad ilə oyun oynayan, kosmosda potensial təhlükəli maddələrdən narkotik vasitə hazırlayan kosmonavtlar, bu kosmonavtlardan birinə aşiq olub emosional depressiyaya düşən süni intellekt, 250 milyon izləyicisi olduğu halda astrofizik alimlərlə mübahisələr aparan sarışın gözəl instablogger və senatorun oğlu olan zəif bir diplomat – başqa nə ola bilərdi ki? Bu şəxslərin hamısı da öz hekayəsində şəhərlərinin sular altında qalmasına işarə edir, serialın zaman dilimində iqlim dəyişikliyinə görə buzlar əriyib və dənizin səviyyəsi qalxıb. Serialda bütün əsas rolların qadınlara verilməsi mühafizəkarları qəzəbləndirən başqa bir nüans olub – “sonrakı seriyalarda nə olacaq, sosializm təbliği və karbon tullantılardan vergilər?”

 

Elmi fantastika məsələsində bütün dünyadan geri qaldığımızı düşünsək, rejissorlar və ssenaristlərimiz üçün tədqiq edilməli bir serial olduğunu düşünürəm. Ən azından, “serial necə çəkilməməlidir?” sualını cavablamış olarlar. Hə, bir də, biz nə vaxt öz elmi fantastikamızı çəkirik?

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir