Necə yəni Yemək bıçağı Dada Almaniyanın son pivə qarınlı Veymar mədəni dövrünü kəsir?

 Necə yəni Yemək bıçağı Dada Almaniyanın son pivə qarınlı Veymar mədəni dövrünü kəsir?

Hannah Höch. German, 1889-1978 Cut with the Kitchen Knife through the Last Weimar Beer-Belly Cultural Epoch in Germany (Schnitt mit dem Küchenmesser durch die letzte Weimarer Bierbauchkulturepoche Deutschlands). 1919-1920 Photomontage and collage with watercolor, 44 7/8 x 35 7/16” (114 x 90 cm) Staatliche Museen zu Berlin, Nationalgalerie © 2006 Bildarchiv Preussischer Kulturbesitz, Berlin, © 2006 Hannah Höch / Artists Rights Society (ARS), New York / VG Bild-Kunst, Bonn, photo: Jörg P. Anders, Berlin

Necə yəni Yemək bıçağı* Dada* Almaniyanın Pivə qarınlı Veymar mədəni dövrünü* kəsir*?

Ulduz 1. Yemək bıçağı, mətbəx. Ay qız, nə sənət, qabları kim yusun?

Hanna Höx – Gözəl Qadın (1920)

20-ci əsr, gündə bir cərəyan yaranır, sənətdə inqilablar, manifestlər, sərgi salonları, sənətçilər, testosteron dolu eqolar və muzalar. O muzalar ki, kişi həmkarları tərəfindən qeyri-professional, amma istedadlı həvəskar sənətçi kimi qəbul olunurdu. Məsələn, Hannah Höx (Hannah Höch), fotomontajın yaradıcılarından biri, gender bərabərliyinin dəstəkçisi, solçu dadaist, amma dövrünün kişi sənətçilərinin dili ilə desək “Dadaistlərin muzası” , “filankəsin sevgilisi”, “sendviç, pivə gətirən qız”. Lakin bununla yanaşı, digər və çox vacib bir həqiqət də var: Zəmanə – I Dünya müharibəsindən sonranın başı iqtisadi məsələlərə qarışmış Almaniyası. Veymar Respublikası. Əslində Veymar qadınlara seçki, bərabərlik hüquqları vermişdi, amma işin mənfi tərəfi bu idi ki, ümumi iqtisadi vəziyyət də qadınlara “ailə saxlamaq” vəzifəsini verirdi. Yeni Qadın açıqfikirlilik, müstəqillik, sosial və seksual azadlıq demək idisə, alman qadınlar kişi dominantlığı olan bir cəmiyyətdə o Yeni Qadın olmağı bacarmırdı. Hannah Höx Gözəl Qız (The Beautiful Girl) kollajında adı olub özü olmayan Yeni Qadını yaratmışdı. Başı bədənindən ayrılmış, çimərlik geyimində, çətiri əlində, başı lampayla dəyişdirilmiş – aydınlanmış Yeni Qadın. Ətrafında gözləri çıxarılmış bir qadın, mexaniki maşın hissələri və BMW loqoları – formal proqresiv qadın və sürətli inkişaf edən mexanika sənayesi qarşı-qarşıya. Ölkənin mədəniyyət mexanikası ya da “Dada Mexanikası”.

Ulduz 2. Dada, İzm, Sənət öldü, Yaşasın Tatlinin mexaniki saatı!

Hanna Höx – Yemək bıçağı Dada Almaniyanın son pivə qarınlı Veymar mədəni dövrünü kəsir (1919)

İddialarına görə müharibəyə səbəb olan klassizmə yönəlik məntiqi müasir mədəniyyətə provokativ sloqanlar, hərəkətlər ilə zərbə vurmaq istəyən müxalif sənətçilər birliyi. Yenidənqurma sənəti. Kollaj – al əlinə qəzet, jurnal, kəs, fraqmentləri yaxınlaşdır, məna qat, yapışdır. Məsələn belə: Yemək bıçağı Dada Almaniyanın son pivə qarınlı Veymar mədəni dövrünü kəsir (Cut with the Dada Kitchen Knife through the Last Weimar Beer-Belly Cultural Epoch in Germany). Fotokollajın tam mərkəzinə fokuslanaq: gövdəsiz qadın başı ekspressionist rəssam Kete Kolviçə, altındakı başsız bədən isə rəqqasə Niddi İmpekovenə məxsusdur. Yerləşdirilmə texnikasına baxın: tam mərkəzdə, sanki hər şey onların ətrafında dönür. Yuxarıdan aşağı endikcə görüntü seyrəkləşir, gərginlik azalır. Sağ-alt künc – Dadaistlərin bölgəsi: sənətçilər, kommunistlər, radikallar. Balerina bədəni üstündə iki dadaist Qeorq Qross və Viland Hertsfelde, daha aşağıda monokl geyinmiş Raul Hausman, bir gözü mexanizmlə dəyişdirilib, sanki Hannah 7 illik sevgilisinin mexaniki varlığa çevrilməsinə qarşı dirənişini əks etdirir.

Höx ümumi Dada estetikasını qorumaqla hərəkatın fəlsəfəsinə feminizmi də əlavə edirdi. Sağ-ən alt küncə Hannah Avropada qadınlara seçki hüququ verən ölkələrin xəritəsini əlavə edib, üstünə də kiçik ölçüdə öz başını kəsib yapışdırıb.

Kollajın Dada Propagandası adlanan hissəsi – sol-üst künc. Eynşteyn, rəqqasə bədənli Veymar respublikasının prezidenti və “Hey, sən, gənc oğlan, Dada bir sənət cərəyanı deyil!”

Ulduz 3. Yarısı solda, yarısı orta, yarısı anti!

Siyasi xaos dövrü. Vəziyyət belədir. Müharibədən sonra hakimiyyət dəyişib. Imperator Kayzer sürgün edilib. Təsadüfi Veymar Respublikası elan edilib. Radikal solçu Spartakistlərlə münaqişələr. Fray məhkəməsi camaata qan uddurur. Yemək bıçağının sağ-üst küncündə bu dağılma prosesini görürük, müharibədən sonrakı kontrast və tamamilə çöküş. Bütün siyasi aktyorlar, təzadlar və gərginlik. Bığları güləşçi ayaqları ilə dəyişdirilmiş Kayzer. Digər generalların başları üstündə dayanmış kimi görüntü yaradan rəqqasə bədənli generala baxın, alman müdafiə naziri Qustav Noskla danışır. Müharibəyə səbəb olan insanlar idi bunlar, itirilmiş güclərinin bərpasına çalışırdılar. Burjuadan qalan artıqlarla şişmiş qarınlar, hər şey almansayağıdır, elə pivə qarınlı olmaq kimi.

Tam mərkəzdə Leninin, Dadaist Yohannes Baader və kommunist partiya lideri Karl Radek. Radekin alman kommunistləri ilə sıx əlaqələri vardı, bu səbəbindən Hannah onu da Dada küncünə yerləşdirib. Və təbii ki, Karl Marks da var, ağzı açıq bir portretini seçib Höx, yanına da bir yazı yerləşdirib: Böyük Dada Dünyası! Marksdan bir az sağa sürüşsək, müasir sənət tənqidçisi Teodor Daublerin körpə uşaq bədəni ilə dəyişdirilmiş başını görürük. Mərkəzdə Alman kommunist liderlərindən biri Karl Libknext də var, 1919-cu ildə edam edilmiş Libknext “Dadaya qoşul!” qışqırır.

Ulduz 4. Nə ə g nə ə g gözəl.

Kəs, parçala, yapışdır, hökm sür. 1920-ci illərdən sonra Höx montajlarında ,əsasən, siyasət və Yeni Qadına fokuslanırdı. Montajlarında tez-tez istifadə etdiyi çılpaq, bədəndən ayrılmış ayaqlar Yeni Qadının gücünün simvolu idi. “Hər zaman eksperimental düşüncə tərzinə sahib olan” Höx Berlin Dadaçıları arasında yeganə qadın sənətçi idi, amma heç vaxt kişi həmkarları tərəfindən sənətçi olaraq qəbul edilmirdi. Əsərləri sərgilərdən rədd cavabı alır, hətta Berlin Dada tarixi kitabında adı belə çəkilmir. Bir çox kişi dadaistlər mədəni tabuları və baxışları dəyişdirmək haqqında böyük fikirləri olduğu halda, iş icraya gələndə heç bir şey etmirdilər. “Qadınlara qarşı ənənəvi maksulin yanaşmadan əl çəkmiş kimi görünsələr də, bu kişilərin heç biri adi bir qadınla kifayətlənmir. Froyd oxuyaraq, köhnə nəsilə qarşı mübarizə… Hamısı bu Yeni Qadını, onun azadlıq istəyini dəstəkləyirdi. Amma bu yanaşmanı qəbul etməyə gələndə, hamısı öz fikirlərini inkar edirdi. Bu kişilərin şəxsi həyatı tam olaraq Strindberq dramı idi.” Amma Hannah Höx öz tərzi, bob saçları, əsərləri, dada gəlincikləri, mübarizəsi və qayçısı ilə bütün bu qarma-qarışıqlığı kəsərək o Yeni Qadın olmağı bacarmışdı. Nə ə g nə ə g gözəl. Nə ə g gözəl ə g nə ə ə. Nə ə gözəl gözəl gö. Nə gözəl.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir