Ajax Loading Image

Bakı həm kapital axınında, həm də meqastar memarların cəlb edilməsində Dubay və neft bumu keçirmiş digər iri şəhərlər kimi son onilliklərdə xarici marağın yüksəlişini yaşayır. HOK-un inşa etdiyi Alov Qüllələrindən tutmuş, Zaha Hadidin əzəmətli Heydər Əliyev mərkəzinə qədər səs-küylü yeni tikililər şəhər üçün Avropaya fokuslanmış Azərbaycan hökumətinin fəxarətlə sahibləndiyi beynəlxalq imic yaradır.

 

Amma İv Blaunun Alman Arxitektura Muzeyi (DAM) tərəfindən təsis edilən DAM Memarlıq Kitab Mükafatının 2019-cu ildə laureatı olmuş və İvan Baanın fotoessesini sərgiləyən yeni araşdırması “Bakı: Neft və Urbanizm”​ kitabında göstərdiyi kimi, bu müasir reallıq Sovetəqədərki dövrdə ilk neft bumu zamanı dünyanın bir nömrəli neft istehsalçısına çevrilmiş regionun urbanistik və intellektual mühitini səciyyələndirən dinamik kosmopolitizmdən xeyli uzaqdır. Yeni inkişaf yolu şəhərin Sovetlər üçün urbanistik innovasiya və təcrübə mərkəzi olduğu dövrə nisbətən daha zəif vahid planlama ilə həyata keçirilir. Bunun yerinə indi Bakı əvvəllər şəhərin əksər urbanistik planlamasını  neft sənayesinə məxsus proseslər yoluyla diktə etməkdənsə, daha çox neft gəliri​​ hesabına baş verən inkişaf nümunəsinə çevrilib.

 

İsveçli silah istehsalçıları Robert və Ludviq Nobel qardaşlarının 1870-ci illərin əvvəllərində Azərbaycana gəlişi o zamana qədər, əsasən, dövlətin neft quyuları və ehtiyatları üzərində olan monopoliyası səbəbilə zəif inkişaf etmiş neft sənayesi sahəsində inqilab yaratdı. Onların gətirdiyi əsas yeniliklər Rokfellerin “Standart Neft Şirkəti”ndən götürdükləri araşdırmaları yerli mühəndislərlə paylaşmaq, və Bakının neft sənayesinin uğurlu şaquli inteqrasiyası idi. Amma gəlirlə yanaşı olaraq, onlar, həmçinin, işçiləri yaşayış və təhsillə təmin edərək, neftlə sıx əlaqədə olan urbanistik planlama anlayışını təqdim etdilər. Onlar həm də “idarəçilər və onların ailələri üçün içində məktəblər, kitabxana, bilyard zalı, görüş otaqları və Bakıdakı ilk telefon da daxil olmaqla geniş texniki və mədəni infrastruktur”u birləşdirən özlərinin inşa etdiyi Bağ Şəhəri – Villa Petrolea (Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsi) ərazisində ictimai park tikdilər.

 

Urbanizm və neft sənayesinin bu cür sintezi digər quruculuq işlərinə təsirsiz ötüşməyib, bunların ən qabarıq nümunəsi 1800-cü illərin sonlarında əsası qoyulmuş Qara Şəhərdir. Rusiyada həm rayonlaşdırmanın ilk nümunəsi, həm də ilk “planlaşdırılmış sənaye ərazisi” olan Qara Şəhər urbanistik və neft-istehsalı praktikası arasında gedən bilik alış-verişinin ilk aşkar nümunəsi, habelə, onlara xas olan məkan məntiqinin kəsişmə nöqtəsi olub. Burada neft sənayesinin tərkib hissələri – boru kəmərlərindən və anbarlardan tutmuş, çənlərə və dəmiryollarına qədər hər şey şəhərə uyğunlaşdırılıb.

 

Blaunun da təsvir etdiyi kimi, Qara Şəhərin planlaşdırması “sıx şəhər toxumasında inkişaf etməkdə olan neft sənayesini məntiqi əsaslandırmaq məqsədilə neft istehsalı cihazlarını ənənəvi şəhər blokuna sığışdırmaq və blok daxilində sənayenin yararsız infrastruktur və zərərli yan məhsullarını ənənəvi şəhər emalatxanasının müntəzəm həyət evində təşkil edilməsinə cəhd edib. Baxmayaraq ki, Qara Şəhər antisanitar və ümumilikdə baxımsız vəziyyətdə idi, neqativ yaşayış şəraitini daha da kəskinləşdirən ərazinin ifrat sıxlığı, həmçinin, düşüncə müxtəlifliyini bəsləməkdə mərkəzi rol oynayırdı. Ortaya çıxan sosial və intellektual gərginlik yenilikçilik və düşüncə istehsalına və sonradan Bakıda və başqa sıx məskunlaşmış ərazilərdə neft sənayesi qurmağa olan xarici marağı zəiflədən siyasi qarışıqlığa təkan verdi.

 

1880-ci illərdə neft sənayesi sahəsindəki qəfil partlayışa xas olan tələm-tələsik tikinti psixologiyasının hesabına, habelə, neft baronlarının özünütəsdiq məqsədinin nəticəsində tikintilər başladı. İndi hökumət neftlə bağlı sərbəst bazar (“laissez-faire”) siyasəti yürüdür və baronlar neftin tapıldığı torpağa və beləliklə də, onun altından çıxarılan neftə sahiblik edirdilər. Amma rusların müsəlmanlara qarşı apardığı diskriminativ siyasətə görə dövlət məsələlərinə qarışa bilməyən baronlar öz təsirlərini “yumşaq güc” vasitəsilə tətbiq etməyə məcbur olurdular. Onlar yerli sakinlərə və Azərbaycan mədəniyyətinə böyük teatrlar, məktəblər, parklar, qəzetlər, xəstəxanalar, xeyriyyə təşkilatları, muzeylər və bu kimi başqa müəssisələrin qurulması ilə dəstək verirdilər. Bu növ müəssisələr Bakının “Xəzərin Parisi” – “Ağaclarla düzülmüş geniş bulvarları, dənizkənarı meydanı, əzəmətli ictimai binaları, geniş yeni limanları, elektrik enerjisi və müasir kommunikasiya şəbəkələri olan Avropa şəhəri” kimliyinə öz töhvəsini verirdi.

 

Neft 1918-ci ildə “Sosialist İnsanın Şəhəri” anlayışı icad edilmiş Sovetlər Birliyi dövründə rus şəhərsalmasında müstəsna təsirini qoruyub saxlayacaqdı. Belə bir dizayn şablonuna olan ehtiyac Engels və Marksın şəhər anlayışına, onun sinfi konflikt məkanı olması daxil olmaqla, çoxsaylı səbəblər üzündən olan əleyhdarlığından qaynaqlanırdı. İlk Baş Plan şəhəri yenidən tərif edərək regionları onun tərkibinə qatır – Bakı üçün bu, Abşeron yarımadası demək idi. Onun dizaynı isə öz növbəsində, respublikanın Bakı neftindən asılılığı səbəbilə ərazi boyunca aparılan torpaq tədqiqatları və başqa araşdırmaların sayəsində mümkün idi.

 

Bu Baş Plandan ortaya çıxan diqqətə laiq eksperimentlərdən biri  “neft çıxarma və emalı ərazilərinin arasında strateji” mövqedə yerləşən və “Yaşıllıq ərazilərinin və ictimai müəssisələrin ətrafında cəmləşmiş bina evlərindən” ibarət nəhəng yaşayış məskənlərindən istifadə edən Ermənikənd idi. Bu ictimai müəssisələrə çoxsaylı “kollektiv istifadə üçün nəzərdə tutulmuş açıq məkanlarla yanaşı”, texniki və akademik bazalar, muzeylər, teatrlar, habelə, marketlər, rayon məktəbləri, icma binaları, univermaqlar, klublar və idman meydançaları daxil idi.

 

Toplu şəkildə bu yeni məkanlar “kommunal məntiq” diktəsi ilə edilən planlama üçün nümunə rolunu oynayırdı. Maksim Qorki bu gedişdən xeyli təsirlənərək 1928-ci ildə işçilərin Bakının mədəni həyatına olan inteqrasiyasını tərənnüm edib. Bu məntiq bütün Sovet dövrü ərzində davam etdirilərək, gələn hər növbəti liderin regionda yeni şəhərsalma eksperimentləri aparmasına yol açıb – məsələn, 1949-cu ildən fəaliyyətə başlamış dünyanın ilk ofşor qazma müəssisəsi olan Neft Daşları məktəblər, kitabxanlar, dükanlar, çörəkçi, klinika, kinoteatr, idman zalları və tərəvəz bağçaları ilə birləşən beş və doqquz mərtəbəli binalarda minlərlə neft işçisini məskunlaşdırırdı.

 

Post-sovet dövründə, qismən Sibirin ölkənin neft mərkəzinə çevrilməsi səbəbi ilə Bakıda bir zamanlar çiçəklənən neft sahələrinin bir çoxu istifadəyə yararsız hala gəlmişdi. Buna baxmayaraq, əvvəlki əsrin irsinin bir hissəsi “Sovet neft sənayesində araşdırmaya, alim və mühəndislərin bacarıqlarına verilən dəyərdən” tutmuş, daha kritik və Bakının hər tərəfində “geniş urbanistik və institusional infrastrukturun qurulması ilə nəticələnən neft işçilərinin həyat səviyyəsinə verilən dəyərə” qədər qorunub saxlanmışdı. Blaunun əsaslandırdığı kimi, “Sovet dövrünün regionda ən önəmli irsi 1920-ci ildə başlamış – neft və şəhərsalmanı birgə planlama məqsədi şəhərdə yaşanılan sosialist təcrübəsinin formasını müəyyənləşdirən urbanistik və sənaye eksperimentidir.

 

Blauya əsasən, günümüzdə Bakının şəhərsalma strategiyasını diktə edən ideologiya həmin irsin gözləntilərini doğrultmur. Baxmayaraq ki, xaricilər şəhərin neft sənayesinə külli miqdarda investisiya yatırır, bu növ fəaliyyətlər dinamik şəhər mühitinin inkişafına təkan verən fikir və bilik mübadiləsi ilə müşayiət olunmur. Oxşar şəkildə xarici memarların bolluğu, bir zamanlar əhalisini azərbaycanlılardan daha çox xarici vətəndaşların təşkil etdiyi şəhərin kosmopolit təbiətini gəncləşdirmək yolunda uğurlu nəticələr vermir. Baxmayaraq ki, şəhərdə yaşıl sahələr və ictimai məkanlar mövcuddur, Blau göstərir ki, bunlar əvvəlki dövrlərə zidd olaraq, Bakı əhalisinin zənginləşdirilməsi məqsədini daşımır. Bunlar əvəzində sadəcə beynəlxalq imicin proyeksiyası məqsədini daşıyan yüksək mərtəbəli və parıldayan binalara tamaşa etmək üçün məkan funksiyası daşıyır. Bu növ idxal edilmiş beynəlmiləlçilik Bakının urbanistik parçasından toxunulmayıb və onunla əlaqədə deyil.

 

Bakının fərqli inkişaf mərhələlərinin – “erkən kapitalist, sosialist və post-sovet dövrlərinin” memari izləri tarixi məhv etmək yönündə atılan bütün cəhdlərə rəğmən inadla varlığını qoruyub saxlayır. Neft infrastrukturu günümüzədək enerji və su dövranı üçün istifadə olunan və “şəhər küçələrinin içindən, altından, üstündən keçən, binaların içinə girən və ətrafına dolanan, qaraj və məhəllə yollarının üzərindən qəfəsvari arkalar yaradan, pəncərələri və qapıları çərçivələyərək” bütün şəhəri bürüyən boruların vasitəsilə şəhərə nüfuz edir. Onlar insan və düşüncə müxtəlifliyinə dayaq ola biləcək məntiqi, istifadəyəyararlı və sıx koordinasiya edilən birləşdirici toxumaya olan ehtiyaca işarə edən xatırlatma rolunu oynayır. Nə də olsa, şəhər formasına məxsus bu qeyri-stabillik Bakının daim təkamüldə olan yenilikçiliyini təhrik edən mühərrik rolunu oynayıb.

Tərcümə

Yaşar Polad

MənbəMənbə
Tags: