Ermənilər tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələri – 3

Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılmış, bütxana-ziyarətgaha çevrilmişdir. XIII əsrdən XIX əsrəcən Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.

Bu dəyərli abidənin memarlığında Səlcuqlar,  xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir. Dünya əhəmiyyətli belə möhtəşəm abidə də erməni vandalizminin qurbanına çevirilib. Belə ki, ermənilər 2012-ci ildə bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başlamışdılar.

Laçın rayonu ərazisində müharibə zamanı dağıdılmış daha bir abidə Hüsülü (Soltanlar) kəndindəki Soltan Əhməd sarayıdır. Sultan Əhməd sarayı 1761-ci ildə inşa edilmişdir.

Rəvayətə görə, Zəngəzur vilayətinin bir hissəsi uzun illər bu mərkəzdən idarə olunmuşdur. Vaxtı ilə burada iki saray kompleksi olub. Bu sarayların birincisi “Soltan Əjdər”, ikincisi “Həmzə Soltan” adlanır. Müşahidə zamanı kompleksin uçuqları arasında sarayın ətrafı qalın qala divarları ilə çevrələndiyi açıq görünür. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olmuşdur. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir.

Sultanlar kəndinin bütün əraziləri, kurqanları, bədii daş nümunələri, türbələr və daş heyvan fiqurları ilə zəngindir. Ərazidə orta əsrlərdən qalma su dəyirmanlarının qalıqları da var. Ermənilər bu əraziləri işğal etdikdən sonra abidənin ümumi görünüşündə dəyişiklik etmiş, abidəyə bitişik evlər tikmiş, kənd qəbistanlığından at və qoç fiqurlarını gətirərək abidənin həyətinə qoyublar.

Xudafərin körpüləri Şimali Azərbaycanı İranla birləşdirən, Azərbaycanın Cəbrayıl rayonunu ərazisində yerləşən körpülərdir.

15 aşırımlı Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən inşa olunub. Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 aşırımdan ibarətdir və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hər iki körpü İpək yolunun üzərində yerləşir.

Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi tikdirmişdir.  Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi “Kilid” adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı “Qıfıl-kilid” olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.

Ermənilərin “Tiqranakert”  adlandırdıqları Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəzi kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunsa da, sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib. Tarixi mənbələrdə göstərilir ki, “Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 km aralıda indiki Şah bulağı adı ilə məşhur olan bulağın yaxınlığında bir saray kompleksi tikdirməyi öz şəxsi təsəbbüşü kimi irəli sürmüşdür”. Lakin sonralar Pənahəli xan bu qalanın düşmən təcavüzünə davam gətirə bilməyəcəyini düşünərək bir müddət sonra Bayat qalasını, daha sonra isə Şuşa qalasını inşa etdirərək sonuncunu xanlığın mərkəzinə çevirmişdir.

2016-cı ildə abidənin giriş qapısının önünə sağ və sol tərəfi oval xarakterli tikinti quraşdırılmışdır ki, bu da abidənin keçən əsrin əvvəllərində çəkilmiş layihə smeta sənədlərində öz əksini tapmır.

Bu məqalə Ermənistanın işğalı altında olduğu 30 il müddətində Azərbaycan mədəniyyəti və tarixinə hörmət edilmədən dağıdılmış, konstruksiyası dəyişdirilmiş, saxtalaşdırılaraq dünyaya erməni abidələri kimi təqdim olunan memarlıq nümunələri haqda hazırlanmış 3 hissəli materialın sonuncu hissəsidir. Araşdırmanın müəllifi Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovdur.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir