Cin və Travma?

 Cin və Travma?

Əgər bir əsr əvvəl ailə üzvləriniz sizi otağınızda öz-özünüzlə danışarkən tapsaydı, kibirli mollaların buna cavabı sizin bədniyyətli cin tərəfindən vurulduğunuz olardı. Xoşbəxtlikdən, bu günlərdə müasir psixologiyanın bu vəziyyətə daha az qorxulu bir cavabı var: travma. Hətta qayğıkeş valideynlər tərəfindən xoşbəxt bir ailədə böyüdülmüş olsanız belə, travmatik hadisələrin təsirindən yan keçməyiniz az qala mümkünsüzdür, çünki məktəbdə qəddar bir sinif yoldaşınız sizi bulinq edə bilər, boşanma ərəfəsində olan müəlliminiz sizə axmaq deyə bilər və ya güvənli arxa oturacaqda yuxulayarkən bir anda qəzaya düşüb valideyininizi itirə bilərsiniz.

Sonrakı illər hər şeyi geridə qoyub normal həyat yaşayırıqmış kimi görünə bilərik. Kənardan baxanlar bizi normal biri kimi qiymətləndirir, hətta öz uşaqlarına nümunə göstərirlər. İşbazlığımız onlara uğur kimi gəlsə də, əslində, bunun bizi sevdiyini deyən insandan qaçmaq üçün müdafiə mexanizmimiz olduğunu görmürlər. Alış-veriş və ya siqaret aludəçiliyimiz bərdxərclik, çox yemə vərdişimiz isə üstümüzə tənbəllik kimi “etiketlənir”. Bu vəziyyətdə insanlara aclığımızın, əslində qarnımızdan yox, ürəyimizdən gəldiyini başa sala bilmirik, çünki ehtiyacımız olan mənəvi qidanın marketdə olmadığının heç özümüz belə fərqində deyilik.

Beləcə, uzun bir müddət bunun da həyatın bir parçası olduğunu sanaraq yaşayırıq. Çətin oldu, lakin sonda həyatın filmlərdəki kimi olmadığını anlamışıq və dünyada bizim problemimizdən dahar ağır dərdli insanların olduğunu bilirik. Dostlarımızla yaxşı vaxt keçiririk, gülürük və həftəsonları qədəh toqquşdururuq. İşimiz bir az yorucu, bir az da darıxdırıcıdır – daha doğru kəlimə nifrətedicidir, amma biz belə deməyi seçirik. Çünki həm işini sevib, həm də yaxşı pullar qazanmaq düşüncəsi bizim üçün imkansızdır. Eynilə daxilimizdəki boşluğu, lap dərinlərdəki narahatlığı və öz-nifrəti görməyin azqala imkansız olduğu kimi.

Hər şey normal idi və ya elə görünürdü. Lakin illər sonra bir gün, daha çox dözə bilməyib kəndiri buraxırıq və düşüşümüz başlayır. Bu işdə etdiyimiz bir səhvdən, xəstəlik diaqnozundan və ya yoldaşımızın – o insan ki, bir ömür keçirəcəyimizi düşünürdük boşanma qərarından sonra başlamış olsa da, əslində biz həmişə problemin “orda” olduğunu bilirdik. Keçmişdən bir tərəfimiz – o balaca uşaq həmişə görülmək üçün ağlayırdı, amma ora getmək, istədiyimiz ən son şey idi.

Belə olan halda ağ bayrağı qaldırıb o balaca uşağın cinlə birgə qapımızı döydüyünü qəbul etmək ən düzgün şey olardı. Lakin bir çoxlarımız üçün cinimizi, yəni travmamızı görmək o qədər də asan deyil. Buna görə də bir incəsənət adamı kimi sənətin terapevtik təsirini nəzərə alaraq, insanları “cinlərini” görməyə daha əvvəldən hazırlaya biləcəyimizi düşünürəm. Bu mövzuda bir müddət əvvəl tanıdığım rəssam Zöhrab Salamzadənin əsərləri köməyimizə gələ bilər.

Uzun illərdir bir çox qorxu filminə mövzu olmuş bu varlığı Z. Salamzadənin əsərlərində az qala yenidən tanıyırıq. Bu rəssamın tablolarında cinlər bir psixoloqun yumşaq divanında keçmişimizə etdiyimiz səyahətlər qədər təhlükəsiz və güvənli görünür. Sanki bizlərə hələ görmədiyimiz, amma görməyə qorxduğumuz şeylərin o qədər də dəhşətli olmadığını deyir.

Əgər bu əsərlərdə cinlərin bizə xatırlatdığı bir şey varsa, o da ümiddir. O ümid ki, bizə bu dünyada tək olmadığımızı deyir. O ümid ki, bizə travmalarımızla dostlaşıb onu necə öz xeyrimizə istifadə edə biləcəyimizə çağırır. O ümid ki, beynimizdəki düşməni susdurub bizi indiki ana çağırır.

Əminəm ki, Z. Salamzadə bu şəkilləri yaradarkən travmanı fikirləşmədiyi kimi, depressiyada olan insanlar da bu şəkillərə baxıb möcüzəvi bir şəkildə sağalmağa qərar verməyəcəklər. Lakin bircə dəfə incəsənəti şərh etməyi öyrəndikdən sonra bu əsərlərin bizə nə deməyə çalışdığını anlaya bilərik: həyatı uşaq gözü ilə qeyri-ciddi, əyləncəli, oyun kimi görməyə başladığımız an çiyinlərimizdəki yük də azalmağa başlayacaq. Başqa sözlə bizi xislətimizdən ayrı salan, uşaq vaxtı öhdəsindən gələ bilmədiyimiz “cin”in bizə nə dediyini anlamağa çalışmağın vaxtıdır.

Cinlər, yəni travmalarımız qorxuducu varlıqlar deyil, sadəcə bəzi şeylərin dəyişməsində daha israrlı və daha zəhlətökəndirlər. Bu perspektiv bizim təsəllimiz, şərh etdiyimiz şəkil isə xatırladıcımız ola bilər.

Bəlkə bundan sonra bir gün, özümüzdə keçmişə gedib yaralı tərəfimizi görmək cəsarəti tapa və güvəndiyimiz psixoloqa zəng edib travmalarımıza güzgü tutması üçün bir seans ala bilərik. Və kim bilir, bəlkə bir gün biz də, aşağıdakı qoca kimi cinimizi iradəmiz altına alaraq rahat nəfəs almağa başlayarıq.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir