Əhalinin şeyi

 Əhalinin şeyi

Bir neçə il öncə sıravi Azərbaycan vətəndaşının “əhalinin şeyi” (əhalinin şeyi ilə oynanılmaması haqqında imzalanan psevdo-fərman) ilə əlaqəli etdiyi məşhur və qalmaqallı açıqlamadan sonra bir çox dünya və əsasən də qərb politoloqları, siyasi araşdırmaçıları bu sirrli “şeyi” axtarmağa başlamışlar. “Playboy” jurnalının zəhmətkeş redaksiya heyəti “əhalinin şeyini” sağ-salamat formada tapan bəxtəvər üçün mükafat təsis etsə də, heç kim bu şeyi tapmır ki, tapmır. Dünya alimlərindən ibarət xüsusi kommisiya yaradılır və Azərbaycana göndərilir – göndərirlər ki, “gedin, baxın, tapın o şeyi və oynadanını”. Çün` məntiqlə düşünsək, “oynadan” tapılarsa, deməli oynadılan “şey”in də tapılma ehtimalı artır, yaxud da tərsinə.

İnsanları maraqlandıran suallardan biri “əhalinin şeyinin” ölçüsü, təhlükəli olub olmaması idi – bilmək olmaz, bəlkə zibilə qalmış “şey” terror təhlükəlidir? Tapdın, başladın oynatmağa, o da, eləmə tənbəllik, əlində partladı.

Ola biləcək təhlükəli və gözlənilməz sonluğa baxmayaraq “şeyaxtaran” kommisiya heyəti Bakıya uçur. Hava limanından birbaşa şey axtarışına başlayırlar. Məlum məsələ, bu axtarış hüquq-mühafizə orqanlarının gözündən yayınmır və axtarışın ikinci günü “şeyaxtaran” alimlər qrupunu tutub şöbəyə basırlar. Niyə? Ay qardaş, adam da Bakıda küçə-küçə, tinbətin gəzib “how can we find a shey or how can we find a shey-player” sual ilə də “şey” axtarar heç?

Şöbədə rəislə danışan komissiya rəhbəri olan alimciyəz elan edir ki, onlar adi şey deyil, “əhalinin şeyini” axtarırlar. Ömrü boyu belə “şey”lə tanış olmayan polis rəisinin səyi nəticəsində saxlanınanlara qısa mentalitet kursu keçirilir. Daha sonra bir neçə xarici səfirlik və konsulluqdan zəng gəlir, nəticədə “şeyaxtaran” alimlərdən ibarət kommisiya üzvlərini azad edirlər. Amma azad etməzdən öncə xəbərdar edirlər: “belə iriçaplı “şeyi” Bakıda çox baha qiymətə tapmaq olar, yaxşı olar Hollandiyaya getsinlər, deyilənə görə oralarda hər cür şey-zad tapmaq olar”. Alimlər heç nə başa düşməsələr də təşəkkür edib şöbəni tərk edirlər.

“Əhalinin şeyi” barəsində düşünən və onu axtaranlar özlərinə sosial şəbəkədə qrupxana açır, səhifə yaradırlar. Təşəbbüskar könüllülər həmin tarixi əhəmiyyətli müsahibəyə bir neçə dəfə baxdıqdan sonra özləri üçün aydın edirlər ki, “şeyoynadan” nə az, nə çox, adi, vicdanlı, sıravi bir məmur olubmuş, sadəcə bir səhv edib başlayıb əhalinin şeyi ilə oynamağa. Amma vaxtında imzalanan fərman onu sakitləşdirib. Deməli, əgər həmin məmuru tapmaq mümkün olsa, “əhalinin şeyi”ni tapmaq da bu qədər araşdırmaçıya qismət olar. Azərbaycana ezam olunan “şeyaxtaran” kommisiyanın bədbəxt üzvləri isə qalmaqallı açıqlamanı etmiş qazaxlı müsahibi tapsalar da, kişi heç nəyi xatırlamadığını, ümumiyyətlə, hər növ şeydən uzaq olduğunu söyləyir.

“Əhalinin şeyini” axtaran Somali piratları təsadüfən İngiltərə gəmisini girov götürürlər. ABŞ qoşunları isə “əhalinin şeyini” tapmaq üçün əvvəl İraqa, sonra Liviyaya, sonra isə Suriyaya girirlər. Hollivudda isə baş rolda Canzel Başındon və Xuyonito Maykılın oynadığı “Əhalinin şeyi” adlı bloqbaster işıq üzü görür. Hətta Mars planetində də “əhalinin şeyi”nin izini axtarırlar.

Nəticədə “əhalinin şeyinin” axtarışı uğursuzluğa düçar olur – xalqımız qətiyyətlə “şeylə” bölüşmür və qəhrəmancasına bu sirri qoruyur. O vaxtdan bəri artıq heç kəs “əhalinin şeyi” ilə oynamır; oynayanlara isə izah olunur ki, oynamasınlar.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir