Luna

 Luna

Sən heç ağlayan ay görmüsənmi? Mən görmüşəm.

Keçən gecə səmada nə bir ulduz, nə də Ay vardı. Qəzəbli boz buludlar toqquşdu, daşdı, yağış yerə çiləndi, torpağı qarışdırdı və onun xoş qoxusu buludlara qədər qalxdı ki, göydəkilər də onu qoxlaya bilsin. Daha sonra külək gəldi və yenidən dolub daşana qədər səyahət etsinlər deyə buludları uzağa qovdu. Onlar rahatlaşmış və yüngülləşmiş şəkilldə süzülə-süzülə səmada yox oldular.

Həmin ara göydən Yerə Ay boylandı. Mən onun üzündə hüzn gördüm və dərdinin nə olduğunu soruşdum. Ay mənə dərdini danışdı. Dedi ki, o, öz gözyaşlarını buludlarla silib. Səma əhli onu incidib, deyib:

— Ay, məgər sən nəyinləsə öyünə bilərsən? Nə Yer qədər bərəkətli, nə Günəş qədər parlaq, qüdrətli ,nə də digər planetlər kimi sirrli, rəngarəng və yaraşıqlı deyilsən. Sənin öz işığın belə yoxdur! Ancaq Günəşə heyranlıq duyub onun işığını əks etdirirsən, Yerin başına dönürsən , amma o yenə də səninlə maraqlanmır. De görək, sən nəyə lazımsan?

Yazıq Ay isə verməyə bir cavab tapmayıb və ağlamağa başlayıbmış.

Mən Ayın solmuş,sararmış üzünə, arıqlamış gövdəsinə baxdım. Danışdığı hadisə məni çox təəccübləndirmişdi. Məgər Ay öz gözəlliyini görmürdü?

Onda mən Ayı səslədim və ona fısıltıyla izah etməyə başladım. Hətta mənə elə gəldi ki, o məni daha yaxşı eşitmək üçün azca aşağı da əyildi:

— Ay, sənin gözəlliyinə söz ola bilməz. Amma səni sevməyimin səbəbi heç də bu deyil. Deyirlər faydasızsan? Sən olmasan bu gözəl yay , payız, qış və yaz olmayacaqdı. Bir gün soyuqdan donacaq,o biri gün istidən nəfəssiz qalacaqdıq. Əlbəttə, belə olduqda gözəl təbiətimiz, heyvanlar da dözməyərək məhv olacaqdı və mən çox sevdiyim yasəmənləri gülqabında saxlaya bilməyəcək və hər səhər onları gördükdə gözüm, könlüm açılmayacaqdı. Çox sevdiyim pişiyim Maffini bir də görməyəcəkdim! Sən olmasaydın, dənizlər daha yırğalanmayacaqdı, onda sahildə gəzərkən ayaqlarımızı qıdıqlayan dalğalar olmayacaqdı. Günlər qısalıb 18 saat olacaqdı və biz heç bir işi bu qədər qısa vaxtda çatdıra bilməyəcəkdik. Qasırğalar, fırtınalar dünyamızı ələ keçirəcəkdi! Sən olmasaydın, mənim doğum günüm də olmayacaqdı! Hələ Günəş təqvimindən çox-çox əvvəl insanlar sənə baxıb təqvim yaratmışdılar. Sənə çirkinlik qatdığını düşündüyün o yaralar var ha – kraterlər – onları yaradan meteorların çoxu bizim dünyamıza dəyə bilərdi. Sənsə əsl qəhrəman kimi bizi qoruyursan! Sən dünyanın başına onun diqqəti üçün dolanmırsan! Sən olmasan dünyamız yolunu itirə bilərdi! Sənin o qədər faydan var ki! Sənin gözəlliyini necə sevməyə bilərlər?!

Ay dediklərimdən təsirlənmişdi. Təəccüblü deyilmi, Ay olasan amma öz gözəlliyinin, öz faydalılığının fərqində belə olmayasan?

Yatmağa gedərkən Aya onu çox sevdiyimi, əla dost olduğunu dedim və buğlu pəncərəmin üzərində onun üçün bir qəlb çəkdim.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir