Upgrade (2018)

 Upgrade (2018)

Upgrade filmi iyun ayında bütün dünyada debütünü edib. Təbii ki, yerli kinoteatrlardan gözləyə biləcəyimiz performans bizi yanıltmadı – bu film Bakıya gəlmədi. Amma mən bu yaxınlarda filmi izləməyə imkan tapdım – çox təəssüflər olsun ki, internet vasitəsilə.

 

Baş rolumuz Loqan Marşall-Qrin daha əvvəl “Spiderman Homecoming” və “Prometheus” filmlərində uğurlu çıxış edib. Çox güman 2015-ci ildə çəkildiyi “Dəvət” qorxu trillerini izləyib, onu öz filmlərinə “dəvət” ediblər.

 

Upgrade bizim alışdığımız tipik qorxu filmi deyil. Bizim alışdığımız elmi fantastika filmi də deyil. Amma təbii ki, insan bədəninə qəssab gözüylə baxılıb. Yoxsa filmin nə dadı-duzu?

 

Avstraliyada çəkilən filmin hekayəsi çox da uzaq tarixdə baş vermir, əsrimizin ortalarına təsadüf etdirilib. Bununla belə nəzərə çarpacaq dərəcədə texnoloji yeniliklərin olmadığını da görürük. Ən azından, Mur qanunu1 pozulur. Bununla belə transhumanizm dövrü də çoxdan başlayıb.

 

Transhumanizm mövzusu əslində geniş işlənmiş mövzudur. Belə ki, Den Braunun “Inferno”sundan tutmuş “Ironman” filminəcən tədqiq edilmiş bu qavram çox məşhurdur. İnsanların öz bədən üzvlərini daha yaxşı texnoloji alətlərlə dəyişdirilə biləcəyini irəli sürən transhumanistlər inanırlar ki, məhz beləliklə “üstinsan”a çatacaqlar – intellektual və fiziki cəhətdən daha üstün olacaqlar. Kubrikin “2001: A Space Odyssey”i, Kaloqridisin “Altered Carbon”u, hətta “Avatar” filmi və “Doctor Who” kimi məşhur serial belə bu mövzuya müraciət edib. Texnologiyanın inkişafı bu barədə müzakirələri də səngitməyəcək kimi görünür.

 

Upgrade tam da bu mövzuları işləyən filmdir. Əgər yuxarıda adını çəkdiyim filmləri izləmisinizsə, transhumanizm və elmi fantastika ilə maraqlanırsınızsa, zövqünüzə bir az qorxunu da qatıb Upgrade-i yoxlamalısınız. Əlbəttə, “Saw” (Mişar) filminin yaradıcılarının əsəri olduğu üçün filmdə yumor və satira da unudulmayıb. Film o qədər bəyənilib ki, prodüser Ceyson Blum davamının çəkilməsi barədə düşündüyünü də qeyd edib.

 

Bizim məsləhətimiz odur ki, davamına gecikmədən filmi izləyəsiniz. Treyleri izləyərkən görəcəyiniz Loqan Marşallın xarizması və bənövşəyi spektrumlu sintveyv dalğasının cazibəsi onsuz da çətin ki, sizə başqa seçim versin. Film haqqında isə spoilersiz danışmaq mümkün deyil.

 

[1] Adını Intel şirkətinin həmtəsisçisi Qordon Murdan alan və onun tərəfindən irəli sürülən ideyaya görə – loru dildə desək – texnologiya hər il 2 qat inkişaf edir.

Upgrade

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir