Karlovı Varıda nə var, nə yox?

 Karlovı Varıda nə var, nə yox?

Kanna səyahətim barədə daha öncə yazmışdım. Gözləmədiyim bir anda çoxdan arzuladığım şansı əldə edib kino aləminin Fransız bayramına yollanmışdım, xeyli gəzib-dolanıb, bir çemodan təəssüratla geri qayıtmışdım. Bu dəfə isə işimi şansa saxlamayıb, başqa festivallarda nə baş verir deyə düşünərək yığışıb Çexiyanın ən mötəbər kinofestivalına yollandım.

 

Ümumiyyətlə, Çexiyada kino sahəsinə, festivallara maraq yüksəkdir. Demək olar ki, il ərzində ölkənin müxtəlif şəhərlərində onlarla festival keçirilir. Bekar adamlardır da, o qədər işin-gücün arasında üstəlik uşaq və gənclər üçün də kinofestival yaradıblar, özü də 58 ildir ki, bu festival dünyanın kiçik yaşlılar üçün olan ən böyük kinofestival statusunu qoruyur. Nə yalan deyim, on il cavan olsaydım, sözügedən Zlin film festivalında mütləq iştirak etməyə can atardım.

 

Xülasə, Karlovı Varının yolu paytaxt Praqadan keçir, avtobus biletimi alıb iki saata kurort şəhərinə çatdım. Çoxları Karlovı Varıya müalicəvi sulara görə üz tutsa da, yayın ortasında burada xüsusi kino abu-havası tüğyan edir, şəhərə ayaq basan kimi özünü güzgünün arxasındakı dünyaya düşən Alisa kimi hiss edirsən. Güzgü arxasından fərqli olaraq bu dünya şahmatvari deyil, burada hər tərəf 53-cü dəfə keçirilən festivalın brend rənglərinə uyğun olaraq qara-qırmızı rənglərlə bəzədilib.

 

Həmin rənglərdəki yaxa nişanlarını üzərində gəzdirən çoxsaylı kino adamlarını təqib edərək festival mərkəzinə çatdım. Vaxt itirmədən mərkəzdəki kassadan özümə yaxa nişanı – festivala giriş kartı almağa qərar verdim. Onu da qeyd edim ki, Karlovı Varı Film Festivalı təşkilatçılığının müsbət cəhətlərindən biri də odur ki, öncədən akreditasiya olmadan da, burada müxtəlif səlahiyyətlər verən keçid kartlarını pulla almaq mümkündür. Məsələn, bütövlükdə festival davamlılığını əhatə edəcək 9 günlük kartı təxminən 90 AZN, tələbə kartı ilə isə 70 AZN-ə əldə etmək mümkündür. Bu kart hər festival günü kart sahibinə 3 müxtəlif seansa bilet əldə etmək imkanı, müxtəlif görüş və master-klasslara keçid, festival məkanlarına və partilərə giriş icazəsi verir. Əgər şanslı olub gündəlik üç biletinizi əldə etmisinizsə, hələ də digər seanslara giriş imkanınız var, sadəcə seansdan 2 saat öncə məkana gəlib növbəyə durmalısınız.

 

Bəli, əlbəttə ki, festivalların müqəddəs ayini – “növbə”siz heç bir tədbir keçmir! Vacib filmlərin nümayişinə düşmək istəyənlərin sayı çox, zallarda isə yerlər məhdud olduğundan hər kəsə bilet qismət olmur. Hər halda, səhər 6-da durub kassanın önündə 2 saat səbrlə növbə gözləsəniz, istədiyiniz bütün seanslara bilet tapmaq ehtimalınız yüksəkdir. Bir sözlə, hazır olun, kassa Tiffani mağazası olmasa belə, önündə edəcəyiniz səhər yeməkləri Holli Qolaytlinin ritualına çevriləcək.

 

Nəticədə isə möhtəşəm filmləri hamıdan qabaq izləyə biləcək, həmin filmləri yaradan məşhur kino nümayəndələrini şəxsən görmək, hətta imza almaq şansını əldə edəcəksiniz. Üstəlik, Karlovı Varı Film Festivalı yaz-yay kinofestival mövsümünün ikinci böyük tədbiri olduğundan buranın Horizonlar proqramına Kannın əsas müsabiqəsində təqdim olunmuş əksər filmlər daxil olur. Odur ki, Kanna getmək imkanınız yoxdursa, Karlovı Varıya üz tutmaq yaxşı variantdır.

 

Festival gözlədiyimdən də zəngin keçdi, Kannda vaxt çatışmazlığından ötürdüyüm filmlərin əksəriyyətini, bəzilərini isə təkrarən izlədim, yeni adlar tanıdım. Belə ki, Əsgər Fərhadinin Li Çen Donun “Yanğı” (“Burning”), Alis Rorvaxerin “Xoşbəxt Lazzaro” (“Lazzaro Felice”), Nuri Bilge Ceylanın “Ahlat ağacı”, Cəfər Pənahinin Azərbaycan filmi “Üç sima” (“Se rokh”), Kirill Serebrennikovun “Yay” (“Leto”), Hollivud cavanı Pol Danonun rejissorluq debütü “Vəhşi həyat” (“Wildlife”) və digər vacib filmləri gördüyümə görə indi kinoman mənliyim gecələr rahat yata bilir.Üstəlik fantaziyasına heyranlıq bəslədiyim məzəli dayı obrazlı rejissor Terri Cilyamın çıxışında oldum, onu yaxından görüb imzasını aldım, adımın qəribə olduğunu vurğulamağı da unutmadı. Rejissorun yeni əsəri “Don Kixotu öldürən adam” filmi isə mənə xüsusi zövq verqdi, film qarşınıza çıxsa, məncə ötürməyin, kiçikdən böyüyə hər kəsə tövsiyyə edəcəyim filmdir.

 

Digər bir tədbirdə əsrin ən vacib filmləri sırasında adı çəkilən “Şouşenkdən qaçış” (“The Shawshank Redemption”)  filmində Endi obrazını canlandıran aktyor, rejisor, musiqiçi Tim Robbins film haqqında xatirələrini paylaşdı, gənc film həvəskarlarına öz tövsiyyələrini verməyi da unutmadı. Bu ilki festivalda fəxri mükafatlardan birinə layiq görülən gənc və sevilən aktyor Robert Pattinson da gəlmişdi. Kaş onun qırmızı xalıdan keçidi zamanı yaşanan izdihamı görəydiniz!

 

Qısası, bu festival da sadaladıqca bitməyən təəssüratlarla yadda qaldı. Bütün bu hadisə bolluğunda özümə bağışlamadığım yeganə səhv isə çox sevdiyim “öncə trilogiyasının” yaradıcısı rejissor Riçard Linkleyterlə görüşü qaçırmağım oldu. Bir az diqqətli olsaydım tədbirdən vaxtında xəbər tutardım. Eyib etməz, o da qalsın növbəti şansa.

 

Bütün bunları bölüşməkdə məqsədim özüm kimi kino aludəçilərini hərəkətə sövq etməkdir. Gəlin nənəmə qulaq asaq, festival-festival gəzib filmlər izləyək, təəssüratlar toplayaq. İllərcə Youtube-da izlədiyimiz kinofestival aləmi xəyal deyil,  əlçatan gerçəklikdir. Bəlkə bir gün onlar da bizə gəldi!

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir