#

— Qəfənzər bəy, son dövrlə yayılmış söhbətlər barədə nə deyə bilərsiz?

— Mən yalnız onu deyə bilərəm ki, adamlar gündüz yoxa çıxırlar. Yox olurlar, küçənin ortasında. Hamının gözü qarşısında qeyb olurlar!

— Aydındır, bəs səbəbkar kimdi? Kim onları oğurlayır? Bu haqqda yerli camaat nə deyir?

— Deyirlər bunu qoblinlər edirlər. Oğurlayırlar, amma sonra buraxırlar.

— Doğrudan?.. Hm… Maraqlıdır, yəni konkret oğurlanıb qayıdanlar olub?

— Söhbət ondan gedir ki, adamı öz yanlarında saxlayacaqları müddət öncədən bilinmir. Həm də bu müddət müxtəlif uzunluqda ola bilər – altı ay, on il. Asılıdır sənin qabiliyyətindən. Bir il, beş il.

— Nə qədər qabiliyyətlisənsə, qoblinlər bir o qədər çox saxlayırlar yanlarında?

— Elədir ki, var. Bu camaatın dedikləridi. Bilmək olmur, harada uydurma, harada həqiqətdir. Bəlkə də camaat qoblinləri oğurlayır. Baş açmıram. Vəziyyət gərgindi.

— Nə etmək fikriniz var?

— Biz, yəni mən, ətrafım, bütün şəhər camaatı – istərdik  “Q.Ə.M.İ.” yaradaq.

— Üzr istəyirəm, nə?

— Q.Ə.M.İ. yaradaq

— Bilmək olar “qəmi” nə deməkdir, yəni açıqlaması nədir? Eee..“qəmi” hansı funksiyanı icra edəcək? Niyə məhz “qəmi”?

— Siz çox sual verirsiz. Biraz da “başdan solaxay”sız. O ki, qaldı “Q.Ə.M.İ.”yə, “Qoblin Əclaflarla Mübarizə İdarəsi” deməkdir.

— Dərindən düşünülmüş bir addımdır.

— Əlbəttə! Adamların gündüz yoxa çıxmalarının qarşını almaq üçün burnumuzdan gələni edəcəyik. Adamlar əvvəl evdən bayıra çıxırlar, sonra, artıq küçədə olarkən yoxa çıxırlar. Məncə məsələnin bu tərəfinə də diqqət yetirilməlidir. Yəni, ola bilər ki, bayıra çıxan olmasa, yoxa çıxanlar da olmaz.

— Sizcə bu məsələnin, “qoblinlər” versiyasından savayı, hər hansı alternativ izahı, daha doğrusu azca adekvat izahı ola bilərmi?

— Əlbəttə! Amma yox.

— Yəni?

— Yəni ola da bilər, olmaya da. Asılıdır.

— ”Şəhər camaatının ağzı” üzrə mütəxəssis kimi , sizcə….bir neçə gün sonra keçirilməyi planlaşdırılan “Məhlələrarası Domino çempionatı” ilə adamların yoxa çıxmasının bir əlaqəsi varmı?

— Dominosevər mütəxəssis kimi deyə bilərəm ki, məhlədə keçirilən bir çox oyunların çempionatı keçirilsə yaxşı olar. O ki, qaldı sualınıza, mənim cavabım yoxdur.

— Yəni sizcə əlaqəsi yoxdu bu iki hadisənin?

— Hansı iki hadisənin?

— ”Məhlələrarası Domino çempionatı” və adamların yoxa çıxmasının.

— Vaxtımı dondururam.

 

*******************************

 

“Şəhər camaatının ağzı” üzrə mütəxəssis olan Qəfənzər müəllim, qəhvə içməyi çox sevir. Buna görə o, verdiyi müsahibədən sonra korespandentin  əl-qolunu bağlayaraq, başına qara salafan paket keçirib və onu poçtla İngiltərəyə göndərib. Deyilənə görə bağlama təxminən La-manş boğazı tərəfdə qayalara ilişib qalıb, istintaq davam edir…

Qəfənzər müəllim isə evdə, kamin önündə oturub, rahat-rahat qəhvə içir. Qəhvə içişi darıxdırıcı keçməsin deyə o qoblin dostlarını da çağırır. Şuluq və şıltaq qoblinlər qəhvəni iqnor edib, Qəfənzər müəllimi oğurlayırlar, ardınca mütəxəssisin qapısının üstündə yazı peyda olur – “satılıb”.

HalloGen