Müəllif haqqında:

 

20-ci əsrin ən qabaqcıl intellektuallarından hesab olunan ingilis yazıçı Oldos Haksli, 1894-cü ildə İngiltərədə dünyaya göz açır. Oksforddakı təhsilini görmə ilə bağlı problemlər yaşadığı üçün yarımçıq qoyan Haksli, bir müddət kor olmaq qorxusu ilə yaşayır və əlinə keçən hər şeyi oxumağa çalışır. Hər iki dünya müharibəsinin şahidi olan yazıçı, insanlığın gələcəyi ilə bağlı bütün ümidlərini bu müharibələrdə itirir və yeni dünyalar yaratmaq üçün utopik və distopik janrda əsərlər yazmağa başlayır.

 

Yeddi dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilən Hakslinin utopiya və distopiya janrındakı xəyal gücünü, ən məşhur əsərlərindən biri olan Cəsur Yeni Dünya (1932) və son romanı olan Adalar (1962) əsərində daha yaxşı görmək mümkündür.

 

Xüsusilə Cəsur Yeni Dünya kitabı, Corc Orvelin “1984” romanı ilə birlikdə distopik janrda yazılmış iki ən əhəmiyyətli əsər hesab olunur. 1949-cu ildə “1984” əsəri nəşr olunduqdan sonra Haksli Orvelə bu barədə məktub yazır və məktubunda kitabı çox bəyəndiyini xüsusilə vurğulayır.

 

1937-ci ildə yazıçı ABŞ-a köçür və ömrünün sonuna qədər Los-Ancelesdə yaşayır. Qəribə təsadüfdür ki, Haksli 1963-cü ilin 22 noyabr tarixində, dövrün ABŞ prezidentdi Con Kennedinin sui-qəsd nəticəsində öldürüldüyü gün dünyasını dəyişir.

 

Əsər haqqında:

 

“Cəsur Yeni Dünya” ifadəsi, Uilyam Şeksprin “Fırtına” adlı pyesindəki Miranda obrazının nitqindən götürülüb. Haksli bu əsərini, Fransanın Marsel yaxınlığındakı Sanari-syur-Mer adlı kiçik dənizkənarı bir qəsəbədə qələmə alıb. Əsərin yazıldığı 1931-ci ildə Oldos Haksli artıq yazar və sosial satirik kimi özünü sübut etmişdi. Vanity Fair və Vogue jurnalları ilə əməkdaşlıq edirdi. “Cəsur Yeni Dünya” müəllifin beşinci romanı və distopiya janrındakı ilk işidir. Məşhur Britaniya jurnalı olan The Observer 2003-cü ildə “Bütün dövrlərin 100 ən yaxşı romanı” siyahısında “Cəsur Yeni Dünya”-nı xronoloji olaraq 53-cü yerə, BBC-nin hazırladığı eyniadlı siyahıda isə, roman 87-ci yerə layiq görülür.

 

Haksli bu işinin Herbert Uells-in utopik romanlarından təsirləndiyini deyirdi. Uells-in gələcəyə olan ümidli baxışı Hakslini öz romanının parodiyalarını yazmağa cəsarətləndirir və sonda Cəsur Yeni Dünya ərsəyə gəlir. Müəllif ilk distopik işi olan bu romanı “mənfi utopiya” kimi qiymətləndirirdi.

 

İnsanların fərqli kriteriyalara görə alfa, betta, epsilon və s. olaraq qruplara ayrıldığı və hadisələrin xəyali bir dünyada cərəyan etdiyi bu əsər, distopiya olmasına baxmayaraq hazırda yaşadığımız dünyanı əks etdirir deyə bilərik.

 

“Cəsur Yeni Dünya” eyni janrda yazılmış “1984” əsəri ilə tez-tez müqayisə olunduğu üçün bəzi fikirlərə müəlliflərin öz yanaşmasından baxaq.

 

Oruell qorxurdu ki, kitabları qadağan edəcəklər. Haksli isə qorxurdu ki, kitabları qadağan etmək lazım gəlməyəcək, çünki onları oxumaq istəyən bir kimsə tapılmayacaq.

 

Oruell qorxurdu ki, bizi informasiyadan məhrum edəcəklər. Haksli isə qorxurdu ki, informasiyanın ifrat çoxluğundan biz tam passivliyə və eqoizmə qədər deqradasiya edəcəyik.

 

Oruell həqiqətin bizdən gizlədiləcəyindən qorxurdu. Hakslinin qorxusu isə, həqiqətin faydasız informasiyalar dənizində batacağı idi.

 

Oruell qorxurdu ki, bizim mədəniyyətimiz kölələrin mədəniyyəti olacaq. Haksli isə qorxurdu ki, bizim mədəniyyətimiz hisslərin ekstaz əvəzediciləri, vəhdət orgiyaları ilə dolaraq primitivləşəcək.

 

Haksli vəfatından bir neçə il əvvəl yazdığı “Cəsur Yeni Dünyaya Səyahət” adlı kitabında 20 il əvvəl etdiyi səhvləri düzəltmişdi. Müəllifin bu kitabında qeyd etdiyi kimi, vətəndaş haqları uğrunda mübarizə aparanlar və tiraniyaya qarşı müqavimət göstərməyə çağıran rasionalistlər, “insanın əyləncələrə qarşı olan sərhədsiz meylini nəzərə almayıblar”.

 

“1984”-də insanlara ağrı verməklə nəzarət altında saxlayırdılar. “Cəsur Yeni Dünya”-da isə insanlara həzz verməklə nəzarət edirlər.

 

Qısası, Oruell qorxurdu ki, nifrət etdiklərimiz bizi məhv edəcək. Hakslinin qorxusu isə bizi, sevdiklərimizin məhv edəcəyi idi.

 

Qeyd: Oldos Hakslinin “Cəsur Yeni Dünya” kitabı, ilk dəfə Başla hərəkatının təşəbbüsü ilə 2015-ci ildə, Azərbaycan dilində Ülviyyə Mütəllimovanın tərcüməsi ilə nəşr olunmuşdur.

Müəllif: VarYox

Tags: