Başsız yaşamaq rahatdır

 Başsız yaşamaq rahatdır

 

“Başsız yaşamaq rahatdır” deyib cəllad nəhəng baltanı havaya qaldırdı və endirdi. Enəndə daha sürətli enən balta hələ canlı başı bədənindən ayırıb durmadı – kəllələrə son yastıq olan kötüyü, ardınca torpağı, yer qabığını, sonra nüvəni və nəhayət planeti iki hissəyə böldü. Kəsilən baş bir tərəfdə, bədən isə digər tərəfdə, planet ortadan ikiyə parçalandı. Cəllad, hakim, vəzirlər, kral və kraliça olan Yerin nəhəng parçası Günəşə doğru, üzərində sadə insanlar, qara camaat olan hissə isə Günəşə əks istiqamətə doğru yönəlir.

 

Kral əmr verir ki, saraydan qırmızı divanın gətirsinlər. Kral sevimli divanında, sevdiyi və tez-tez xəyanət etdiyi kraliçası ilə oturub Günəşə doğru uçuşlarını izləmək istəyirdi. Vəzirlərin bir neçəsi gizlincə paraşütlərini geyinib, od kimi yanan ulduza doğru sürətlə uçan, idarəedilməz səma gəmisindən tullanırlar.  Sarayın baş din xadimi əlini gah göyə, gah yerə doğru, gah yan-yörəsinə doğru tutur, elə bil ki, yaradıcının harada olduğunu əlində tutduğu gizlin kompasla təyin etməyə çalışır.

 

Yer planetinin o biri parçası, hansının üzərində qara camaat yığılmışdı və hansı ki, Günəşə əks istiqamətdə uçurdu, sürətlə planetlər zolağını tərk edir. Yol boyunca nə edəcəklərini bilməyən camaat, həmişə olduğu kimi, ümidlər yer hakimlərindən kəsilən anda göy hakimlərini, yaradanı və onun tanışlarını axtarır. Xəbər tutanda ki, sarayın baş din xadimi Yer planetinin o biri parçasında qalıb, ümidləri kəsilir. Yerin bütöv vaxtlarında qara camaatın səma sakinləri ilə yeganə əlaqə vasitəsi olan (internetin olmadığı dövrdə) ölkənin dini rəhbəri onlarla deyil, deməli tanrı onları eşitməyəcək. Lakin problemlərə qarşı daha yaradıcı yanaşan camaat bu dəfə də çıxış yolu tapır – afərin sizə! “Dağ Məhəmmədin yanına, Məhəmməd dağın yanına” prinsipini əsas tutub, əlaltı vasitələrdən bir tanrı qayırırlar. Həm yol boyunca darıxmamaq üçün – heç bir tanrı adamı darıxmağa qoymur, həm də istənilən əmmanı anında yox edən birisinə olan  ehtiyaca görə.

 

Əldəqayırma tanrı estetik baxımdan elə də zövqlü alınmır – bir-birinə qırmızı iplə bərkidilmiş iki çubuq, onların üzərinə keçirilmiş qadın pariki. Beləliklə, sonu olmayan qaranlıq kainat səyahətində insanların ümid işığı yaranır. Başsız yaşamaq rahatdır, amma tanrısız yaşamaq narahat situasiyadır, görünür.

 

Günəşə doğru hərəkət edən planetin nəhəng parçasının üzərində yavaş-yavaş panika yaranmağa başlayır. Sarayın baş din xadimi də harasa yoxa çıxmışdı. Vəzirlərdən biri, qırmızı divanda oturmuş kral cütlüyünə pıçıltı ilə “sarayın baş din xadimi tanrını axtarmağa gedib” deyir. Kral, səmavi səyahətin əsas təşkilatçısı olan cəlladı yanına çağırıb, ona “baş feld-marşal” rütbəsini verir, əlavə edir ki, Yerə qayıdanda, ya da ümumiyyətlə hansısa yerə çatanda ona “piş-altı” sot ərazi hədiyyə verəcək. Bilinmir bu xəbərdən cəllad sevinir, ya yox, çünki cəlladın üzündə həmişə qara rəngli parça maska olur, ancaq gözləri görünür. Peşəsi belədir yetimin, bəlkə də yaraşıqlı oğlandır, sadəcə arada boyun vurur.

 

Bir-birindən sürətlə aralanan planetin iki nəhəng parçasının sərnişinlərini sürpriz gözləyirdi. Elə bil ki, indiyə kimi olanlar, elə indi olan zad kimi, adi, gündəlik şeylərdir, yəni məişət həyatından bir epizoddur.

 

Məsələ burasındadır ki, bayaqdan sakit uzanmış başsız bədən, ayağa durur və rəqs etməyə başlayır. Camaat düzəltdiyi tanrını onun üstünə tutur – xeyri olmur, baş yoxdursa, demək ki, görmür, əgər bədəninin ayrı yerində yeni gözlər əmələ gəlməyibsə

 

 

Başsız bədən elə oynayırdı ki, hər şeyi atıb rəqs etməyin gəlirdi. Qara camaat istəyirdi. Amma əllərində yeni tanrını tutanlar rəqs edən başsız bədəni qara qüvvələrin əməli adlandırırdılar. Təxminən 5 dəqiqə, uçan iri meteoriti xatırladan yarımplanet üzərində olan camaat, yeni tanrı tərəfdarlarına qulaq asır. Sonra isə… hamı rəqs etməyə başlayır. Həmin başsız bədənə qoşularaq.

 

Yarımplanetin o biri tayında, kral kraliça ilə əlbir olub “Günəşə doğru” adlı parti təşkil etmişdilər. Bu soxasoxda. Saray əhli rəqs edir, cəllad memuar yazır, kraliça saray həkimi tərəfindən plastik əməliyyat olunurdu. Bu zaman, hamı tərəfindən unudulmuş bədənsiz başın gözləri açılır, balaca əl və ayaqları peyda olur. O da hamıya qoşulur. Vəzirin qucağına tullanır. Vəzir rəqs eyforiyasında qucağındakı “başı” ağzı açıq sandığa atır. Ardınca yarımplanet, Günəş adlı ulduzun qucağına düşür. Hər şey məhv olur. Bircə bədənsiz kəllə sandıqda sağ qalır. Günəş sandıqla bacarmayıb, onu geniş kainata tüpürür.

 

Yer planetinin sağ qalmış digər hissəsi, üzərindəki sərnişinlərlə bərabər (yəni qara camaatla) bizim qalaktikanı tərk edib, yaxınlıqdakı qalaktikaya uçurdu. Qara camaat basşız bədənlə rəqs edir, yeni tanrını və tərəfdarlarını iqnor edirdilər. Bir də görürlər ki, uzaqdan çox sürətlə onlara nəsə yaxınlaşır. Günəşin tüpürdüyü sandıq işıq sürəti ilə torpağa batır. Toz-duman qalxır. Özünü yeni dini lider elan etmiş və əlində yeni tanrını tutan birisi hadisə yerinə gəlir. Sandığı torpaqdan çıxarıb ağzını açır, yəni sandığın ağzını. Sandıqdan çölə “hop” edib tullanan başı görəndə öz ağzı açılır. Dini lider başsız bədəni qara qüvvələrin əməli adlandırsa da,  sandıqdan çıxan bədənsiz başla nə edəcəyini bilmir.

 

Hekayənin ən romantik momenti yetişir – baş və bədən qovuşur. Bədən başını qucağına götürüb yarımplaneti tərk edir. Rəqs edənlər gözləri yaşlı, yeni tanrıbazlar isə ağızları qarğış dolu cütlüyü yola salırlar.

 

Onların, yəni bədən-başın hara getdiyini heç kəs bilmədi. Çünki axırda heç kəs qalmadı. Üzərində qara camaat olan yarımplanet az uçub, çox uçub, gedib girir asteroidə.

 

Bədən-baş cütlüyü, deyilənə görə hələ də ucsuz-bucaqsız kainatda fırlanır, gündə bir qalaktikadan siyasi sığınacaq istəyirlər.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir