O cib həkimidir, düz eşitdiz. Səhv anlamayın, nə can həkimi, nə diş həkimi yox, məhz “cib həkimi”dir. Cib həkiminin hansı əmək növü ilə məşğul olduğu hələ də aydınlaşmayıb. Maraqlananlar çoxdur. Hətta müştərilər belə anlamırlar “nə üçün” və ümumiyyətlə “niyə” bu həkimə müraciət edirlər. Sədəcə müraciət edirlər və bitdi. Başlarına hava gəlir, ayaqları gedir bir başa cib həkiminin qapısının ağzına.

 

Cib həkiminin qırx yaşı var. Niyə? Məlum deyil, ola bilsin qırx bir, bəlkə də otuz doqquz. Məlumdur ki, əsli buralardandır, amma doğulub Misirdə, orta məktəbə gedib Fransada, ali təhsil alıb “Azi”də. Adı Şaldır, yanına gələnlər onu “Her Şal” deyə çağırırlar. Lap almanlarda olduğu kimi. Bundan başqa cib həkimi barədə heç nə məlum deyil. Bilinmir ailəsi var ya yoxdur. Hər axşam saat 21.00-da qapını bağlayır və otağın işığını söndürür. Şahidlərin söylədiklərinə görə bəzən gecəni də otaqda keçirir. Hətta səhər qapının qarşısında alt paltarında gimnastika etdiyini də görənlər olub. Amma dəqiq olaraq heç kəs bilmir ki,  cib həkimi Her Şal kimdir və nə işlə məşğul olur.

 

Onun yanına buyuran başı havalı pasienti qapıdakı yazı  qarşılayır – üstdə “Cib Həkimi”, altda “Her Şal”. Pasient qapını döyür və içəridən “gəlin” deyilməsini gözləyir. Çünki bu haqda qapının sağında, divarda asılmış “Bunu Oxu” tabelində məlumat var. “Gəlin” kəlməsini eşidən kəs qapını açıb içəri girir və ağ xalatda, ortaboylu cib həkimi Her Şal tərəfindən otağın mərkəzində dayandırılır. Həkim hər iki əlini gələn adamın çiyinlərinə qoyur, adam oturur, daha doğrusu çöməlir. Bu zaman cib həkimi üç dəfə ucadan “yaxşısağol, yaxşısağol, yaxşısağol” deyir, qarşısındakı adam ayaqlarını uzadıb uzanır döşəməyə, düz həkimin önündə. Həkim bir millimetr belə qamətini əymir, sol ayağını bükür, sağ ayağı üstündə beş dəfə tullanır və hər dəfə “şirinçay, şirinçay” deyə təkrarlayır. Sonra yerə uzanmış başı havalı pasient ayağa qalxır, üst-başını düzəldib cibindən 200 azn çıxarıb verir həkimə və otağdan çıxır. Onu da deyim ki, hər kəs pulu avtomatik verir, Her Şal heç kəsdən pul istəmir. Onun yanından çıxan adam nə qədər çalışsa da yol boyunca nə həkimin sehirli otağının quruluşunu, nə də həkimin simasını yada sala bilmir. Evinə çatan kimi, ya sosiska-çörək və duzlu xiyarla 200 qram araq vurur, ya da bir kasa borşla 200 qram pomidor kompotundan içib yatır. Səhər ayılanda corabının bir tayını tapmır. Deyilənə görə corabın itməsi yaxşı haldır. Ola bilsin adam yenə qayıtsın həkimin yanına. Bəlkə corab həkimin otağında qalıb? Heç kəs narazlıq bildirmir bu müalicə ilə bağlı.

 

Cib həkiminin bu paranormal müalicə üsulu (hansı ki, bilinmir hansı xəstəliyə qarşıdır) və üstəlik də pul qazanması sözsüz ki, vergi  və hüquq-mühafizə orqanlarının diqqətindən yayınmır. Amma nəyə ilişəsən və hansı fəaliyyətə görə ondan gəlir vergisi tutasan? Ətrafda narahatlıq getdikcə artır, bəlkə Her Şal  casusdur, özü də “İran” casusu yox, daha maraqlı olsun deyə “fransız” casusu. Bəlkə sabah, ya birigün “cib həkimindən” savayı “şalvar həkimi”, “köynək həkimi”, “həkim həkimi” kimi peşələr peyda olacaq və adamlar dövlətə vergi vermədən pul qazanacaqlar, hə? Qərar verilir ki, cib həkimi ilə ciddi məşğul olunsun.

 

Üç ya dörd gün sonra cib həkimi Her Şal səhər tezdən otağına giriş qapısının qarşsında məktub tapır. Zərfin içində “Sahə müvəkkilinin yanına çağırılması” haqqında çağırış kağızı vardı. Sahə vəkilinin sağlamlığı ilə bağlı otağını tərk edə bilmədiyini və indi Hipokrat andı içmiş məxluğa ehtiyacı olduğunu zənn edir.

 

Çağırışla gələn Her Şal əynində ağ xalat, sahə müvəkkili yoldaş Etirazinin kabinetinə daxil olur. Beş dəqiqədən sonra əlində maşın açarı, əyni ağ xalatlı həkim Her Şal, yoldaş Etirazinin avtosuna oturur və sürüb gedir evə. Söhbət otuz doqquz dəfə şişirdilmiş formada şəhərə yayılır. Her Şal şəhərdə “hörmətli oğlan” statusunu qazanır. Qlamur aləmdə onu “doktor Xer” adı ilə tanıyırlar.

 

Gecələr kluba gedənlər azalır, hamı cib həkimi Her Şalın qəbuluna yazılır. Növbələr qurulur, insanlar çadır salır və ocağ yandırır. Hamı bu müalicini istəyir, kimki istəmir, basırlar yerli Psixonevroloji dispanserə.

 

Öz effektini dəfələrlə təcrübədə göstərmiş bir metodla, guya şübhəli Her Şalın evindən 1 kiloqram 23 qram marixuanna aşkar edilərək müsadirə olunur. Daha sonra məlum olur ki, nə narkotik maddənin tapıldığı zirzəmi, nə də ev Her Şala məxsus deyil. Anındaca açıqlama, üzrhaqlıq, izahat, töhmət. Her Şal azad edilir, evin həqiqi sahibi içəri basılır.

 

Cib həkimi xalqın hörmətini qazanır. Artıq beş gün sonra Her Şal qonaq olduğu  “Cücələrim” televiziya şousunda hər iki əlini aparıcı qızın çiyinlərinə qoyub qızı yerə otuzdurur. Üç dəfə “yaxşısağol” qışqırır,  aparıcı qız yerə uzanır; kameralar çəkir, canlı yayım davam edir. Cib həkimi sağ ayağı üstə beş dəfə tullanaraq “şirinçay, şirinçay” deyir. Aparıcı qız ayağa qalxır, üst-başını düzəldir, hamıdan üzr istəyir, əynindəki üst və alt paltarını çıxarıb verir cib həkimi Her Şala və naməlum istiqamətdə studiyanı tərk edir.

 

O gün, bu gün cib həkimi Her Şalı heç kəs şəhərdə görməyib. Deyilənə görə o aparıcı qız ilə qaçıb, hətta yolüstü avtobus sürücüsündən cib telefonu, stüardessadan isə uniformanı hədiyyə götürübmüş.

 

Həə… Camaatın şübhələri də boşa çıxır. “Cib həkimi”ndən sonra heç bir paranormal həkim növləri meydana gəlmir və şəhərdə həyat öz məcrasına qayıdır. Ancaq diş həkimləri, baş həkimləri, burun, qulaq həkimləri və s.

Keçəlbaş