Qəfildən Bakının Nobel prospektində, düz maşın yolunun ortasında asfalt çökür. Nəticədə diametri 3-4 metr olan deşik əmələ gəlir. Avtomobillər bu deşiyi yandan ötməyə çalışsalar da, həyatlarında az yeniliklər olan bəzi Bakı sakinləri maşınlarını saxlayır, yolun ortasındakı bu əcaib deşiyə, daha doğrusu deşiyin içinə baxırdılar.

 

Beş dəqiqə sonra RAF sürücüsü дядя Дима özü də istəmədən ağzından “demokratiya deşiyi” ifadəsini qaçırır. Ətrafda olan bir çox sürücü bu söhbətin şahidi olur -”molokovoz-sərdar”, “smert Tofiyin qohumu” taksist Cəlal, yerli avtoş dalğasının lideri Lada-Hüseyn və s. Sürücülər adı bir-birinə ötürür və təkrarlayır – “demokratiya deşiyi”. Niyə məhz “demokratiya” heç kəs anlamır. Bəziləri bu adda sirrli və sehrli bir şeyin olduğunu söyləyirlər.

 

Səhəri gün yol idarəsinin işçiləri əraziyə gəlir və “demokratiya deşiyi”nin üstünü örtürlər. Təbii ki, iş yararsız görüldüyünə görə axşama deşik yenidən açılır.

 

Sabah tezdən narazı sürücülər maraqlı süjet aclığı keçirən telekanallardan birinə zəng vururlar; aparıcı və kameraman iyirmi dəqiqə içində hadisə yerinə cəlb olunurlar. Artıq günorta xəbərlər buraxlışında, Nobel prospektində əmələ gəlmiş “deşik” barədə məlumat  verilir. Yavaş-yavaş, deşik haqqında bütün şəhər danışmağa başlayır.

 

Növbəti gün yol idarəsinin apaçiləri gəlib deşiyi mühasirəyə alırlar. Bu dəfə  Qaz-51 markalı maşın qum gətirir. Doldururlar, bərkidirlər, qırlayırlar. Deşiyin  ətrafına maneə zolağı çəkirlər ki, həm görülmüş işin zibili çıxmasın, həm də ehtiyatsız sürücülər deşiyə düşməsinlər. Amma iki saat sonra inadkar “demokratiya deşiyi” yenidən açılır.

 

Ardınca, yaxınlıqdakı binalarda yaşayan camaat bu möcüzəli deşiyi görməyə gəlirlər. Hətta hansısa orta məktəbdən bir sinif uşaq, müəllimələri tərəfindən deşiyə baxmaq üçün ekskursiyaya gətirilirlər. Deşiyin başına əməlli izdiham yığışır. Selfi çəkdirən kim, video-bloq hazırlayan kim. Facebook və instagram səhifələri “demokratiya deşiyin”nin foto-şəkilləri ilə dolur.

 

Axşam tərəfi, haradansa bir molla gəlib çıxır. O deşiyi diqqətlə nəzərdən keçirir, hətta içinə də düşür. Sonra möhkəm səslə “demokratiya deşiyi”ni  müqəddəs elan edir və hamıya tapşırır ki, deşiyə baxanlar onun içinə minimum bir manat atsınlar, yoxsa başlarına bəla gələr. Daha rahat olsun deyə, yolun qırağında olan işıq dirəyinə balaca nəzir qutusu quraşdırıb gedir.

 

Səhər o başdan bir qrup arxeoloq və geoloq bu maraqlı təbiət hadisəsini araşdırmağa gəlir. Arxeoloqlar deşiyin içində meteorit qalıqlarını aşkar etkilərini bildirirlər, geoloqlar isə tezliklə bu ərazidən neft çıxacağını söyləyirlər. Sonda mütəxəssislər “demokratiya deşiyi”nin nəzir qutusuna adambaşı bir manat atıb ərazini tərk edirlər. Onların ardınca Yol idarəsinin işçilər gəlir. Bu dəfə təngə gəlmiş işçilər özləri ilə Qobustanda olan qaya parçalarından birini dartıb gətirirlər, itələyib salırlar deşiyin içinə. Yenə də üstünü torpaq, qum və qırla örtüb evlərinə dağılışırlar. Amma nəzir qutusuna pul atmağı unutduqlarına görə işçiləri daşıyan avtobusun təkəri partlayır və maşın reklam lövhəsinə girir. Əraziyə gələn polis avtobus sürücüsünün sərxoş olduğunu müəyyən edir.

 

Səs-küy yatandan sonra “demokratiya deşiyi”nin üstü təkrarən çökür. Gecə deşikdən qəribə səslər eşidilir; qışqırıq, rəqs edən kütlə, ərəb musiqisi. Səhərə yaxın elə bil kimsə deşiyin içində uca səslə Karl Marksın “Kapital” əsərini oxuyurmuş.

 

Səhər açılan kimi bir qrup fəal yeniyetmə “demokratiya deşiyi”nin ətrafında etiraz aksiyası təşkil edir. Aksiya iştirakçıları deşiyin üstünün nəyin bahasına olursa olsun örtülməsini tələb edirlər. Onların fikrincə kommunal xərclərin son artımı bu deşiyin açıq qalması ilə əlaqədardır. Yol idarəsinə edilən zənglər bir fayda vermir; sən demə bütöv idarə məzuniyyətə çıxıbmış. Etirazçılar nəzir qutusuna hərəyə bir manat atıb kor-peşman dağılışırlar.

 

Axşama yaxın deşiyin yanına Təcili Tibbi Yardım çağırılır. Sən demə ehtiyatsızlıqdan Hacıqabul rayonunun Uşaq poliklinikasının pediatrı deşiyə düşübmüş. Huşunu itirən pediatr ayılandan sonra yuxu gördüyünü və yuxusunda sonunda zəif işıq olan uzun qaranlıq tunel ilə hərəkət etdiyini söyləyir. Bir azdan molla gəlir, uzun-uzadı bir dua oxuyur və hamıya elan edir ki, bundan sonra “demokratiya deşiyi”nin yanındakı nəzir qutusuna ən azı  bir yox, iki manat salınmalıdı.

 

“Demokratiya deşiyi” əməlli başlı rezonans törədir. Gürcüstan, Rusiya, İran və Türkiyədə hər kəs bu deşik haqqında danışır. Şəhərə turist axını başlayır – Avropadan, Amerikadan, Hindistandan gələn xaricilər bu deşiyin nəmənə şey olduğunu öyrənmək və onu yaxından tədqiq etmək arzularını gizlətmirlər. Vəziyyət o yerə gəlib çatır ki, ölkənin digər şəhər və kəndlərində yaşayan sakinlər, öz regionlarına turist cəlb etmək məqsədi ilə yerli deşikləri  yaratmağa başlayırlar.

 

Bir təşəbbüskar iş adamı  “demokratiya deşiyi”nin yanında “Deşik” şadlıq sarayı açır. Düzdü əvvəl-əvvəl müştəri cəlb etmək çətin olur, lakin sonradan ucuz qiymətləri nəzərə alaraq müştərilər gəlməyə başlayırlar.

 

Bölgələrdə açılan yerli deşiklər Nobel prospektində olan orijinal “demokratiya deşiyi”nin al-verini öldürmür. Bir sözlə hamı qazanır.

 

Nəsə ki, vaxt keçir, vədə yeitişir və deşik öz-özünə bağlanmağa başlayır. Yaxınlıqda yaşayan camaat toplaşıb möcüzəli “demokratiya deşiyi”nin bağlanmasına tamaşa edirlər. Kimsə ağlayır, kimsə videoya çəkir. Molla gəlib nəzir qutusunu çıxarır və naməlum istiqamətdə gözdən itir. Bax beləcə “demokratiya deşiyi” tamamilə örtülür və səhəri gün hər kəs onu yaddan çıxarır.

HalloGen