Dənizdə çimib evə qayıdan Herakl ləzzətli qayğanaq bişirir, yeyir və yatmağa gedir. Bütün gecəni durmadan gedir. Səhər oyanıb bayıra gedir. Günəş gözlərini qamaşdırsa da üfüqdən yaxınlaşan balaca ağ nöqtəni görür. Tezliklə sahilə yaxınlaşan ağ yelkənli qayıq aydın seçilməyə başlayır. Sahilə 5 metr qalmış qayıqda oturan, gödəkçəli və əynində şort birisi, qayıqdan suya tullanır. Təntənəli və rəsmi surətdə deyir:

— Yamayka xalqına eşq olsun!

— Sabaoun xeyir.

— Mən Coni İştveroniyəm.

— Kimsən?

— Sinyor İştveroni.

Herakl bir anlıq öz əkizini görürmüş kimi oldu. Özünü itirmədi, dabanını qaşıyıb dedi:

— Adım Herakldı. Soyadım çox brutaldı. Mən yam-azam – yamayka azərbaycanlısı. Bura deportasiya olunmuşam.

— Mən isə İtaliya vətəndaşıyam, rumın qaçqınıyam, bura deportasiya olunmuşam.

— Səni niyə deportasiya ediblər?

— Vatikanın darvazaları qarşısında Roma Papasının və Mamasının şəkilləri olan corablar satdığıma görə.

Herakl başa düşdü ki, getdikcə heç nə başa düşmür. Conidən soruşdu:

— Dönərxana açmaq barədə fikirləşirsən, ya fikirləşmisən, yaxud fikirləşmək ehtimalın var?

Günün altında rəngi közərmiş İştveroni quru dodaqlarını silib cəsarətlə dedi:

— Mən əvvəldən bilirdim ki, mən nəyisə açmaq üçün doğulmuşam. İndi anladım ki, bu dönərxanadır.

—  “Yaxşısağol”un mənasın bilirsən?

— Mən söyüşə inanmıram.

Herakl və Coni dost olmağa qərar verdilər, belə pis çıxmasın. Coni kənd teatrında gözətçi vəzifəsinə düzəldi. Sonra isə kinoteatr rəhbərliyinin baş-beynini düəzəltdiyinə görə işdən qovuldu. Daha sakit həyat tərzinə vərdiş olmuş Herakl üçün səs-küylü və çox danışan dostun olması çox maraqlı idi. Əvvəl-əvvəl. Lakin sonradan şalvar düşdü, təzyiq qalxdı.

Söhbət ondan başladı ki, dönərxanaya nə ad verəcəkləri mövzuda mübahisələri düşdü. Herakl qəti qərar vermişdi ki, dönərxana “Lenin” adlanacaq. Coninin beynində ayrı ad idi – “Polis”, istəyirdi ki, bu dönərxanada polislər üçün xidmət havayı olsun. Herakl hüquq-mühafizə ilə arası olmadığına görə bu adla və təklif ediləcək xidmətlə razılaşa bilmirdi. Amma sonra məlum oldu ki, İştveroni yoldaş ümumiyyətlə dönər yeməyib və buna görə öncə dadına baxmaq istəyir, sonra isə dönərxananın adı barədə düşünə bilər. Beləliklə Azərbaycana getmək qərarına gəlirlər…

Ciyəz