Sosial rifah zəiflədikcə cəmiyyət yaşıl rəngli tərəvəz məhsulu üçün ideal məskənə çevrilir – xiyarlar peyda olmağa başlayır. Yəni normalda onlar var, sadəcə disbalans və ağır həyat xiyarlaşmanı tezləşdirir.

Xüsusi canfəşanlıqla xiyar olmağa çalışan vətəndaşlar, hüquqları pozulan digər azlıq və çoxluqlar kimi eyni çətinliklərlə qarşılaşır – ilk növbədə ayrıseçkilik, sonra mənəvi zorakılıq və nəhayət yaxınları tərəfindən tərk edilmə. Anonim xiyarlardan birinin dedikləri:

— Hamı sənə belə bir təhər baxır eşidəndə ki, sən xiyarsan. Avtobusda xiyarlara yer vermirlər. Bazarda hər kəs səni oğurlayıb satmaq istəyir. Xiyarlıq etmək üçün axşamlar tanış xiyarların evinə yığışıb, qapı-pəncərəni bağlayıb özümüzü buraxırıq. Amma biz də azad olmaq istəyirik. İstəyirik qeyri-xiyarlarla bərabər hüquqlara malik olaq.

Cəmiyyətin riyakar davranışı və ikili standartlara uyması özünü bu məsələdə daha qabarıq göstərir. Psixoloqlar xiyarlar arasında depresiv halın mütəmadi olduğunu aşkar edir və depressiv xiyarların xüsusiyyətləri öyrənirlər. Məlum olur ki, depresiv xiyarlar qeyri-xiyarlar və adi xiyarlar üçün böyük təhlükədir. Buna görə depresiv xiyarlar üçün bərpa mərkəzi açılmışdır.

Bəzi mütəxəssislərin hesablamalarına əsasən homoseksualların və qadınların hüquq və azadlıqları daha möhkəm qorunur, nəinki gənc xiyarların. Çünki heç bir partiyanın siyasi platformasında xiyar vətəndaşlar haqqında danışılmır.

Bütün bu sıxıntılara baxmayaraq real həyatda onları hər yerdə görmək olur. Əslində hər yerdə bir xiyarla qarşılaşmaq mümkündür. Müşahidələr artımın olduğundan xəbər verir. Deməli daha çox gənc xiyarların peyda olduğu cəmiyyət axır-əvvəl onları da gündəlik həyatın bir tərkib hissəsi kimi qəbul etməli olacaq. Hələlik isə xiyarları işdən qovurlar, sinifdən çıxarırlar, imtahandan kəsirlər, məhlədə isə belələrini çevrədən uzaqlaşdırırlar. Xiyarların günü qara olur. Axı xiyarların günü yaşıl olmalıdır. Amma kimdir buna fikir verən?…

Nəsə, bir gün hər şey dəyişir. Bütün sadalanan çətinliklərə baxmayaraq, iki şəhər xiyarı – Cobzik və Rubzik “Gənc xiyarlar” adlı birlik yaradırlar və sosial şəbəkədə elan paylaşaraq bütün növ xiyarları bu cəmiyyətə üzv olmağa çağırırlar. Hay verənlər çox olur:

— 1-ci gün 2374 dəfə paylaşılan elan əməlli başlı rezonans törədir. Cobziki yeni dövrün xiyar lideri, Rubziki xiyarların xilaskarı, cəmiyyəti isə insan təkamülünün yüksək pilləsi adlandırırlar.

— 2-ci gün cəmiyyətə üzv yazılan xiyarların sayı 30000-ə çatır. Hər yerdən xiyarlar axışır – bazardan, poliklinikadan, siyasi partiyalardan, məktəb və zavodlardan, polisdən, şəhər və kəndlərdən xiyarlar ayaqyalın, başı açıq cəmiyyət binasına doğru hərəkət edirlər. Əzilən kim, ayaq altda qalan kim. Cobzik xiyarların arasından fiziki cəhətdən ən güclüləri seçib özlərinə cangüdən kimi təyin edir.

— 3-cü gün, növbəti addım olaraq “Gənc xiyarlar”, tanınmaq və ölkənin sayılıb seçilən fəallarına çevrilmək məqsədi ilə “hərəyə bir xiyar əkək” aksiyasını keçirirlər. Nəticədə Bayıldan tutmuş, Əhmədliyə kimi şəhərin hər yerində xiyar ştilləri əkilir. Sonra isə əhali arasındakı xiyarlaşma dərəcələri müəyyən edilir.

Nəticədə avtobus sürücülərinin arasında xiyarlara daha çox rast gəlinir. Siyahıda ikinci yeri məhlə xiyarları tutur. Aydın məsələ – hər bir xiyar müəyyən məhlədə böyüyür. Polislərin arasında tərəvəz qardaşları heç də az deyildi. Hətta müəllim və həkimlərin arasında da xiyarizm cizgiləri sezilir. Kənd xiyarlarının sayını müəyyən etmək çətinlik yaradır, çünki şəhərə köçən xiyarlar hər cür vasitə ilə kənddən gəldiklərini gizlətməyə başlayırlar. Cəmiyyət içində yüksək sosial statuslu qlamur xiyarlar peyda olurlar, atlanıb düşürlər, bəzən düşmürlər, elə havadan asılı vəziyyətdə qalırıar.

Ümumiyyətlə ətraf mühit nə qədər qeyri-sağlam enerji ilə yüklənmiş olsa da, bir o qədər də eybəcər xiyarlar peyda olmağa başlayır. İt yiyəsini tanımayan yerdə xiyarların yaşaması üçün münbit mühit yaranır.

Xaricdə olan havadarlarının köməyi ilə dünyanın müxtəlif universitetlərindən araşdırmaçı alimlər dəvət olunur və onlara xiyarlığı tədqiq etmək tapşırılır. Xiyarların yaranması və onların inkişafını öyrənən 3-4 xiyar alim maraqlı heç nə tapmayıb, xiyarlar haqqında film çəkməyi tövsiyyə edirlər. Əlbəttə belə filmi ancaq və ancaq xiyar rejissora etibar etmək olardı. Beləsi də tapılır. 3 seriyalı sənədli film çəkilir. Filmdə həyatımızın müxtəlif sahələrində xiyarlıq edənlərin həyatı işıqlandırılır, xaricdə yaşayan məsləkdaş xiyarların təcrübəsi ilə bölüşülür.

Robzikin təklifi ilə xiyarların bank hesabı açılır, cəmiyyətin böyüməsi və fəaliyyəti üçün göndərilən ianə və yardım bu hesaba köçürürlür. Xiyarlara dəstək verənlər isə itə tök.

“Gənc xiyarlar” birliyi getdikcə siyasiləşir və verməşil istehsalına başlayır. 1 gündə xaricə 6 ton verməşil göndərir. Səhəri gün həmin 6 ton geri qaytarılır – sən demə verməşilin içindən işçi personalın ayaqqabısı çıxıbmış.

Bələdiyyə seçkilərinə qatılan “Gənc xiyarlar”lar siyasi birliyi 7 bələdiyyə üzrə qalib gəlib, özlərini müstəqil respublika elan edirlər. Dərhal BMT-yə məktub yazırlar. Məktubda deyilir:

“Salam. Biz bizi, yəni “Gənc xiyarlar”ı, respublika qurmaq münasibəti ilə təbrik etməyinizi sizdən xahiş edirik. Biz bütün dünya xiyarlarını bizim gənc və yeniyetmə ölkəmizi ziyarət etməyə dəvət edirik. Unutmayın ki, xiyar da insandı, onun günahı yoxdu ki, xiyar olub. Adam xiyar olar.”

İki gündən sonra xüsusi təyinatlı dəstənin köməyi ilə xiyarlar zərərsizləşdirilir. Cobzik və Robzikin cibindən marixuanna və dövlət çevrilişi planları tapılaraq, müsadirə edilir. Birliyin üzvləri indi pauzadadırlar. Amma siz istənilən halda və yerdə xiyara rast gələ bilərsiz.

HalloGen