Mən hələ dünyaya göz açmamış bir qızam. Üç aydır ki, anamın bətnindəyəm. Amma elə bu üç ay ərzində anamın xoşbəxt olduğunu hiss etməmişəm. Bilmirəm niyə.  Hamilə olduğunu öyrənəndə də oturub, hönkür-hönkür ağlamışdı, hətta qarnına da vurmuşdu, yəni mənə… Niyə görə məni istəmədiyini anlamıram. Axı mən onun canının bir hissəsiyəm. O ağladıqca,  mən də pis oluram, elə buradaca ölmək istəyirəm. Heç bircə dəfə də olsa məni əlləri ilə sığallamayıb, mənimlə söhbət etməyib. Atamı da görməmişəm. Onun haqqında danışmır da, evin bir küncünə qısılıb səssiz-səssiz ağlayır. Sanki kimsə səbəbini soruşsa, nəsə dəhşətli bir hadisə olacaq.

 

Mən də artıq doğulmamışdan məhv olmağa başlayıram, təkcə istədiyim anamın mənimlə bircə dəfə də olsa danışmasıdır…

 

O gün nəhayət gəldi. Anam otağına keçib, uzandı. Əlini qarnına gətirib sığallamaq istədi. Sonra tərəddüd edib əlini çəkdi. Amma yenidən əlini gətirdi və neçə aydı gözlədiyim nəvazişi hiss etdim, sevildiyimi hiss etdim. Həyatımın ilk xoşbəxtliyi idi. Sonra mənimlə danışmağa başladı.

 

Dedi ki, hər şeyi sənə lap əvvəldən danışacağam, heç kimə deyə bilmədiyimi sənə deyəcəyəm.

Bu bizim kiçik bir sirrimiz olacaq.

 

Danışdıqca ağlayırdı. Mən isə dinləyirdim, eşitdiklərim mənim üçün hələ çox tez idi. Anam sən demə hələ məktəbli imiş, bir gün o məktəbdən qayıdanda tanımadığı adamlar onu nəyəsə məcbur ediblər. Anam etiraz edəndə onlar anamı təkləyiblər. Ətrafda heç kim olmadığına görə kimdənsə  kömək istəyə bilməyib. Anamı tanımadığı bir yerə aparıblar. Təcavüz dedi… aha, TƏCAVÜZ… Hər dəfə bu sözü dedikcə səsi titrəyirdi, kimsə eşitməsin deyə çalışdığı qədər yavaş deyirdi. Bu sözün mənasını anlamasam da yaxşı bir şey olmadığını hiss etdim. Və elə o hadisədən sonra mən, anamın bətninə qonaq gəlmişəm. Anam mənə bunu da dedi ki, əgər baş verənləri kiməsə danışsa , ondan utanacaqlar. Anam bütün bu danışdıqlarından sonra məni sevdiyini də dedi. Mən də onun yaşadıqlarını yaşamayım deyə, ikimiz üçün ən yaxşı olanını edəcəyinə söz verdi.

Bu mənim anamla ilk və son sirrim oldu.

Leyla Baycan