Göydən üç ədəd atom bombası düşür. Biri Bakının rus dilli intellektual təbəqəsinin başına, biri ingilis dilli intellektual təbəqəsinin başına, biri də türk dilli intellektualların başına. Yerdə qalanlar isə – mən, sən, o, bu kimi azərbaycan dilli, intellekti bir dilə bəs edən kəndçilər qalırlar bombasız. Çünki göylər padşahlığında cəmi üç atom bombası varmış. Rus dili, ingilis və türk dilini bilən, yorğanı bildiyi “dillər” istiqamətində dartanlar ölürlər, qırılırlar, sağ qalanları isə yerindəcə cırırlar. Cırılanlar Qala divarlarınının qarşısında naməlum intellektuallar kimi dəfn edilirlər.

 

Bakıda ancaq azərbaycan dilində danışan intellekt və çayxana sahibləri qalır. Xoşbəxtlik küləyi şəhərə qayıdır. Hamı azərbaycanca danışır, ilişməyə, irad tutmağa adam qalmır – rus dilində danışan yox, tatuajlı qız yox, siqaret çəkən xala və şort geyinən əmilər yox.

 

İlk günlər hər şey gözəl keçir. Bakının hər tin-bucağından muğam sədası, aşıq musiqisi və meyxana beytləri eşidilir. Avtobus sürücüləri ancaq sol zolaqla sürür, harada istədi saxlayır, istədikləri anda siqnal verirdilər. Əvvəl gecə klubları, sonra pab və bar formatlı yerlər bağlanılır, xarici koverləri oxuyub canlı ifadan pul qazanan qrupların nümayəndələri isə çıxış etdikləri obyektin önündə asılaraq edam olunurlar.

 

Məktəblərdə bütün xarici dillər yığışdırılır, ancaq azərbaycan dili və ancaq din dərsi saxlanılır. Yəni azərbaycan dilini və kəlmeyi-şəhadəti bilsən, “yaxşıdır, inkşafa doğru gedəcəksən”. Bağçaları ləğv edirlər, çünki uşaq bağçası struktur olaraq sovet dövrünü xatırladırdı – əl-ələ tutub yolu keçən uşaqlar, nəzarətçi-tərbiyəçilər, sonra Asif, Vasif, Aqasif və s. Qısası, “uşaq vaxtı kəndə göndərin ki, mal-qara görsün, yağdan-qaymağdan yesin, eşşək minsin, suya getsin, sonra məktəb, əsgərlik, institut, toy, uşaq”. Yeni nəsli “millətə sevgi, ətrafa nifrət” atmosferində böyütmək əsas məqsədə çevrilir. Xaricdən gələn mənfi ünsürlər, qeyri-konstruktiv gənclər, dağıdıcı liberallar, kafir ateistlər Nargin adasına göndərilir, orada açılmış konsentrasion düşərgəyə salınırlar.

 

Necə deyərlər, Bakı dərindən, rahat nəfəs almağa başlayır. Millilik paytaxtı qucaqlayır, ağuşuna alıb, alnının üstünə qoyur. Cins şalvarlar ləğv olunur, adidas-madidas zibilliyə atılır, Lui Vitonları dənizə tulazlayırlar.

 

Hər şey yaxşı gedirdi. Amma günlərin bir günü azərbaycan dilli intellektuallar arasında parçalanma olur. Onların bölüşə bilmədikləri it və pişiklərin bu xalq üçün nə dərəcədə əhəmiyyətli olub-olmaması məsələsi idi. Birinci qrup intellektuallar küçə itlərindən Bakının azad edilməsini istədiyi vaxt, ikinci qrup intellektuallar küçə pişiklərindən qurtuluşu daha məqsədəuyğun və vacib sayırlar. Beləcə, səhər tezdən hər iki qrupun (Antipişik və antiit) üzvləri düşürlər paytaxt küçələrinə. Biriləri pişikləri digərlərindən qoruduğu vaxt, digərləri itləri “bu birilərdən” qoruyur. İki qrup arasında dava düşür, polis gəlir, bütün it və pişiklər müsadirə olunur, qrup üzlərini isə Qobustana göndərirlər ki, oraları ilanlardan təmizləsinlər.

 

Lakin azərbaycan dilli intellektualları (mənim kimiləri) elə-belə susdurmaq olmaz. Pərəm-pərəm düşmüş qrup üzvləri Qobustana gedən yolda yenidən qruplaşır və birləşirlər. Bir qrup özünə, üzərində ağ it başı olan bayraq qayırır, özlərini “Ağ İtlər” adlandırırlar, digər qrup isə üzərində qara pişik başı olan bayraq hazırlayır, özlərini “Qara Pişiklər” adlandırırlar. İt-pişik söhbəti əvvəl paytaxtı, sonra Abşeron rayonunu, sonra ölkəni iki hissəyə bölür. Utanmaz intellektuallar “Ağ itlər” və “Qara pişiklər” partiyaları yaradıb, siyasi fəaliyyətə girişirlər – əsas məqsədləri isə dəyişməz qalır, ya itlərdən, ya pişiklərdən paytaxt küçələrini təmizləmək.

 

Gündüz vaxtı avtobus sürücüləri və onların asistentlərinin (konduktorların) nəzarəti altında olan küçələrə gecə vaxtı adların çəkdiyim qruplar çıxırlar. Qan su yerinə axır, zingildəyən itlərin, bağıran pişiklərin səsləri paytaxtı bürüyürdü. Bundan daha da dəhşətə gələn Bakı sakinləri qərara gəlirlər ki, şəhərdə ümumiyyətlə heç bir heyvana yer ola bilməz – insan şəhərdə, heyvan meşədə. Bəs şəhərdə yaşamayan insanlar və meşədə qalmayan heyvanlar necə? Olmaz! “Bütün insanlar şəhərə, bütün heyvanlar meşəyə” şüarı altında başlayan aksiya nəticəsində ölkənin bütün kəndləri boşaldılır, camaat şəhərlərə köçürülür, şəhərdə, zoopark və sirklərdə, evlərdə olan heyvanlar isə meşələrə doldurulurlar.

 

Nəticədə, Bakıda it-pişik qalmır, boşaldılmış kəndlərdə isə insan. Sonra vətəndaş müharibəsi başlayır. İtsevərlər, pişiksevərlər və avtobus sürücüləri ölkəni xaraba qoyur, BMT və MDB`də olan üzvlükdən imtina edib, bütün dünyaya müharibə elan edirlər. Vəziyyətdən istifadə edən ermənilər dünyaya car çəkirlər ki, “itlər və pişiklər hələ qədim vaxtlardan Azərbaycan ərazisində məskunlaşmış, sonrada Altaydan gələn vəhşi qəbilələr tərəfindən asimlasiya olunmuşlar”.

 

Beləliklə, uzun çək-çevirdən sonra dünya ictimaiyyəti Qarabağı itlərə, İrəvanı pişiklərə, Bakını isə avtobus sürücülərinə hədiyyə edir.

Avtobus sürücüsü

Tags: