Mən necə axmaq oldum

 Mən necə axmaq oldum

Mən sahilin ən kimsəsiz yerinə çatanda günəş ağır-ağır dənizin üstündən çıxmağa başlamışdı. Günəşin şəfəqləri usta rəssam tək səmanı parlaq gözəl rənglərlə boyayırdı. Dəniz dalğaları köpüklənə-köpüklənə sahilə tələsir, sonra eyni sürətlə yenidən geri qayıdırdılar. Külək çox güclü əsirdi. Bir tərəfdən saçlarımı dağıdır, bir tərəfdən isə burnumu öz soyuğu ilə qırmızı rəngə boyayırdı. Bir müddət beləcə dənizə tamaşa etdim. Dalğalar o qədər yumşaq idi ki, lap adama gəl-gəl deyirdilər. Saata baxdım. Saat səkkizə 25 dəqiqə qalmışdı. Saatı biləyimdən çıxarıb qumun üstünə atdım. Ayaqqabımı və corablarımı çıxartdım. Sonra isə yavaş-yavaş çılpaq qalanadək soyundum. Soyuq külək məni öz ağuşuna aldı. Bir müddət beləcə ayaqüstə çılpaq dayanıb, küləyi sümükləriməcən hiss edəndən sonra yavaş-yavaş irəliyə doğru addımladım. Su sanki məni ovsunlamışdı. Suya qovuşmaq arzusundan başqa ağlımdan heç nə keçmirdi. Artıq başımdan başqa bütün bədənim suyun içində idi. Hələ zamanımın olduğunu düşündüm. Bir az daha qabağa üzməyə qərar verdim və yorulanacan üzdüm. Sahildən xeyli uzaqlaşmışdım. Ağlımdan bir anlıq geri qayıtmaq keçdi. Lakin gec idi. Çox yorulmuşdum. Artıq bir az daha üzmək mənə yaşamaqdan və ya ölməkdən belə çətin gəlirdi. Bəli, məhz hər ikisindən. Çünki ikisini də bacarmadığım mənə bəlli idi. Beləcə sahildən xeyli aralı yorulmuş “mən”, suyun içində – iki dünyanın arasında qalmışdı – nə o tərəfə keçməyə cəsarəti çatmırdı, nə də yaşamaq üçün, sağ qalmaq üçün özümdə qüvvə tapmırdım…

Və birdən yuxudan ayıldım. Boğulurmuşcasına öskürməyə başladım.Yatağımın yanında yarıdolu qrafin vardı. Suyu başıma çəkmək üçün qrafini götürdüm, lakin gördüyüm yuxunu xatırlayıb onu dərhal yerinə qoydum. Ev o qədər səssiz idi ki, sanki bağırırdı: “mənim içimdə heç kəs yoxdu”.

Neçə vaxt idi ki, bu cür kabuslar görürdüm. Bu kabusları görməyim özümdə bir qəribəliyi sezməyimlə eyni vaxtda başladı. Qəribəlik isə bundan ibarət idi ki, özümü kənardan görməyə başlamışdım. Sözün həqiqi mənasında. Sanki ruhum ikiyə ayrılıb. Bir yarım bədənimi hərəkətə gətirir, ona əmrlər verir, bir yarımsa evdə tv-yə baxdığı kimi məni izləyir.Təbii ki, mən bunu heç kimə deyə bilməzdim. Necə deyim ki:

-Ey dostum, səni gördüyüm kimi özümü də görürəm. Sanki əkiz qardaşım var və o məni qarabaqara izləyir. Mənsə hansı olduğumu bilmirəm. Başa düşürsən məni? Əkizlərdən hansı olduğumu bilmirəm. İzləyənmi, yoxsa izlənilənmi. İkisi dəi mənəm? Hə, hə, mənəm. Mənəm deyəsən. Nə isə dostum, qısası özümü kənardan görürəm. Dostum, dəli deyiləm mən, anlıyırsan?… dəli deyiləm.

Həmin dost ya mənə gülər, ya da inanar. Və necə deyərlər, əgər inansa mənim üçün Maştağaya bilet də alar.

Əslinə qalsa ümumiyyətlə danışmağa heç kimim yoxdur. Və beləcə bununla yaşamağa başladım.

Dünən çox içdiyimə görə başımda ağrı vardı. Bu ağrı mənim həyatımın bir parçasına çevrildiyi üçün ona öyrəşmişdim. Saat hələ erkən idi. Yatağımda arxası üstə uzanıb tavana baxırdım. Səhərlər yuxudan ayılanda, ya da gecələr yata bilməyəndə tavana baxardım. Sanki proyektor qoşulmuş kimi hər şey gözümün önündən keçərdi. Nə görürdüm axı orda? Mikelancelonun rəsimlərini? Yox. O tavanda bir rəsmdən, bir ustanın rəsmindən daha artıq bir şey vardı. Orada keçmişin, indinin və gələcəyin qaranlığı məskən salmışdı. Ruhum kimi bütün zamanlarım da qaranlıq idi. Həyatımın əsası bundan, yəni qaranlıqdan təşkil olunmuşdu axı. Məndə digər rənglərə yer yox idi. Bəli, mən pis adam idim.

Ayağa qalxdım. Əynimi geyə-geyə danışmağa başladım yarımla.

-Bir özünə bax, heç fit deyilsən. Qızlar fit, əzələli oğlanları sevir. Buna görə təksən də. Həyatında kimsə olsa, bəklə qaranlıq tərəfdən aydınlığa keçərsən.

-Əl çək də məndən… Səhər-səhər beynimi ütmə.

-Ey… niyə əsəbləşirsən ki? Bax əlimizə nə gözəl imkan düşüb. Özümüz özümüzü görə bilirik. Bu bir şansdı. Dəyişilmək üçün bir şans. Artıq neçə aydır səni, yəni özümü izləyirəm. Yalvarıram, düzəldək özümüzü. Ən azı xoşbəxt olmağa çalışaq.

-Hmm, səndən nə əcəb. Bu aralar əvvəlki kimi qışqır-bağır salmamağın məni təəəcübləndirir. Yoxsa artıq məni izləmirsən ? Etdiklərimi görmürsən? Haaa… bəlkə o vaxtlar sən internetdə anasından ayrılmış pişik balaları videosunu izləyib ağlayırsanmış?

-Görməmək üçün hər şeyimi verərdim, amma çox təəssüf ki, hər şeyi görürəm. Bax gör nə deyirəm. Mən sənə səhvlərini deyərəm, sən də onları düzəldərsən.

-Ouuuuu…nə gözəl artıq mən yox ,vicdanım olmağa qərar vermisən? Dedim sənə, əl çək məndən. Əgər ağzını açıb artıq bir kəlmə desən, bu dəfə doğrudan biləyimi kəsəcəm. Bilirsən ki, edərəm. Bax, hazırlaşıb işə gedirəm. Mənə mane olma.

Mən hazırlaşdım. Əynimi geydim. Üç gündür dəmlənmiş çayı içib evdən çıxdım. Avtobusa mindim. Avtobusda ayaq üstə duran bir bəyin arxa cibindən pul oğurlayan şəxsi gördüm. Həmin şəxs üzümə baxdı və güldü. Mənsə səsimi çıxarmadım. Fikirləşdim ki,həmin ayaq üstə duran şəxsə xəbərdarlıq etsəm, avtobusda həngamə qopacaq, avtobusu dayandıracaqlar, nə bilim, polis çağıracaqlar, onda gərək polis bölməsinə gedim. Mənim telefonum deyil ki, onun üçün bu qədər həngamə qoparım. Avtobusdan düşdüm. İş yerimə doğru getdim. Çox təcrübəli proqramçı idim. Ölkədə bizim kimilərin sayı azdır. Bütün günü işlədim. İş yoldaşım məndən işlə bağlı kömək istədi. Əgər tapşırığı yerinə yetirməsəm, işdən qovulacaqdı. Bu axmaq qarşı masada əyləşən qızla sevgili idi. Hətta evlənməyə belə qərar vermişdilər. Həmişə biri-birinə baxıb gülümsəyirdilər. Mənim onlardan zəhləm gedirdi. Əsas da gülümsəməklərindən. Mən təbii ki, oğlana kömək etmədim. Əlavə olaraq da onu söydüm. Oğlan özündən çıxdı, Məni vurmağa cəhd etdi. Nəysə ki,onu tutdular. Qarşı masadakı qız oğlanın əlindən tutub onu sakitləşdirməyə çalışdı. Sonra qız yaxınlaşıb məndən şikayət edəcəyini bildirdi. O da eşidibmiş söydüyümü. Müdirin yanına gedib hadisələri bir az da şişirdib danışdım. Oğlanı qovdular. O axmaq “axı..axı..” deyə-deyə qalmışdı. Görəsən ona heç vaxt kömək etməyəcəyimi anlayacaq dərəcədə şüuru yox idi? İş saatım bitəndə evə getməyə tələsdim. Sonra fikirləşdim ki, əvvəlcə bir bara gedim, biraz içki içim, daha sonra gedərəm. Xoşbəxtlikdən bu yaxında bir bar vardır. Ancaq bir az piyada getməliydim. Gedən də arxamca bir it düşdü. Əl çəkmədi məndən. Nə qədər qorxutmağa çalışsam da uzaqlaşmadı məndən. Uşaqlıqdan nifrət edirdim heyvanlara. Həm də bütün heyvanlara. Heyvanlarda tək sevdiyim onlara işgəncə verəndə çıxardıqları səslər idi. Bunu fikirləşib bic-bic güldüm. Bu günlərdə gülmək mənim üçün nadir bir şey idi. Yaxındakı marketə girdim. Ordan yumşaq çörək və üzqırxan ülgüc parçası aldım. Çölə çıxıb iti harayladım. İt hələ də getməmişdi. Çörəyi görüb ətrafımda dövrə vurmağa və quyruğunu bulamağa başladı. Mənsə elə itin yanındaca çörəyi bölüb, içinə bir neçə ülgüc parçası qoydum və onu itə atdım. İt yeməyə başladı, mənsə barın yolunu tutdum. Orada bir kənarda oturub içməyə başladım. İçkiyə qarşı dayanıqlılığım yüksək idi deyə, o qədər də sərxoş olmurdum. Bardan çıxdım. Gec olduğu üçün taksi tutub evə getdim. Taksini küçənin girişində saxlatdım. Oradan piyada getməyə başladım. Arxa küçəyə buruldum. Nəsə səslər gəlirdi. Yavaş-yavaş səs gələn tərəfə yaxınlaşırdım. Gördüyüm qədərilə bir kişi və qadın dava edirdi. Qadın elə hey çığırıb ağlayırdı.

-N`olar buraxın məni. Xahiş edirəm buraxın məni. Xəstə anam məni gözləyir. Sizə pul verərəm. Heç polisə də getmərəm. Buraxın məni.

Kişi isə qadını zorla maşına otuzdurmağa çalışırdı.Onların yanından sakitcə keçdim. Qadın mənə baxdı. “Kömək edin ,kömək edin mənə” deyib qışqırdı. Kişi isə başı ilə “uzaqlaş burdan” işarəsini verdi. Mən də uzaqlaşdım. Mənə qəhrəmanlıq heç yaraşmaz axı. Birincisi dərimin tonuna uyğun deyil. Bu fikir məni xeyli əyləndirdi. Bunları fikirləşə-fikirləşə arxama baxmadan getdim. Evə gəldim. Əynimi dəyişdim və yatağıma girdim. Yuxuya daldım. Səhər həmişəki kimi tezdən durdum. Bir az tavana baxdım. Kabusu görmədiyim üçün kefim kök idi. Yerimdən qalxdım və küncdə dizlərini qucaqlayıb ağlayan “məni“ gördüm. Deyəsən bütün gecəni ağlamışdım. Küncdəki oturduğum yerdən durub özümə yaxınlaşdım.

Hıçqıra-hıçqıra ağlayan “mən“ sözə başladı:

-O adamın, fəhləlik edə-edə zəhmətlə qazandığı pula aldığı telefonun, oğurlandığını görüb ağlamağa başladığını bldin? İş yoldaşlarının sənə nə qədər nifrət etdiklərini duydun, ya da o itin necə zingildəyərək öldüyünü eşitdin? O qadının meyitini bu gün dəniz qırağından tapıldığını qəzetdən oxudun? Anasının da dözməyib intihar etdəcəyini necə, bilirsənmi? Heç ürəyin azca da olsa cız etmədi? Azca da olsa “mən nə etdim“ düşüncəsi səni….

Hələ də ağlayan “mən“in sözünü kəsib danışmağa başladım:

-Sən hər zaman hər şeyi çox dramatikləşdirirsən – telefonu mən oğurlamamışam, o gicbəsər isə onsuz da işdən qovulacaqdı. İt deyəsən məni dişləmək istəyirdi, mən sadəcə olaraq onu qabaqladım. Qadını da mən qaçırtmağa çalışmırdım. Yəni mənim heç bir günahım yoxdur. Özün də görürsən.

Ağlayan “mən“ özünü birtəhər toxtatdı, “bu gün məni dinləyəcəksən“ dedi.

-Dünən gecə çox düşündüm. Sən nə vaxtdan belə axmaq oldun? İnsanlıqdan nə vaxt çıxdın? Necə belə daşqəlbli insana çevrildin? Anlaya bilmirəm. Heç cür analaya bilmirəm. Dünən bir iti öldürdün. Bir qadının ölməsinə səbəb oldun. Bəs əvvəlki günlər? Əvvəlki illər etdiklərin necə olacaq? Etdiyin pisliklər, zəhərlədiyin taleylər, oğurladığın arzular, xəyallar – onlar necə olsun? Əllərin qanlıdır sənin. Qanlı əllərin o qədər qorxuncdur ki… Siman o qədər qorxuncdur ki… O iti öldürməyə hazırlaşdığın zaman üzündəki təbəssüm o qədər qorxunc idi ki… O qadının üzünə baxanda sifətinin aldığı donuqluq o qədər qorxunc idi ki… Qatil! Qatilsən sən.

-Bax, mən o qadını öldürməmişəm axı. Niyə başa düşmürsən? Əlim niyə qanlı olsun ki? İt məsələsində haqlısan. Amma bir şeyi nəzərə almırsan ki, onu “itlər cənnəti”nə göndərdim. Orqda daha xoşbəxt olacaq. Ən azı məni birdə heç vaxt narahat etməyəcək. Heyvan öldürəndə qatil sayılır insan?

Hıçqıran “mən” yerə baxıb çətin bir tapmacanının cavabını axtarırmış kimi eyni sözləri təkrarlayırdı.Artıq qarşısındakına əhəmiyyət vermirdi.

-Hələ də anlamıram necə dəyişdiyini .Sən niyə belə oldun? İnsanlığını nə vaxt itirdin? Niyə itirdin?

-Ey, kəs səsini! Mən hər zaman beləydim. Biz hər zaman beləydik. Nə tez unutdun. İşinə gəlməyincə unudursan. Yoxsa uşaq vaxtı öldürdüyümüz heyvanlar yadından çıxıb. Necə ki, atam anamızı öldürəndə səsimizi çıxartmamağımızı da unutmusan. İnsanlara pis, kəm gözlərlə baxdığımızı, həmişə üzlərinə gülüb, işlərini baltalamağa çalışdığımızı, əlimizə fürsət düşən kimi canlı olan bütün hisləri, gülüşləri söndürməyimizi – bunları da unutmusan. Deyirsən k,i mən nə zaman dəyişdim, insanlıqdan çıxdım. Öncə sualın səhvdir – biz nə zaman dəyişdik, biz niyə insanlıqdan çıxdıq? Biz, biz, biz…

-Yox ,yox… mən… mən günahkar deyiləm. Mən bilmirdim. Özümü izlədikcə anladım insan olmadığını. Sən heç vaxt dəyişməyəcəksən. Artıq heç vaxt insan ola bilməyəcəksən. Mənsə dəyişmək istəyirəm. Mən belə yaşaya bilmərəm, bütün bunlarla yaşaya bilmərəm. Çox ağırdır, əzilirəm. Çox ağrıdır, ağrını sümüklərimdə belə hiss edrəm. Yaşaya bilmirəm artıq. Yaşaya bilmirəm. Dünya o qədər qaranlıq gəlir ki, mənə, yalnız sənin əməllərini seyr etməyə məcburam. Sənin öldürdüyün hər şey mənə yapışıb. Həm onları, həm özümü daşıya bilmirəm artıq. Başqa rəngləri görə bilmirəm. Qaranlıqdan,qəddarlıqdan başqa hisləri duya bilmirəm. Yox, artıq yaşaya bilmirəm. Əlvida… mən gedirəm, əlvida.

Bunu deyib küçəyə çıxdım. Hara gedəcəyimi bilmirdim. Amma nə edəcəyimi bilirdim.Yəqin qəzətlər sabah məndən yazacaq – “dünən qadın meyiti tapılmış dəniz kənarında, bu gün bir kişi meyiti tapılıb”.

Artıq nə edəcəyimi bilirəm. Biraz dəniz mənzərəsi seyr etmək yaxşı olardı.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir