Mən heç təxmin belə edə bilməzdim ki, həyatda kim olacağam, amma hər zaman bilirdim ki, nə isə daha üstün bir şey üçün yaradılmışam…

C.D. Rokfeller

 

19, 1, 30, 14… m-a-v-i. Bu səmanın rəngidir. Onun səmasında isə hər rəng var.  Göy üzündə dayanmadan dövr edən göyərçinlərin bəyazı, balalarına yem verməyə tələsən sərçələrin qonuru, qarğaların göz qaraldan qarası və yağışla günəşin hər görüşündə ortaya çıxan göy qurşağının 7 rəngi. Hər görüşdə əli ilə  əzişdirib iyini içinə çəkdiyi təzə çəmənlərin üstünə uzanıb, göy qurşagının bir rəngindən digərinə atladığını düşünər, hər rəngdə həmən rənglə bağlı xəyallar qurardı. O, bundan zövq alırdı. Yaşıldan qırmızıya, daha sonra bənövşəyi və digər rənglərə ayaq basıb son olaraq mavidə dayanar, oradan aşağı atlanar və sonsuz səmaya qarışardı. Ancaq çox keçməzdi ki, üzünə düşən yağış damcıları onu oyadardı.

 

Bu dəfə isə onu xəyalından qolunda hiss etdiyi xəfif bir ağrı oyatdı. Nə baxdığı tavan göy üzü qədər saf, nə də üstündə yatdığı çarpayı çəmən qədər rahat deyildi.  Qolundakı iynə isə lap betər idi. Otaqda ağ rəngdən başqa tək rəng qanın qırmızısı idi, içəri girib çıxan həkimlər isə onunla heç nə danışmır, sadecə öz vəzifələrini yerinə yetirirdilər. Onun ayıldığına belə heç kəs  əhəmiyyət vermirdi. Bir həkimin arxasınca “anam haradadır?” deyə soruşdu. Ona baxan qadının gözlərindəki soyuqluqdan qorxsa da o, bu sualı təkrar etdi. Həkim ondan adını soruşdu, ancaq adını xatırlamamağı özünə də qəribə gəldi. Xəstəxanada qaldığı günlərdə hər gün anasını soruşur və adını xatırlamağa cəhd edirdi. Bu normal deyildi. Eyni ilə başında hiss etdiyi ağrı və böyük yara kimi. Orada qaldığı 2 həftə ərzində nə anasını görə bildi, nə də dostlarını, amma vaxt keçdikcə mehriban tibb bacılarının köməkliyi ilə qaldığı otağın divarlarına ağac, çiçək və tavana göy üzü rəsmi çəkdilər. Ağıllı və hazırcavab olan bu balaca oğlan 8 yaşı olmağına baxmayaraq artıq xəstəxanadakı hər kəsin sevimlisi idi. Orada müalicə alan özündən kiçik uşaqlara rəqəmləri saymağı, toplamağı öyrədirdi. Əlifbadakı hərfləri isə olduğu sıranın adı ilə adlandırıb yazılar yazırdı. Bu yazıları isə yalnız özü başa düşürdü, Bir də anası.

 

Təbii ki, 8 yaşlı bir uşaq yazmağı da bilirdi, oxumağı da. Ancaq  bunu hər uşaq kimi məktəbdə parta arxasında deyil, 1 otağın içinə sığan böyük evində, yemək masasının tam arxasındakı, təkcə dəmir yataqdan ibarət olan yataq otağında öyrənmişdi. Bunu ona anası öyrətmişdi. Bəzən anası ağlayardı, dediyinə görə bununla oğluna saymağı öyrədirdi. O, ağıllı uşaq idi. Bunun səbəbinin saymaq olmadığını yaxşı başa düşürdü. Amma hər dəfəsində qucağına çıxıb, ayaqlarını anasının belinə dolayıb  gözündəki yaşı sayaraq silərdi. Qəribəsi onda idi ki, anası hər gün daha çox ağlayır və artıq göz yaşlarının sayı onun bilmədiyi ədədlərə qədər gedib çıxırdı. Hər gün pəncərəsinin önündə dayanıb, cavan olmasına baxmayaraq, baxımsız və sısqa vücudlu, onun üçün isə dünyanın ən gözəl anasının gələcəyini ümid edirdi. Çünki anası ona hər gecə yuxusunda gələcəyini deyirdi.

 

Artıq 1 ay idi k,i oradaydı. Bəzən bağçaya enər, ayaqları olmayan bir qıza çiçək toplamaqda kömək edərdi. Dostları çox idi, lakin ən yaxın dostu, yan otaqda olan gözləri doğuşdan tutulmuş olan bir qız idi. O hər zaman o qızı qoruyar, əlləri ilə əşyaları tanıdardı.  Əməliyyat olduqdan sonra isə onun görəcəyini və onunla daha çox oyunlar oynayacağını söz vermişdi. Kənardakı təhlükələri belə hiss etməyən bu balaca qizcığaz da onun yanında daha xoşbəxt olurdu. Hər gecə yatanda isə “kaş mənim də onun kimi iri və mavi gözlərim olsa idi”  deyə dua edirdi. Bunu həkimlərdən eşitmişdi.

 

Zaman hər şeyə dərmanmış… təbii ki, xəstəxanada yaşlılar da var idi. Onların yanına getməyə icazə yox idi, amma ona bu sözü səhvən həmən mərtəbəyə qalxan, əlləri əsən bir qoca demişdi. O isə qocanın əllərini öpmüş, gözündən gələn bir damcı yaşa isə “bir” deyib, sevgi gözyaşı olduğunu demişdi. Hə, gələk zamanın dərman olmağına. Bu deyim onun üçün deyildi sanki, dünyada hər kəsə toxunsa da bu balaca oğlana heç toxunmaq belə istəməmişdi… Başında hiss etdiyi ağrı zamanla çoxalırdı. Onu artıq göy üzü belə sakitləşdirmirdi. Hər səhər ağlayaraq ayılar, qorxub onun otağına qaçan kiçik uşaqları görəndə isə gülərək zarafat etdiyini deyərdi.  Onlarla daima oyunlar oynayar, digərlərindən daha toppuş olan oğlana nəfəs almaqda kömək edər, onunla bağçada gəzişərdi. Lakin heç kəsin adını xatırlamamağı onu çox sarsıdırdı. Səslənə bildiyi tək insan isə ona əsl ana nəvazişi ilə yanaşan tibb bacısı idi. Ona da elə ana deyirdi..

 

Bir gecə pəncərəsi yağışın şiddəti ilə bərk tərpənəndə, o tibb bacısı gecəni onunla keçirərək onu yatızdırmışdı. Elə həmən gecənin səhəri ayılarkən ağrı hiss etmirdi, daha gümrah, daha şən idi. Bir-bir bütün yoldaşlarını ziyarət etdi. Onlarla deyib güldü, danışdı, birlikdə rəsmlər çəkdilər. Sonra isə gəldiyi gündən yatağının kənarında asılan mavi şarı götürüb bağçaya endi. Onu, bir gün qabaq dünyasını dəyişən balaca qıza məxsus və  xəstəxananın bağçasında qalan əlil arabasının qoluna bağladı. Geri dönüb içəri keçdi. Otağında yır-yığış edən tibb bacısı ilə digərinin söhbətini eşitdi:

 

– Yazıq uşaq, bilirsən necə həyat doludur? Xəstəliyinin nə olduğunu belə bilmir. Doğuşdan imiş. Bircə dəfə də olsun soruşmayıb. Bir ay qabaq anası özünü asdı. Oğlunun ölümünü görmək istəmirdi.

– Kim istəyər ki? Belə halda mən olsaydım nə edəcəyimi bilməzdim..

-Sus, sus… bu halı heç kimə arzulamaram. Neçə günü qaldığını dəqiqliklə bilmirəm amma, edəcəyi şey yaşındanda böyükdür, boyundan da.. Tanrı bu vəzifəni niyə məhz ona verib? Axı o yaşamalıdır..

– Bunu anası istədi?

– Hə.. ərizəsi də var…

 

Bunu demişdir ki, tibb bacısı, əlində yastıq donub qaldı. O, qapının kənarında idi. İçəri girdi, az öncə eşitdiklərini unutmadan təkrarladı. “Anası, öldü, xəstə” davam edərək ”mən belə uşaq tanımıram” deyəndə isə iki qadın da dərindən nəfəs aldılar.

 

– Keç əzizim, yatmaq istəyirsən? Bəlkə yemək?

– Hə, hə, yemək yeyirsən? Bu saat mən..

– Hə, sən get… məndə… gəl, gəl uzan balaca…

 

Onun üstünü örtüb təlaşla çıxdı. O heç nə yemədi… Gecə də yatmadı… Tibb bacısı onun başında dayanmışdı… Eşitdiyi hadisələrin kimin başına gəldiyini bilmək istəyirdi… Hətta o uşaq üçün ağlayırdı da.

 

Bu gecə onun xahişi ilə tibb bacısı divara rəqəmlər yazdı. Yağış dayanmırdı. Onun gözlərinin yaşı da. Səhər açıldı.  Pəncərəsi rəngarəng idi. O qaçaraq bağçaya endi. Sevinirdi, qapıdan çıxıb, öz pəncərəsini axtardı, tapdı, üzünü çevirəndə isə qarşısında böyük bir göy qurşağı gördü. Dərhal çəmənliyə uzandı, dalıyca qaçan tibb bacıları isə onu ilk dəfə idi ki, bu qədər sevincli gördükləri üçün donub qaldılar… Otları əzir, dərin nəfəs alır, göy qurşağına baxırdı. Bu səfər hər rəngdə bir yoldaşını xəyal etdi… Mavidə dayandı. Anasının əlindən tutdu və atladı.. Yenə səmaya qarışdı.

 

Bu səfər isə tam fərqli oldu. Yağış üzünə nə qədər yağsa da o ayılmadı…  Üstündən 1 həftə keçdi. Qaldığı otaq boş idi. Divardakı rəqəmlərin sirri də sonunda açıldı. Tibb bacısı  divarda yazılan rəqəmlərin “mən yaşayıram” demək olduğunu biləndə isə hönkürdü və onun hər şeyi bildiyini başa düşdü. Sonsuz olan bu gənc qadın, birdə kimin ona elə içdən “ana” deyəcəyini bilmirdi.  Bəli.. o yaşayırdı. O, hələ də yaşayırdı. Qadın qapını bağladı, otaqları gəzə-gəzə onu izləməyə başladıi. O, yan otaqda görürdü, digər otaqda nəfəs alırdı, başqa birisində isə ürəyi döyünürdü. O, yaşayırdı. O, hələ də yaşayırdı. Vəzifəsini isə yerinə yetirmişdi. Onun kiçik ürəyi bu dünyaya gələrkən,  başqasının bədənində döyünmək ilə səma rəngli gözləri başqasının həyatını işıqlandırmaq ilə vəzifələndirilmişdi. Dünyaya gəldi, dünyanı sevdi, getdi. Sonda isə balaşa qizcığaz, istədiyi mavi gözlərə qovuşdu…

Şəhla Almuradova