Hər şey o məqamda başlayır. Bütün sıxıntılar, bütün çətinliklər. Hər şeydən –  metronun ritmindən, dinlədiyin musiqilərdən, dostlarından, axşamacan susub dinləməkdən, gözlərinlə şeir yazarkən üzünün gülməyindən, qələmi fırlatmaqdan və nəhayət, özündən; bezmək. Yəni oksigeni də ritm pozulmasın deyə çəkirsən ciyərlərinə, addımlarını da ayaqların bir-birinin xətrinə atır, şeiri də vaxt öldürmək üçün yazırsan – bax o məqam. Dostlarının  əhatəsində dərin bir quyuya enirsən. Səslərini eşidirsən, orada olduqlarını bilirsən, torpağı cırmaqlayırsan, əllərinin içi qan olsa belə mübarizə aparıb çıxırsan quyudan. Və…Və görürsən ki, onlar sənin quyuya düşməyinə gülürlərmiş.

Mən çox gənc idim. Bu hisləri keçirmək çox ağrı verirdi. Mübarizə aparmaq istəyirdim. Amma kimə qarşı. Mən “bezmiş mən”ə qarşı mübarizə aparacağam? Amma xeyr, bir çıxış yolu var idi. Mən, “bezmiş mən”ə qarşı mübarizə aparmağa vadar edəcək səbəbi tapmalı idim. Heç çox da axtarmalı olmadım – Tanrı.

Əslində onun məni çox sevdiyini düşünürdüm. Amma etdikləri düşüncələrimi təkzib edirdi. Mən onun görünməz olmağından narazı idim. Ona çoxlu suallarım var idi. Bu görünməzliyi isə suallarıma cavab tapmağa əngəl idi. Və nəhayət qərara aldım ki, onu tapım. Beləliklə, uzun bir yola çıxdım. Yanımda isə iki şey götürdüm. Əslində Tanrının harada olduğunu, ünvanını bilmirdim. Amma onu tapmağın yolunu bilirdim. Çaxır və Quran. Bu onu qıcıqlandıracaqdı, bilirdim. Küləyin səsimi yaydığı ulduzsuz bir gecədə, çaxır içə-içə Quran oxuyurdum. Bərkdən oxuyurdum. Hətta qışqırırdım. Çaxır dadan dilim can verirdi ayələrə, surələrə. Bu, onu əsəbləşdirəcəkdi. Bilirdim. Xeyli getdim. Artıq sərxoş olmuşdum. Ayələri gülə-gülə oxuyurdum. Çaxırım da bitirdi. Çox yorulmuşdum. Amma onu tapmaqda israrlı idim.

– Qorxmursan?

Bir neçə saniyə susub, sonra cavab verdim.

– Nədən?

– Səni cəzalandırmağımdan.

Bu cavabı məni çox güldürdü.

– Sən hələ cəzalandırmayıb məni bu yerə çatdırmısan, cəzalandırsan gör nə olar.

– De görüm, nə istəyirsən?

– Çaxırın olmaz? Zarafat edirəm… Dayan bir, heç tanış olmadıq. Mən Əli, sən kimsən?

– Axtardığın.

– Həə, demək, Tanrı sənsən. Nə yaxşı, tapdım səni. De görüm niyə gözə görünməzsən? Yaradan sənsən. Bu qədər xüsusiyyətlərin ola-ola: məsələn, insanlar arasında çox varlı biri kimi yaşayıb hərdən yoxa çıxa bilərdin, yalnız dostlarının bildiyi bir yerdə yaşaya bilərdin, başqa planetdə qala bilərdin. niyə gözə görünmürsən?

– Onu Tanrı olanda bilərsən.

– Bilirsən, həmişə səninlə söhbət etməyin xəyalını qurmuşam. Planlaşdırırdım hər şeyi, sənə verəcəyim sualları. Amma indi qarşımdasan, donub qalmışam. Bilmirəm nədən başlayım. Yəqin ki, sənin insanlara ayıracaq vaxtın azdır. Yazılası əsərlərin var. Tez gedəcəksən. Ona görə çox həyəcanlıyam. Suallar arasında itib batmışam… Yaxşı, gəl belə edək… Bütün planlarımı unuduram. Ağlıma gələn sualı verəcəm. Məsələn, mən hər gecə sənə dualar edəndə  eşidirdin?

– Əlbəttə, eşidirdim. Mən bütün duaları eşidirəm.

– Yaxşı, nə olardı, heç olmasa eşitdiklərindən birini yerinə yetirərdin də.

– Ey mənim sevimli bəndəm, mən nəinki birini, eşitdiklərimin hamısını yerinə yetirirdim. Amma sən onları görə bilmirsən. Dərk edə bilmirsən.

– Onda belə çıxır ki, İlahə məni sevir, tanınmış yazıçı olacam, həm də məşhur və varlı biri olacam? Ah… bunları eşitmək necə də xoşdur. Yaxşı, sən bizim istədiyimiz hər şeyi edirsənsə, day`onda sənə nə ehtiyac var, özümüz istədiyimizi edək də.

– Sən nə danışırsan? Elə şey olar? Sizə bir başçı lazımdır. Yoxsa sizi öz başınıza, öz ağlınıza buraxsam, min hoqqadan çıxarsınız.

– Hə, düz deyirsən… Yaxşı, bəs niyə insanların yarısını xoşbəxt edirsən, yarısını bədbəxt?

– Ey sevimli bəndə, xoşbəxt və bədbəxt insan yoxdur, sadəcə insan var. O sözləri siz yaratmısınız. Mən sizə hər ikisindən eyni dərəcədə paylayıram. Siz, insanlar özünüz müəyyən edirsiniz. Hansı tərəfə meyiliniz çoxdursa, özünüzü ondan hesab edirsiniz.

– Bax, buna çox təəccübləndim. Deməli, mənim də xoşbəxtlik payım var? Deməli, axtarışım nəticə verdi. Tanrı, bilirsən mən bura gələnəcən sənin varlığına zərrə qədər də inanmırdım. Və inananları da axmaq adlandırırdım. Amma artıq sənin varlığına heç bir şübhəm yoxdur. Sən çox yaxşı birisən. Nə edirsənsə, bizim yaxşılığımız üçün edirsən. Bu arada, üzr istəyirəm, içkiliyəm… Amma mənim ağlım bir şeyə ilişdi ee. Bayaq səndən gözə görünməzliyini soruşdum. Cavabında isə bunu yalnız Tanrı olan zaman anlayacağımı dedin. Səndən son istəyim budur: bir gün sən insan ol, mən Tanrı olum, sən bəndə ol, mən yaradan olum, sən yaşayan ol, mən yazan olum; görüm,gözə görünməzlik necə bir şeydir. Razısan?

– Dözə biləcəksən?

– Hə…

Bacarmadım. 1 dəqiqə belə. Tanrı insan ola bildi. Amma insan Tanrı ola bilmədi.

Əliş Abdulla