Ajax Loading Image

 

Hər dəfə bunu istəyirdi. Yerinə uzananda, göz yaşlarının qurumuş izləri gözlərinin kənarlarıını yandıranda, yun çubuğu, ayaqqabı və kəmər durmadan ona zərbələr endirəndə, “oxuyub adam olmağın” sirlərini eşidəndə, uşaq məntiqinin gəldiyi nəticələri sual formasına çevirib soruşanda, “gicbəsər”, “ağılsız”, “eşşək”, “köpəkoğlu” ifadələri ilə qarşılaşanda – hər dəfə! Əslində anası evdə çox əziyyət çəkirdi və atası da ailə başçısı kimi çox işləyirdi. Anası dişlərini tez-tez yumazdı, unudardı, buna görə anadan eşitdiyi məzəmmət, xəbərdarlıq və sillə-qapazlar dözülməz ağız iyi ilə müşayiət olunurdu. Atası isə, ailədə, qohum-qonşu içində, işdə hörməti olan kişi, tipik özünə hörmət qoyan bığlı erkək – zəhmətkeş və zalım birisi idi. Yeddi yaşlı balaca oğlan onların hər ikisini öldürmək istəyirdi. Balaca uşaq xəyallarında dondurma, bitib-tükənməyən şokolad yağışı, velosiped və oyuncaqlarla bərabər, qisas, kin və əsəb kimi effektiv mənfi təəssüratlar dolaşırdı.

 

Ad günündə, evlərinə yığılmış qonaqların birinin siqaret qutusundan götürdüyü siqareti və onu gizlətdiyi yeri anası görür, qonaqlar gedəndən sonra ailə-məişət məhkəməsi qurulur. İttihamçı-prokuror anası və içkili hakim olan atası, balaca oğlana hədiyyələrlə oynamağa qoymurlar. Ad günü tortundan növbəti tikəni ağızına aparanda sol yanağından od püskürür – ata silləsi. Tort tikəsi düşür çayı soyuyan nəlbəkiyə. Sonra sanki qaldırıcı kran kimi, qulağından tutan atası onu qonaq otağına aparır. Ana məğrur və amiranə halda tapdığı siqaret dənəsini masanın üzərinə atır.

 

-Eşşək bilirsən bunu harada gizlədib? Gizlətməyi bir kənara, bilirsən kimin siqaret “paçkası”ndan bunu oğurlayıb? Ad günündə oğurluq edir! Bunun axırı nə olacaq? Türmələr gəzəcək!.. Əllərin qurusun!

-”Remen”i ver… gətir bura. Cavab ver görüm, qoduğ! Kimdən oğurlamısan?… Harada gizlətmişdi?

-Şkafın paltarlar olan gözü var e…orta göz…harada dəsmallar zad var. Harada ki, biz Məkkədən gətirilən “Quran” kitabını saxlayılırıq. Orada, dəsmalların altında gizlədibmiş.

 

Balaca oğlanın vəkili yox, formalaşdırıb cavab verəsi yeri yox. Başına dəyən bir neçə valideyn qapazı və ad günü tortunun kreminə bulaşmış barmaqlarının üstünə dəyən dəri kəmərin zərbələri, onu gözüyaşlı yatağa aparır. Ad günü üçün bundan ideal sonluq?

 

Yorğanı başına çəkir, hıçqıra-hıçqıra gözlərini yumub, yumuruqlarını sıxır – oğlan bu dəfə zəlzələ arzu edir. Əsl və güclü zəlzələ. O əmindir ki, indi zəlzələ olsa, özü sağ qalacaq – balaca çarpayının altına girəcəkdi, çarpayı uçub dağılan daş və divarlardan onu qoruyacaqdır. Anası və atası isə çətin sağ qalsınlar, çünki onların çarpayıları böyük, çarpayının altında isə balaca yer – deməli zəlzələ vaxtı öləcəkdilər. Zəlzələdən sonra qaldıqlar binada heç kəs sağ qalmayacaqdı, yalnız balaca oğlan. O, sağ-salamat balaca çarpayının altından çıxıb, yerlə yeksan olmuş yaşayış binasının xarabalığını tərk edəcəkdi. Sonra isə… O sonra nə edəcəyini də xəyal edirdi.

 

Sonra isə evlərindən bir az aralıda yerləşən şirniyyat mağazasına gedib, vitrin şüşələri sınmış və qapısı açıq obyektə girəcəkdi. Neçə dəfə gördüyü, neçə dəfə istədiyi, ana-atanın almadığı və əvəzinə “kimyəvi” kremli biskvit yediyi, həmin o tortu dadacaqdı. Doyunca yeyəcəkdi – kefə bir bax, bunu etməyə ona heç kəs maneə olmayacaq.

 

Sonra ekler, fıstıqlı makaron, şəkər tozu səpilmiş donutlar… Uşaq yavaş-yavaş yuxuya gedir. Yanaqlarında qalmış göz yaşlarının izləri indi qəribə sərinlik verir. Elə bil sərin meh əsir…

 

Yeddi yaşlı balaca oğlanın qısa saçlarını külək sığallayır. Dodaqlarının kənarlarında qonur rəngli krem, çənəsində və burnunun altında ağ toz. O, zəlzələ vaxtı bir divarı aşmış şirniyyat dükanının qarşısındadır. Əlində şirin kətənin yarısı var. Sərin külək getdikcə soyuyur. Evə dönməyə qərar verir. Yolda kətənin qalmışın yeyir.

 

Binadan qalan əsər-əlamət daş və beton parçalarıdır. O diqqətlə yan-yörəsinə baxır. Sonra xəyalın davamını yada salır – valideynlərini öldürəndən sonra nə etməli olduğunu xatırlamağa çalışır. Velosiped istəyirdi – şəhərə getmək lazımdır, şəhərə həmişə valideynləri ilə çıxıb. Kinoya getmək olar – indi “Spiderman”in (hörümçək adam) yeni seriyası gedir. Amma kino-teatra bir dəfə gedib, onda da atası ilə; o da “popcorn”u ehtiyatsızlıq edib dağıtdığına görə cəzandırılmış, cizgi filminə baxmayıb, əlində boş “popcorn” qabı evə qayıtmışdılar.

 

Darıxır. Valideynlərini istəyir. Onlar da heç nə olmamış kimi binanın qalıqları altından çıxırlar. Anası əyilib onu qucaqlayır. Atası yalnız başını sığallayır…

 

-Qalx ayağa…dərsə gecikəcəksən yoxsa.

 

Səhər açılır. Dişlərini yuyarkən məktəbli pencəyini batırıb, səhəri qapazla açmış olur. Gündəlik norması budur. Artıq məktəbə gedəndə öz-özünə söz verir ki, valideynlərini növbəti dəfə öldürəndən sonra, onları geri istəməyəcək – diriltməyəcək.

Müəllif: Rüşeym

Tags: