Koroğlu Azərbaycanın qədim və sözünü deyən vətəndaşlarından biridir. O elə bir vətəndaşdır ki, hər xalq ona sahib çıxmaq istəyir, atını istədiyi yerdə saxlaya və istədiyi yerdə məskən sala bilər. Əslində isə Koroğlu bütün xalqlara acıq verib Xaçmazda məskunlaşıb və indiyə qədər burada fəaliyyət göstərir. Lakin bu barədə çox adam bilmir. Ümumiyyətlə Koroğlu haqqında az şey məlumdur, misal üçün onun adı Koroğlu yox, Koroğru olub, etika xatirinə və əfsanəyə romantizm qatmaq üçün adını dəyişiblər. Bakıda olan heykəlinin açılış mərasimində iştrak etdiyi barədə xəbəriniz varmı? Sevgilisi Nigarla çoxdan ayrılıblar, Nigar indi Dubayda ticarət obyekti işlədir. Koroğlu da o vaxtdan bəri atla yaşayır, pis çıxmasın. Yəqin siz bilmirdiz Koroğlunun çox güclü və çevik  bığları olduğunu. İnanmaq çətin olsa da, o asanlıqla bığları ilə telefonda sms yazır, bir vedrə suyu qaldırır, üstünə yorğanı çəkir. Yəni ki, bilmədiyiniz şey-şüy çoxdu.

 

Uzun müddət quldur və yolkəsən işləmiş qəhrəman yol infrastrukturu ilə yaxından tanış mütəxəssis olduğu üçün Xaçmaz şəhərində bir müddət  yolgöstərən vəzifəsində çalışır.

 

İndi soruşacaqsız bu nə peşədir, nə işdir, yolgöstərən nə deyilən şeydi? İzah edirəm – yolgöstərən hər hansı konkret şəhər və kəndə gedən, yaxud müəyyən bir istiqamətdə hərəkət edən sürücülər üçün yolu göstərən  şəxsə deyilir. Bu vəzifə xüsusi olaraq Koroğlu kimi oğlanlar üçün yaradılıb.

 

Deməli, əvvəlcə Koroğluya Xaçmaz şəhərindən çıxış yollarından birində yer  vermişdilər, o da atı ilə həmin çıxışda oturub Bakıdan gələn, Xaçmazdan çıxan avtomobillərə Xudat və Nabrana gedən yolu göstərirdi; darıxan yolçular üçün mahnı oxuyur, 1 stəkan çay süzür, bığları ilə müxtəlif fokuslar edirdi. Bir müddət ağıllı-başlı işləyən Koroğludan şikayət filan yox idi. Rayon camaatı ondan razılıq edir, Bakıdan gələn qonaqlar onunla selfi çəkdirir, ondan avtoqraf alırdılar. Xaçmazın Dəmiryolu Vağzalında seküriti işləyən Şah İsmayıl Xətai dəfələrlə onun ünvanına xoş sözlər deyir, təriflər yağdırırdı.

 

Aradabir işdən sonra Koroğlu və Xətai köhnə dostlar kimi vağzalın çevrəsində olan çayxanaların birində nərd vurur və domino oynayır, pivə içirdilər. Camaat Novruz bayramında Koroğlu ilə bayramlaşmağa gedir, onun atını səməniyə, özünü isə şəkərbura və yumurtaya qonaq edirdilər.

 

Günlərin bir günü Koroğlunun köhnə tanışlarından olan məşhur toyuq oğrusu  Robin Qud ona zəng edib ”gözəl yaşadığı” və ”pula pul” demədiyi barədə danışır. Sən demə, Robin Səlyan – Hacıqabul yolunda yolqırağı bir ağac tapıb gizlənib dalında. Əyninə polis paltarı geyinən ingilis mənşəli ”vor zakon”,  gəlib-gedən avtomobilləri saxlayır, sürücülərin sənədlərini yoxlayır, bir bəhanə tapıb onlardan pul alırmış. Bəli, bu söhbət Koroğlunu tutur, depresiyaya düşür. Nə də olsa, o da köhnənin quldurudu, güclü ”dvijeniya”sı olub. Zarafat deyil, 7777 fişdilleydən ibarət bandası olub. Qədim vətəndaş dözə bilmir və haqq yolundan çıxır. Həmin gündən başlayaraq yolgöstərən Koroğlu sürücülərdən zornan pul almağa başlayır – sadəcə o üz, bu üz keçən maşınları saxlayır, atını dal ayaqları üstə qaldırır, uzun bığlarının uclarını aşağı-yuxarı hərəkət etdirir, qorxuya düşən sürücü isə çıxarıb pul verir. Qılınc zad, nə bilim əlbəyaxa, güləş-müləş lazım olmur, eləcə ikiayaq at və hərəkətli bığ.

 

Sonda təngə gələn yerli və gəlmə camaat Xətaiyə şikayət edirlər. Xətai nə qədər zəng etsə də, whatsup’da yazsa da, Koroğlu ona cavab vermir, hətta bir müddət sonra onu facebook’da dost siyahısından da silir.

 

Məsələ böyüyür və yuxarılara gedib çatır. Koroğlunu işdən çıxarmırlar, sadəcə yerini dəyişirlər, əslində daha yaxşı yerə göndərirlər – onun iş yerini Xaçmaz şəhərinin girişində olan dairəyə köçürürlər, düz dairənin mərkəzində ona yer verirlər. Əslində bura köçürülməsində məqsəd həm də göz qabağında olacağı idi ki, bu da gələcək şuluqluqlardan hamını bir növ sığortalayırdı.

 

Amma sən saydığını say, gör Koroğlunun bığları hara baxır. Yeni oturduğu yer 3 istiqamətin yol ayrıcısı idi – Bakıya, Qubaya və Xaçmaz şəhərinin içinə. Ətrafda isə kəlan ticarət obyektləri yerləşirdi. Gündə minlərlə maşın gəlib keçirdi. Koroğlu gözdən pərdə asmaq məqsədi ilə 1-2 həftə ağıllı-başlı yolgöstərənlik edir, sürücülər onun köhnə zibillərini yavaş-yavaş yaddan çıxarmağa başlayırlar. Düzdü ki, bir-iki dəfə Qubadan Nabrana gedən maşınları səhvən Bakı istiqamətinə yollayır, amma o da pivəyə görə – içib nadinclik etmək istəyibmiş. Əşi, hamıda olur.

 

1 ay keçdikdən sonra vəziyyət tamamilə dəyişir və Koroğlu yenə də xuliqanlıq etməyə başlayır. Maşınları saxlayıb sürücüləri bığları ilə qıdıqlayır, atını avtomobillərin üstünə sürür, böyük-kiçik bilməyib hamıdan pul alır. Qanunu atının nalına almayan Koroğlu ümumiyyətlə cızığından çıxıb gecələr yeyib içir, səhər isə işə çıxmır. Bununla kifayətlənməyən Korik nəşə satmağa başlayır, az qala Xaçmazın yarısını otla təmin edir. Yerli barıqalar ona Koroğlu Eskobar adını verirlər.

 

Əhali təngə gəlib ora-bura şikayət ərizələri yazır. Və nəhayət bıçaq sümüyə dirənir. Koroğlunu işdən çıxarırlar. Ona rayona girişdə, arkadan sonra yolun solunda salınmış parkda balaca obyekt verirlər.

 

Özü də kimlə bir sırada – Qaçaq Nəbi ilə, Həcər ilə və neondertal insanla (yaxud nəhəng qorilla, dəqiq məlum deyil) eyni xəttdə. Bax belə.

 

İndi Koroğlu parkda at üstündə oturub camaatı əyləndirir. Parkda işləyən zebra, zürafə, dəvə və digər canlılar onu danışdırmırlar, çünki köhnə söhbətlərdən xəbərləri var, həm də onun bığları hələ qorxuludur. Lakin Koroğlu at qarışıq parka köçəndən sonra bəzi park işçilərinin gözləri qırmızı görənlər olub, bundan savayı parkda sürealistik eksponatlar – ”çəngəlli vişnə”, ”havadan asılmış çaydan”, ”paltar asan sancaq” və s. peyda olub.

 

Arada Qaçaq Nəbi ona göz ağardır, o da ki, Həcərə görə. İnanmırsızsa, Xaçmazda olanda mütləq o parka gedin və Koroğlunun özündən soruşun.

Fövqəladi oğlan