Yadelli Lyuk

 Yadelli Lyuk

Çox danışdı. Qoymayın. Çox danışanlar düşüncə sağlamlığımıza ziyandır. Hər kəs gərək az danışsın, çox hərəkət etsin. Elə mənim tanıdığım yazıçı kimi – onun adı Conidir. Coni hər tərəfli vətəndaşdır. Hətta ayaqyolunda olanda belə vətəndaş olduğunu unutmur, bunu tez-tez təkrarlayır:

 

-Mən vətəndaşam.

 

Coni yaxşı yazıçıdır. Arada gic-gic şeylər yazsa da, arada tutarlı hekayə və povestlər onun qələmindən çıxır. Coni zəhmətkeş insandır. Hər gün bir şey yazır. Hər gün ideya ardınca dama dırmaşır, zirzəmiyə düşür, blok boyunca qazyerişi ilə yer dəyişir. Arada elə yazır ki, sonra pozmalı olur, “həyatdır, bilmək olmaz – birdən də…”

 

Coni nümunəvi ailə sahibidir. Onun ailəsi, özü və özünün dostu olan özündən ibarətdir. O heç vaxt, heç kimlə, heç bir şərt daxilində evlənmək sövdələşməsi etməyib. Coni rəsmi evliliyi, ucuz və bayağı bulvar qəzetlərindəki şit lətifəyə bənzədir. Ailə münasibətləri mövzusundan söhbət düşəndə günün meteoroloji xəbərlərini xatırladır, öskürür. O hesab etmir, iddia edir, dalında durub, qabağında rəqs edir. O hətta peşəkar rəqsbazdır.

 

Amma Coni çox az danışır. Çox az. Lap az. Bəzən günə bir söz, bəzən sözyarım. Bir dəfə onu aldatmaq istəyən satıcıya hündürdən “xi!” demiş, getmiş, səhəri qayıdıb “yar!” əlavə etmişdir. “Az söz, çox meyvə” deyən yazıçı, hamını danışmaq əvəzi meyvə yeməyə dəvət edir.

 

Yerli orta məktəbdə dərs deyən müəllim Dilzad xanım bir dəfə Conidən soruşmuşdu:

 

-Cənab Coni, qorxmursuz ki, çağırışınızdan ilhamlanan oxucular ölkənin meyvə ehtiyatını bitirərlər?

 

-Si!…

 

Coni yerli bələdiyyə ilə yaxşı münasiətdədir. O, Coniyə ərzaq dükanının qarşısında beş kvadrat metrlik yer verib ki, yazıçı orada skameyka qoyub otura bilsin. Niyəsini Coni mənə deməyib.

 

Bir şeyə əminəm – o, mənim yaxşı tanıdığım digər paranormal şəxsiyyət ilə yaxından tanışdır, Herakl Şalvarzadə ilə. Eşidəndə özümü itirmişdim. Coni cavab əvəzinə ürəkdən asqırmışdı. Hətta onların məktubla yazışmaları da var. Yazışmaların birində Herakl Conini, hekayələrində olan aşırı termo-apokaliptik fikirləri “adam dilində” yazmamaqda günahlandırır, həmsöhbəti isə ona cavab əvəzinə bir sitat gətirir – yazır: “Bərdə pendiri, Gəncə keşnişi olsaydı, almanlar çoxdan dünyanı tutmuşdular… Çerçil.” Əlbətki Çerçilin bu söhbətdən xəbəri belə olmayıb.

 

Bu yazışma onların ən uzun yazışmasıdır. Digərləri daha qısa və lakonikdir. Bəzən, həmyaşıdları tərəfindən qiymətləndirilməyən mütəfəkkir publisistlər biri-birinə sadəcə hərflər göndərirlər. Coniyə görə hərflər müstəqil formada xüsusi sehrə malikdirlər. Söz daxilində onlar bu təsirlərini itirirlər.

 

-A.

-M.

 

Bir dəfə, Herakl və Coni “Dünya Lazımsız Yazıçılar forumun”da , qaldıqları otelin barında yaxşıca içəndən sonra, bir nəfərlə tanış olurlar – onlara kürən saqqalı birisi yaxınlaşır, özünü təqdim edir – Lyuk Sekulyar. Coni öz uslubunda yarımsözlə (Si.., gö.., so.. və s.) müəllimi uzaqlara göndərmək istəyən anda, Herakl misyö Lyukdan soruşur:

 

-Misyö Lyuk Sekulyar, siz heç batiskafa minmisiz?

-Özünüzü təqdim edin, bəy.

-Herakl. Bu da mənim yazıçı həmkarım Coni.

-Ciddi adamlara oxşamırsız.

 

Herakl Şalvarzadə kalvadosu içəri hopdurub cavab verdi.

 

-Ciddi olmaq ömrü qısaldır. Ömrünüz uzundur? Qısaldaq?

 

Coni əlavə etdi: “qə..”.

 

Lyuk smokinqin iç cibindən qızardılmış fındıq çıxarıb ağzına atdı.

 

-Yoldaşlar, ömür bir qapaqdır, gələn açıb, baxıb gedir.

-Məqsədiniz bizə naməlumdur. Amma sizi sabahkı batiskaf gəzintisinə dəvət edirəm.

-Batiskafdan qorxmuram, amma “be” hərfi ilə başlayan nəqliyyat vasitələrinə minmirəm.

 

Herakl “dürümlədiyini” yandırdı.

 

-Bizi oxumaqla anlamaq mümkün deyil. Həqiqət həmişə üzdə olmur. Hiss etmək lazımdır. Dönər yemək və vergiləri vaxtı vaxtında ödəmək – budur həyatın mənası… Ciddi sifətlər çoxalıb son dövrlərdə. Ümumiyyətlə, cəmiyyət getdikcə depresiv pozuntudan əziyyət çəkən pasientlərin yığışdığı və çoxaldığı palatanı xatırladır. İntiharın biri bir qəpik. Hamı individual kainata can atır. Kimsə restoran tikir, kimsə ayı yeyir, başqası itləri vətən xaini edib, onları güllələyir. Siz heç siyasətə qarışmısız?

-Ca..!

-Mən ümumiyyətlə çox qarışan adamam…

-Sizi, batiskafa oturub siyasətə qarışmağa dəvət edirəm.

-Batiskafda bunu etmək təhlükəli deyil?

-Mariana çökəkliyində heç nə təhlükəli deyil. Orada hər şey zordu, “cool”. Orada mentalitet yoxdur. Oradakı balıqlar dəyər-məyər hərrəmirlər. Dünya okeanının ən dərin deşiyində hər şey qaranlıq hökümranlığındadır. Xüsusi təchizat olmasa hər şey yox olur – “явный” ölüm. Buna görə suyun üstündə olan söz-söhbətlər ora çatmır, yolda məhv olur… Bax, batiskafa oturub, Mariana çökəkliyinə düşüb siyasətə qarışmaq olar. Hamı belə edir.

 

Misyö Lyuk Sekulyar seçim qarşısında idi – sabah batiskaf və siyasət, yoxsa şam yeməyi və qayınananın Putin haqqında fikirləri. Herakl və Coni isə otaqlarına qayıdanda səhər misyö Lyuk ilə görüşməyəcəklərinə əmin idilər.

 

Konfransdan sonra dostu yoldaş Şalvarzadə ilə sağollaşıb evinə qayıdan Coni, iki gündən sonra yeni hekayəsini yerli bələdiyyə rəisinə hədiyyə edir. Hekayə “Siyasətəfob yadelli Lyuk” adlanırdı.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir