Ajax Loading Image

Saç ustası Qızyetər Bəsdiqalxdıyeva, o vaxtlar yaramaz qız kimi tanınırdı, bütün məhlənin, sözün əsl mənasında, başına oyun gətirirdi. Və indi – düz on ildən sonra bu qızı əlində qayçı, bulvarda görmək, dönər yemək üçün tarixi vətənini ziyarət etmiş Herakla görə az-çox macəra söz verirdi…

Onu da qeyd edim ki, İçərişəhərə dəlicəsinə vurulmuş növbəti dönər aşiqi sinyor İştveroni (Herakl Şalvarzadənin dostu), iki gün idi ki, köhnə şəhərin divarlarını tərk edə bilmirdi, azıb qalmışdı. “Bəlkə də azıb, amma o Yamaykanı tapacaq” düşünən Herakl, arada “Beşmərtəbə” tərəflərdəki dönərxanaya gedir, yeyirdi. Bax beləcə, növbəti “yeyiş”dən qayıdan Herakl Qızyetərlə rastlaşır.

Qız isə öz növbəsində camaata yaxınlaşıb onlara havayı bərbər xidməti təklif edir, fontanın kənarında oturub razı olanların saçını qırxırdı. Yəni dəqiq olsun deyə deyim: hamının başının tən ortasından, qulaqdan qulağa qalın xətt (qulaqcıq fason) çəkirdi, yəni qırxırdı. İlk baxışdan demək olar ki, müştərilər də razı gedirdilər. Yaxınlıqda, ağacların altında skamyada oturan yerli mühafizəçi smartfonunda səsi yuxarı qaldırıb, aşağı salır, öz kefini tuturdu.

Tərəddüd etmədən Herakl vaxtikən eyni məhlədə onunla yaşamış Qızyetərə tərəf iməklədi:

-Privet, saçqırxan.

-Salaaam. Buyurun, əyləşin, sizin başınızı qırxım. Əvvəlcədən deyim ki, xidmət pulsuzdur, yəni havayıdır, sadəcə cibimə şirinlik qoya bilərsiz.

Heraklın zəif ürəyi dözmədi və əlindəki, sinyor İştveroni üçün aldığı dönəri Qızyetərin cibinə basdı. Qız, hər bir normal adam kimi çaşdı. Lakin cənab Şalvarzadə heç nəyə fikir verməyib, üzünü “Kukla teatrı” tərəfə çevirib, iti addımlarla addımlamağa başladı. Yeraltdı keçiddən keçib dönərxana axtarışına çıxdı. O, öz-özünə fikirləşirdi: “Hə, Bakı beş il içində dəyişməyib – şəhər bir kisədən o biri kisəyə girir, amma itirdiyi üzünü tapa bilmir”. Öz məntiqi fikirlərindən diksinən Herakl “Malakanka” tərəfdə bir dönərxanaya rast gəlir.

Amma Heraklın xəbəri yox idi bir şeydən – yaramaz qız Qızyetər bayaqdan onu izləyir. Yaramaz qızın isə ondan xəbəri yox idi ki, bütün bu müddət ərzində o, sinyor İştveroni tərəfindən izlənilir. İki günlük “İçərişəhər azışından” sonra nəhayət ki, yolu tapmış Coni kimisə güdmək eşqinə düşür. Uyğun moment tapıb qonur yaramaz qızın dalına. Qızın Heraklı izlədiyini anlayan Coni, arxadan yaxınlaşaraq yaramaz xanımın cibinə bir paket əl salfeti və bir baş şey qoyub, iti addımlarla ondan uzaqlaşır.

Beş-on dəqiqənin içində bu qədər xəzinəyə sahib olan qız dözməyib hadisə yerindən əkilir. Nizaminin heykəlinin yanına gəlib çıxır. Dönəri yeyir, salfetlə əlin, ağzını silir, şeyi basır, çəkir. Elə çəkir ki, yoldan keçən polisin diqqətini çəkir. Çox çəkmir ki, qızı aparırlar.

Bu vaxt, iki mütəfəkkir dönər aşıqi, ayrılmaz arkadaşlar-taxtabaşlar Herakl və Coni, toyuq dönərindən sonra pürrəngi çay içirdilər. Herakl məmnun halda söhbətə başladı:

-Sinyor, sən dönərin dadına baxdın?

-Hə, baxdım.

-Nə düşünürsən?

-Dönər barədə?

-Yox, dönərxanın adı haqqında.

-Məncə siz siyasi partiya açmalısız.

-”Siyasi partiya” dönərxanası… Yaxşı səslənir.

-Sizin davamçılarınız olmalıdır! Sizin kəlamlarınız altında dərin qalaktik və subtropik həqiqət bananları yetişdirmək olar. Belə qəhrəmanın qulağının dibi hər kəsə lazımdır.

-Coni – Herakl ayağa qalxdı – sən haqqlısan. Ancaq dönər insanlıq üçün daha gərəklidi.

-Əlbəttə! Siz məhz dönərxanadan başlayacaqsız öz şanlı yürüşünüzə! Necə ki, Hitler pivəxanalardan başlayıb, eləcə də siz.

Bir anlıq Herakl xəyallar köynəyini əyninə taxıb, arzular şalvarını geyindi – bəli, hər bir dönərxanada onun şəkili, hər kəs onu tanıyır, dönərxanalarda onun adın daşıyan dönər növü hazırlanır – əla! Herakl Coniyə baxdı:

-Hərəmizə bir dənə lavaşarası ət dönəri, acılı souzla. Yanında ayran. Mən qonaq edirəm.

*************

Salyut atıldı. Musiqi sədaları yayılmağa başladı. Haradansa şən klounlar peyda oldular. Bir avtobus çocuk gəldi, hərəsinin əlində bir bayraq, ətrafda qaçışmağa başladılar. Dəvə üstündə üç yəhudi tindən buruldu, daha sonra onlara Hindistandan gəlmiş dörd atəşpərəst yaxınlaşdı. Yığışan hər kəs yeni dühanın – “dahilik üzrə dünya printerinin”* doğulduğunu söyləyirdi, o, hər kəsi xilas etməli idi.

*rütbənin mənası müəllifə də məlum deyil.

Ciyəz