Bir fotonun tarixi – Sayqonda edam

 Bir fotonun tarixi – Sayqonda edam

Hər bir foto bizə nə isə izah etməyə çalışır. İlk anda insan şəkildə gördüyü təsviri anladığını zənn edir, orada həkk olunan emosiyalar ona təsir edir. Lakin fotodakı təsvir heç də həmişə əks olunan hadisəni dolğun ifadə etmir. Buna sübut kimi Eddi Adamsın məşhur fotosunu gətirmək olar.

 

Amerikan fotoqraf Eddi Adamsın Vyetnam müharibəsi zamanı çəkdiyi “Sayqonda edam” şəkli, bəlkə də, dünyada ən məşhur 10 fotodan biridir. Yeri gəlmişkən, müəllif bu fotoya görə bir neçə mükafat, o cümlədən Pulitser mükafatını alıb, 1968-cı ildə isə bu şəkil World Press Photo fondu tərəfindən ilin fotosu seçilir. Bir çox qəzetin ilk səhifələrində nəşr olunan bu foto ABŞ cəmiyyətinin Vyetnam müharibəsinə qarşı münasibətini dəyişdirir.

 

Karyerası ərzində E.Adams 13 münaqişə işıqlandırıb, “Time”, “Newsweek” və “Parade” kimi mətbuat orqanlarında çalışıb. Bir çox fotonun müəllifi olmasına baxmayaraq, Eddi Adamsı məhz bu foto ölümsüz edib. Adams bu fotonu 1 fevral 1968-ci ildə Sayqonda çəkib. O gün partizanlar və Şimali Vyetnam ordusu paytaxt istiqamətində genişmiqyaslı hərbi manevrlər həyata keçirirdilər. Onların qarşısında amerikan hərbçilər və Cənubi Vyetnam ordusu dururdu.

 

Adams şəhərin Çin məhəllələri olan tərəfə gedir. Bir neçə saat öncə orada buddist paqodası uğrunda döyüşlər sona çatmışdı. Məhəllə çatanda fotoqrafın diqqətini, dama-dama köynək və qara şort geymiş bir mülki şəxsi müşayiət edən iki vyetnamlı dəniz piyadası çəkir. Adams piyadaların briqada generalı Nquen Nqok Loana bu şəxsin iki polisi və onların ailə üzvlərini güllələdiyini məruzə etdiyini görür. General bir söz demədən revolverini çıxarır, sağ əlini önə uzadır və odlu silahın lüləsi əsirin başına toxunduğu an tətiyi çəkir. Eyni anda isə Adams fotoaparatın düyməsini basır. Həm revolver, həm də fotoaparat eyni anda işə düşür…

 

Öncə digər jurnalistlərə “Vyetnamda axtardığımı tapdım” deyən fotoqraf sonralar bu fotonu çəkdiyi üçün çox peşman idi. Pulitser mükafatından imtina edən Adams “Mən qətl şousu müqabilində pul almışam. İki insanın həyatı məhv oldu, mənə isə pul verdilər” demişdi. Eddi Adams “Times” jurnalında yazırdı: “General vyetkonqlunu öldürdü; mən isə öz fotoaparatımla generalın həyatına son qoydum. Fotoqrafiya dünyanın ən güclü silahıdır. İnsanlar ona inanır; lakin fotolar, manipulyasiya olmadan belə, onları aldadır. Onlar həqiqəti tam əks etdirmir”.

Əlbəttə ki, Adams generalı sözün əsl mənasında öldürmür. 1968-ci ilin mayında Sayqon uğrunda ikinci döyüş zamanı, rəqibin nəzarətində olan körpüyə hücuma rəhbərlik edərkən, general Loan ayağından yaralanır. O müalicə üçün Avstraliyaya göndərilir, lakin onun oraya gəlməsi cəmiyyət arasında böyük rezonansa səbəb olur və generalı müalicə etməkdən imtina edirlər. Buna görə də generalı ABŞ hospitalına təxliyyə etməli olurlar. Lakin müalicənin gecikməsi səbəbindən yara ağırlaşır və Loanın sağ ayağını amputasiya edirlər və o, ordu sıralarından xaric edilir.

 

Ordu sıralarını tərk etdikdən sonra Loan əsas vaxtını kimsəsiz uşaqlara hədiyyə paylamağa sərf edirdi. 1975-ci ildə Sayqonun rəqibin əlinə keçməsi ərəfəsində keçmiş general amerikanlardan ona xaricə getməyə kömək göstərməyi xahiş etməsinə baxmayaraq rədd cavabı alır. Sonralar Loan xaricə çıxmağı bacarır və ailəsi ABŞ-ın Virciniya ştatına köçür. Burada o, pizza evi açır. 1991-ci ildə qonşuları onun kim olduğunu biləndə hərbi cinayətkar kimi oradan deportasiya edilməsini təklif etmişdilər. Bu baş vermədi, lakin keçmiş generalın biznesi məhv oldu. Kimliyi bilinməyən şəxslər onun kafesinin divarlarında “Biz sənin kim olduğunu bilirik” yazırdılar.

 

Yeri gəlmişkən –  Adams, çəkdiyi foto ilə həyatını alt-üst etdiyi üçün, generaldan və onun ailəsindən üzr istəyir. Loanın ölümündən sonra E.Adams yazırdı: “Bu insan qəhrəman idi. Amerika ona görə yas tutmalı idi. Onun bu dünyadan getdiyini heç kim bilmədi. Bunu görmək mənim üçün dəhşətlidir”

[mvc_infobox info_style=”mega_info_box_2″ info_opt=”show_icon” font_icon=”fa fa-user” info_title=”Müəllif” info_desc=”Renat Cəfərov”]

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir