Robert Meppltorp

 Robert Meppltorp

Patti Smith & Robert Mapplethorpe

Robert Meppltorp (orijinal adı – Robert Michael Mapplethorpe) 1949-cu il noyabrın 4-ü anadan olub. 1963-cü ildən Pratt institutunun təsviri incəsənət fakültəsində təhsil almağa başlayıb. Meppltorp ilk fotoşəkillərini polaroid vasitəsilə çəkib. Fotoqrafın 1967-ci ildə Metropoliten muzeyində açılmış ilk sərgisi də “Polaroid” adlanıb. 1968-ci ildə o, ifaçı Patti Smitlə tanış olub. 1970-ci ildə Robert, məhz Patti Smitlə indi Manhettendə məşhur olan “Chelsea” hotelə köçüb. 1970-ci illərin ortalarında Meppltorp dostları və tanışlarını çəkməyə başlayıb. Pornofilm ulduzu Bencamin Qrinlə tanış olduğu andan etibarən, fotoqraf homoerotizm və insan bədəninin çılpaq çəkilişləri ilə məşğul olmağa başlayıb. 1980-ci illər ərzində Meppltorp diqqətini çılpaq natura, çiçək fotoları (xüsusən də orxideyalar) və məşhurların portlərinin çəkilişində cəmləyib.

Robert Meppltorpun ən parlaq nailiyyəti – onun amerikan ictimaiyyətini iri planda çəkilmiş penis fotosunun gey pornosunun atributu deyil, incəsənət muzeyi üçün yararlı ola biləcək iş olmasına inandırma bacarığı olub.

 

Yaşı 30-u bir az adlamış Meppltorp artıq Nyu – Yorkda özünə “yüksək” amerikan modernizminin varisi kimi ad qazandırmışdı. O, Edvard Vestonun ardıcılı və İmogen Kaninqamın davamçısı idi, Vestondan çiçəklərin erotik çəkilişi ənənəsini, Kaninqamdan isə çılpaq kişi bədəninin eyni zamanda həm istək obyekti, həm də biomaşın kimi interpretasiyasını miras almışdı. Soyuq və rəsmi kamilliyin erotik gərginliklə qarşılaşdığı kişi bədəni Meppltorpu həmişə həyəcanlandırıb. Amma əzələlərin oyunu, xətlərin kəskinliyi, pozanın gözəlliyi – bunların hamısını Kaninqamda da tapmaq olar. Meppltorpun gətirdiyi yenilik “porno – trash”dan gəlirdi.

 

Meppltorp özünün gətirdiyi bədənin öztəminatlılığı ilə birgə yeni mədəniyyətin doğuluşudur. Başların kadrın çərçivəsindən kənarda qaldığı fotolar onun istedadının məhz bu tərəfini vurğulayırlar, məsələn, üç fiqurdan ibarət “Ken, Lidiya və Tayler” (1985) fotosu kimi. Əlbəttə bu “başsızları” Meppltorpun Yunan – Roma klassikasının interpretasiyası kimi də görmək olar. (Buna Lisa Lyonun fotosu (1981) dəlalət edir – qız başsız və əlsiz şəkildə kadra alınıb və Miloslu Venera pozasında dayanıb), amma bu, həmçinin, Amerikan fotoqrafiyasının İmogen Kaninqamdan gələn inkişaf xəttinin növbəti mərhələsidir. O, 1920-ci illərin sonunda “başsız” və “qolsuz” modellər çəkirdi. Amma belə fotoqrafiya dopinqlənmiş atletlərin müasir yarışlara qədim Yunanıstan olimpiadalarından uzaq olduğu qədər qədim irsdən uzaqdır. Nə də olsa, Roma heykəllərinin başları və qolları müəlliflərin özləri tərəfindən yox, xristianlar tərəfindən kəsilmişdi. Yəni, ilk əvvəl başlar yerində idi. Ağıl və ruha olan hörmət də.

 

Tarixi manyerizm bədənə pərəstişdən uzaq idi. Əksinə, onun əsas problemi sənətçilərin ən müxtəlif yollarla əks etdirməyə çalışdığı ruhun gərginliyidir, rəsmdəki bir həyəcanlı xətt, işıqla kölgənin kəskin kontrastı, pozaların ifadəliliyi və hərəkətin dinamikası, uzadılmış nisbətlər və bədənlərin həddindən artıq qabarıq relyefləri. Meppltropda bu stilin ayrı-ayrı izlərini tapmaq olar. Baxmayaraq ki, fotoqrafiya bir üslubun mahiyyətini təşkil edən bütün detalları ötürə bilməz. Amma Meppltorpu manyerizmlə müqayisə etmək ən azı onun sənətinin özü qədər xırdaçılığa getmək olardı. Manyerizmdə nə kadr çərçivəsinin kəsilməsi var idi, nə də bədənə olan maraqla yetinmək.

 

Həm Meppltorpun fotoqrafiyası, həm də klassik Avropa incəsənəti fallosentrikdirlər. Doğrudur, Avropa incəsənəti metaforik anlamda fallosentrik idi. Penis sevdası onların estetik proqramının əsasını təşkil etmirdi. Baxmayaraq ki, penisi Leonardonun rəsmlərində də tapmaq olar, amma penis kultu sırf amerikan xüsusiyyətidir. Meppltorp və Mikelancelonun rəsmin mükəmməlliyinə, qəliz perspektivlərə və qeyri-adi pozalara olan ortaq sevgisi hələ onların stilistik oxşarlığı mənasına gəlmir. Çünki onların işlərinin məzmunu tamamilə fərqlidir. Mikelancelo deyir: “Bu – Adəmdir”, Meppltorp isə deyir: “Bu – gözəl bədəndir”. Mikelancelo insanın obrazı, Meppltorp isə onun imici ilə məşğul idi.

 

Avtoportret Meppltorp üçün önəmli janrdır. Fotoqrafın ən məşhur işlərindən biri “Poliester kostyumda kişi” (1980) fotosudur. Meppltorp fotolarının əksəriyyətini studiyada çəkirdi. Robert çoxlu sərgilər keçirib, 3 kontinentdə, 50 şəhərdə olub və əksəriyyəti hələ də dəyərini itirməmiş parlaq şedevrlər yaradıb. Məsələn, fotoqrafın ölümündən sonra, 2006-cı ildə “Christie’s” hərracında 643200 dollara satılan Varholun portreti tarixin ən bahalı foto işləri siyahısındadır. Sərgilərdən birində onun fotolarından bəzilərini müsadirə etmişdilər. Buna səbəb Robertin kişi cinsinə yanaşmasındakı açıqlığı idi. Bu açıqlıq onun öz homoerotik meyllərini ortaya qoyurdu. Meppltorpun QİÇS-ə yoluxduğu məlum olanda onun fotolarının qiyməti kəskin şəkildə qalxdı. O, 1989-cu il, martın 9-u Bostonda QİÇS-in yaratdığı fəsadlar nəticəsində, 42 yaşında olarkən dünyasını dəyişib.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir