Ay səni Veyvey! Çinli üsyançının ən parlaq, səsli və mühüm işləri

Təsəvvür edin ki, muzey zalına girdikdə orada döşəmənin günəbaxan tumu ilə dolu olduğunu görürsünüz. Bu elə özü-özlüyündə sürrealist yuxuya bənzəyir və bundan əlavə sizə deyirlər ki, tumlar – instalyasiya, incəsənət əsəridir. Bəlkə siz bunun absurd bir şey olduğunu düşünəcəksiniz. Bəs o tumların hər birinin əl ilə çinidən hazırlandığını bilsəz? “Valeh edir, lakin bunların hamısı nəyə lazımdır?”. Məhz burda biləcəksiniz ki, Qərbdə çiniyə dəyər verən insanlar müvafiq vazalar üçün olduqca böyük məbləğ ödədiyi halda çinli işçilər dəhşətli şəraitdə işləyərək qəpik-quruş alır, həyatlarının isə heç dəyəri yoxdur. Bax bundan sonra ayağınızın altında tum xırçıldadıqca sizi soyuq tər aparır. Bu Ay Veyveyin iş tərzidir.

Ay Veyveyin adı beynəlxalq incəsənət səhnəsində səs gətirdikdə belə bir zarafat yarandı ki, “Made in China” kəlməsi bundan sonra əvvəlki kimi başa düşülməyəcək. Çinli konseptualist rəssamın fövqəlbacarığı adi şeyləri gözlənilməz bucaqdan görməkdən və digərlərinə özünün başa düşdüyünü görməyə kömək etməkdən ibarətdir. Veyveyin təqdim etdiyi ideyalar o qədər də mürəkkəb deyil. O, insan həyatının dəyərindən, ədalətsizliklə mübarizədən, humanitar krizislərdən və siyasi təqiblərdən danışır. Lakin bu ideyalara geyindirdiyi donlar, istifadə etdiyi materiallar, səhvsiz olaraq tamaşaçı ilə yeni təmas üsulları seçməyi  Veyveyi müasir incəsənətdə ən parlaq fiqurlardan birinə çevirir.

O hardandır?

Ay Veyveyin uşaq və yeniyetmə çağlarını asan və xoşbəxt adlandırmaq olmaz. Onun təxminən bir yaşı olarkən atası, məşhur mğənni Ay Çin ölkə hökümətinin qəzəbinə tuş gəlir. 20 il ərzində ailə sürgün həyatı yaşayır. İlk növbədə Şimali Koreya ilə sərhəddə yerləşən kəndlərdə, sonra isə Şərqi Türküstanda. Şərqi Türküstanda sabiq şair başqa işlərlə birgə ictimai tualetləri təmizləməklə məşğul olur. Ailə bircə dənə kitabı qoruyub-saxlaya bilir. Bu kitabda böyük ensiklopediya olur və Veyveyin yeganə təhsil mənbəyinə çevrilir. O illərdə Veyvey mebel və kərpic hazırlamağı öyrənir və bu bacarıqlar ona gələcək layihələrində kömək edir. Lakin o zaman yaradıcılıq məsələsi hələ yox idi, əsas məqsəd – həyatda qalmaq idi.

Ay Çinə ailəsi ilə birgə yalnız 1976-ci ildə, Mao Ze Dunun ölümündən sonra Pekinə qayıda bilir. Veyvey qısa zamanda Pekin kinoakademiyasına daxil olaraq gənc üsyançı rəssamlar qrupunun üzvü olaraq, demokratik mitinq və marşlarda iştirak etməyə başlayır. 5 ildən sonra ABŞ-a yerləşən Ay Veyveyin yaradıcılıq yolu başlayır. Lakin 1993-cü ildə atasının xəstəliyi səbəbindən Çinə qayıtmalı olur. Atası öldükdən sonra Veyvey bir müddət Pekində qalaraq bir neçə ilini  öz studiya-evinin tikintisinə həsr edir.

İlk dəfə Veyvey 1999-cu ildə Venesiya Bienalına Çini təmsil etməyə çağrıldıqda ciddi şəkildə parlayır. Beynəlxalq təsdiq qazanan rəssam daha hünərli layihələri həyata keçirmək imkanı əldə edir. İlk belə layihələr sırasında gənc çinli konseptualistlərin təxribatçı sərgisini qeyd etmək olar. Bu sərgi ölkədə illər boyu incəsənəti idarə edən yazılmamış qaydalara qarşı açıq bir etiraz idi.

Qısa sözlə, bu qaydalara əsəsən Çin incəsənəti anlaşılan, realistik (sovet sosial realizmi ruhunda) və məişət səhnələrində sıravi insanların kommunizmdə çiçəklənməsini əks etdirən olmalı idi. Həmtəşkilatçısı Veyvey olan “F**k off” sərgisi adı kimi Çin hökümətinə ünvanlanmış açıq bir müraciət oldu.

Hələ o vaxt hökümət üsyançı rəssamda təhlükə gördü, çünki o, beynəlxalq rəssamlar icmasında müəyyən çəkiyə malik idi və var gücü ilə gizlədilən problemləri gün işığına çıxartmışdı. Lakin əsas təzyiqlər 2008-ci ildə Sıçuanda baş verən zəlzələdən sonra başladı. O zaman keyfiyyətsiz şəkildə tikilən məktəb dağıntılarının altında minlərlə uşaq həlak oldu, lakin məmurlar qalmaqaldan qaçınmaq üçün ölənlərin sayını gizlətdilər. Veyvey sadəcə olaraq öz araşdırmasını apararaq, həqiqəti əks etdirən bilgiləri yığaraq paylaşdı. Polis tərəfindən qəddarcasına döyülən və xəstəxanaya düşən rəssam, həqiqəti tapmaq cəhdlərindən əl çəkməli oldu.

Lakin hakimiyyət Veyveyin üsyançı ruhunu sındıra bilmədi. Hakimiyyətin hər qəzəbli addımına o, yeni qalmaqallı əsəri ilə cavab verirdi. Veyveyin müqəddəs dəyərləri alt-üst edən, yeyiləni yeyilməyənə çevirən və açıq şəkildə siyasi repressiyalar haqqında danışan bəzi layihələrini yadımıza salaq.

“Han sülaləsinin vazasını yerə salarkən” Ay Veyvey 1995, 148×121 sm

Bu epatajlı jesti incəsənətin hansısa müəyyən növünə aid etmək çətindir. Əslində bu yalnız fotolarda izlənə biləcək tamaşaçısız bir performans idi. Ay Veyvey “sadəcə” Pekində anasının evinin yanında mərasim urnasını sındıraraq bu prosesi lentə alıb. Əsas məqam oduk ki, bu urna 2 min yaşı olan bir artefakt idi və rəssam həmin mühüm mədəni və rəmzi dəyərə malik bu vazanı bir neçə min dollara almışdı. Bu vandallığa etirazını bildirən antikvarlar Veyveyin hərəkətini təhqir aktı kimi qiymətləndirmişdilər. Ay isə buna özünəməxsus qaydada cavab vermişdi: “Sədr Mao deyərdi ki, biz yalnız köhnə dünyanı məhv edərək yeni dünya tikə bilərik”. Bu simvolik əşyanın təxribatçı dağıtma addımı – xüsusən də sülalə tarixi ilə bağlı məlumata nəzarət tətbiq edilən antielitar cəmiyyət olan kommunist Çində mədəni yaddaşın silinməsini ifadə edirdi. Bundan sonra Veyvey daha bir neçə qab “xarab edib”, lakin sonralar onları rəngləməklə kifayətlənib.

“Perspektivin öyrənilməsi. Tyananmen meydanı” Ay Veyvey 1995

“Səma sakinliyinin darvazaları” kimi bilinən Tyananmen meydanındakı darvazalar Yasaqlanmış şəhərin giriş qapıları idi. Lakin bundan əlavə bura, qəddar qırğının baş verdiyi yerdir. 1989-cu ildə hökümət əsgərləri burada dinc etirazçıları güllə-baran etmişdilər.

Qeyd etmək lazımdır ki, rəsmi Pekin hələ də bu hadisələri müzakirə etməkdən qaçınır və onlara aid bütün fotoşəkilləri senzuradan keçirir.

 

Ənənəvi perspektiv qaydalarına görə tamaşaçıya daha yaxın olan obyektlər, uzaqda olanlardan da böyük görünməlidirlər. Veyveyin şəklində isə bu yaxın obyekt qismində onun təhqiramiz jesti ifadə edən barmağı çıxış edir. Bununla Ay hökümətin simvoluna nifrət ifadə edir. Yeri gəlmişkən, Veyvey yalnız Çinlə kifayətlənmir: Tyananmen meydanı ilə birlikdə rəssam analoji şəkli Eyfel qülləsinin, Reyxstaq binasının və Ağ Evin önündə çəkdirib.

“Bir ton çay” Ay Veyvey 2008, 100×100×100 sm

Ay Veyveyin müasir incəsənətə dəyər verdiyini anlamaq çətin deyil. 90-cı illərin ortalarında ABŞ-dan Çinə qayıdan peşəkar öz sevimli qərb rəssamları ilə, xüsusən də Marsel Düşan, Endi Uorholl və Ceff Kunserf kimi məşhur şəxslərlər müsahibələrə əsaslanan üç kitab dərc edir. Həmçinin, o, Donald Cadd və Robert Morris kimi minimalistlərin yaradıcılığına da laqeyd deyil. Lakin Veyvey öz minimalist skulpturu üçün daş, şüşə və ya metal kimi ənənəvi materiallardan istifadə etsəydi, Veyvey olmazdı. Onun əsas işi bir ton Çin puer çayından ibarətdir. Bu çay bir kub metr həcminədək preslənərək uzaq məsafəyə ağız büzücü, ədviyyəli ətir yayır.

Tarixi olaraq Qərbdə çay içmək mərasimi (əsasən də çin çinisində) bir növ status rəmzi olub. Puer isə indiyədək dünyanın ən bahalı çay növlərindən biri sayılır. Bununla birgə, Çində bu çox yayılmış, gündəlik bir içkidir.  Əəsasən, bu çay preslənmiş kub formalarında hazırlanır. Buna görə də Veyveyin skulpturu – həmçinin, məişət əşyasının “abidəsidir”.

“Günəbaxan tumları” Ay Veyvey 2010

2010-cu ilə Ay Veyvey Londonun Tey Modern qalereyasının Turbin zalını 1700 ildir ki, keramik əşyaların hazırlandığı Çinin “farfor paytaxtı” Çzindeçjendə istehsal edilən yüz milyonlarla günəbaxan tumu ilə doldurur. Bu tumların kopiyasını minlərlə işçi əlləri ilə hazırlayıb.

Bu instalyasiyanın mənası Çin tarixi və mədəniyyəti ilə bağlı olan mürəkkəb assosiyasiya üzərində qurulur. “Bir ton çay” kimi o da əsasən, uzun müddət Çin iqtisadiyyatını dəstəkləyən ixrac üçün istifadə edilən materialdan hazırlanıb. Burada Veyvey, həmçinin, Çində müasir kütləvi istehsal praktikası probleminə toxunur.  Ölkədə hələ də bir çox şey əl ilə hazırlanır, lakin maşınlar baha olduğu halda insan əməyi (və insan həyatı) ucuzdur.

Bundan əlavə günəbaxan mühüm Çin kommunist rəmzidir. Mao özünü günəşə, xalqını isə günəbaxanlara bənzədirdi. Pekinin hər küçəsində səyyar tacirlər günəbaxan tumları satır və bu, həmçinin, Veyvey üçün gəncliyinin, küçədə dostları ilə gəzməsinin rəmzi idi. Lakin 2010-cu ildə o, doğma şəhərində məhbusa çevrilir. Bu baxımdan, yerə atılan tumlar sıxışdırılan, zülmə məruz qalan, Maonun təsəvvür etdiyi idealdan uzaq olan bir cəmiyyəti əks etdirir.

“Müşahidə kamerası” Ay Veyvey 2010, 39.2×39.8×19 sm

2010-cu ildə Çin höküməti rəssamı izləməyə başlayır. Pekin polisi Veyveyin evi və studiyasında onun hər addımını qeyd edən müşahidə kameraları quraşdırır. Həmçinin “Twitter” və “Instagram”-da paylaşımları da izlənirmiş. O zaman Veyvey bu sözləri demişdi: “Çində mən daima nəzarət altındayam. Hər bir, hətta ən günahsız addımım Çin hökümətinin senzurasına məruz qala bilər və qalır”. Hökümətin tədbirlərinə cavab olaraq Ay Veyvey də onu izləyən kameraları, furqonları və mülki geyimdəki polisləri izləməyə başlayır.

Olduqca ciddi və gözəl mərmərdən hazırlanan “Müşahidə kamerası” adlı skulptur rəssamın onu izləyənləri izlədiyini ifadə edir. Və yenidən, çay və çini ilə olduğu kimi, materialın seçimi əhəmiyyət kəsb edir. Kamera sözün əsl mənasında daşdan oyulub və bu əşyanın rəssamın həyatına ciddi şəkildə müdaxilə edilməsinin simvoludurr. Özünəməxsus yumor hissinə malik Ay kameranı tamaşıçının göz səviyyəsində quraşdıraraq ona baş və çiyinlərin vizual bənzərlik bəxş edib.

2012-ci ildə o “Weiwei Cam” layihəsinə start verərək yaradıcılığına dəyər verən insanları canlı yayımda onun necə işlədiyinə və gündəlik işləri görməsinə baxmasına dəvət edir. Beləliklə o, öz şəxsi həyatına müdaxiləni əks etdirməyə cəhd edib. Burada əsas fərq ondan ibarət idi ki, tamaşaçılar onun dəvəti ilə rəssamı müşahidə edirdilər. Hökümət bu layihəni günlər içində bağlasa da, o Veyveyin iti ağlının və hökümətin vətəndaşların şəxsi həyatına müdaxilə etməsinə görə məsuliyyət daşımalı olduğuna əminliyinin rəmzinə çevrilir.

“Çay xərçəngləri” Ay Veyvey 2011

İlk görünüşdə bu əsərdə fövqəltəbii bir şey sezmək olmur. Sadəcə bir sıra olduqca gözəl və ustacasına hazırlanmış xərçəng fiqurları. Ümid edirik ki, siz Ay Veyveyin altmənaya və gizli fikrə sahib olmayan bir şey yaradacağını düşünmürsüz. İnstalyasiya “He Xei” – çincə “çay xərçəngi” adlanır. Lakin hər şeyə nəzarət edən hökümətin nəzarəti altında məlumat mübadiləsi üçün yaradılan bir növ gizli dil sayılan mürəkkəb omofon sistemində “He Xei” ifadəsi “senzura” mənasını verir. Bundan əlavə, həmin ifadə “harmonik” mənasını daşıyır, Çin Kommunist Partiyasının ən məşhur lozunqlarından biri isə “harmonik cəmiyyətin qurulmasına” çağırırdı. Məhz bu çağırış gələcəkdə məlumata əlçatanlığın məhdudlaşdırılmasının səbəbinə çevrilmişdi.

Diqqət yetirdikdə xərçəng/senzura cəmiyyətin o qədər harmonik olmadığını aydın görmək olur. Qara və qırmızı (partiyanın rəngləri) rənglərə boyanan bu varlıqlar bir-birilərini tapdalayır. Bu kütlədən canını qurtara bilən sayı az olan xərçənglər isə ən müqavimətsiz olur. 2014-cü ildə sərgini ziyarət edən bir nəfər xərçənglərdən birini əzərək, istəmədən müqavimətin nəticələrini ifadə edən metaforu canlandırmışdı.

Günəbaxan tumları kimi 2 min xərçəng əldə düzəldilib boyanmışdı. Bu əsərdə avtobioqrafik altməna da var. 2010-cu ildə Veyvey yeni tikdiyi studiyasının dağıdılmalı olduğu barədə xəbər almışdı (hökümət iddia edirdi ki, onun tikintiyə icazəsi olmayıb). O zaman rəssam ictimai şəkildə studiyasının dağıdılmasına həsr olunmuş tədbir keçirəcəyini bəyan etmişdi. O, mərasimə 800 insan dəvət edərək ziyafət üçün 10 min xərçəng sifariş verir. Rəssamın gizli ismarıcını anlayan məmurlar onu ev dustağı edirlər. Veyvey öz tədbirində iştirak edə bilməsə də, bu hadisənin videoyayımını dünya miqyasında həyata keçirdi. Studiyanın dağıdılmasından sonra Veyvey “Şanxaydan suvenir” adlı instalyasiya yaradır. Bunun üçün rəssam dağıdılmış binadan qalan beton və kərpic qalıqlarını zəngin taxta çərçivəyə həkk edir.

2011-ci ildə Ay Veyvey Pekinin beynəlxalq hava limanında həbs edilir. Ona heç bir iddia irəli  sürülmədi, lakin Veyvey 81 gün həbsdə qalmalı oldu. 2013-cü ildə Veyvey Venesiya Bienalına “Müqəddəs” (S.A.C.R.E.D.) layihəsini təqdim edir. Layihə çərçivəsində rəssam həbsxanadakı həyatını əks etdirməyə çalışır. Bunun üçün Ay, onu həbsxana kamerasında təsvir edən altı diarama hazırlayır: birində o yemək yeyir, digərində yatır, ifadə verir, gəzir, duş alır, bayıra gedir – bunların hamısını Ay Veyvey iki formalı məmurun nəzarəti altında edir. Belə məhbusluq metodu dörd divar arasında qalan insanın ruhunu sındırmaq üçün yaradılmışdı. Lakin bu Veyveyi vəziyyəti Çinin xaricində geniş auditoriyaya danışmağa məcbur edir. Bir il sonra rəssam Berlində həmin məkanı orijinal ölçüdə yaradır. Kameraya girmək, oradakı əşayalara baxmaq, divarlara əl vurmaq, bütün günü yanan lampalar altında durmaq, hətta tualetə baş çəkmək mümkün idi.

“İz” Ay Veyvey 2014

Məhbusluq mövzusunun davamı olaraq, Veyvey növbəti layihəsini əsl, lakin artıq fəaliyyət göstərməyən Alkatras həbsxanasında reallaşdırır. Növbəti dəfə də layihə insan hüquqlarının pozulmasını və özünüifadə azadlığının məhdudlaşdırılmasına həsr edilmişdi.

“İz” instalyasiyası öz fikirlərinə və ya siyasi baxışlarına görə həbsxanaya və ya sürgünə göndərilən 176 insan (o cümlədən Nelson Mandela, Edvard Snouden, çinli dissident və Nobel laureatı Lyu Syaobonun) portretindən ibarət idi. Ay Veyveyin “zəmanəmizin qəhrəmanları” adlandırdığı bu insanların əksəriyyəti instalyasiya yaradılarkən hələ də həbsdə idilər. Maraqlıdır ki, müəllifin özü “İz” layihəsinin təqdim edildiyi sərgiyə gedə bilmir, çünki Çin höküməti onun pasportunu müsadirə edir.

Bu instalyasiyanın təəssüratı hər portretin “Lego” konstruktoru detallarından hazırlanması olub. Bəzi hissələr rəssamın studiyasında, bəziləri isə San-Fransiskoda Veyveyin birbaşa tapşırığı əsnasında 80 könüllü tərəfindən hazırlanıb.

Növbəti ildə Veyvey “Lego”dan daha bir layihə hazırlamaq niyyətində olduğu üçün istehsalçıdan böyük partiya detal sifariş edir. Lakin Danimarka şirkəti ona yazılı sürətdə “Lego”nun siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı olduğunu bildirib. Bunu görən Veyvey sosial şəbəkələr vasitəsi ilə “Lego” detalları ilə bağlı kampaniyaya start verir və insanlar dünyanın fərqli nöqtələrindən ona minlərlə detal göndərir.

Ay Veyvey Praqada “Səyahət qanunu” instalyasiyasının fonunda.

Bəs indi?

Son illərdə Veyveyin yaradıcılığı və siyasi fəallığı humanitar krizis və fəlakətlərlə bağlıdır. Onun son işlərinin əksəriyyəti qaçqınlara həsr olunub. Bəzən bu Venesiyanın Belveder sarayının önündə yerləşən gölməçədəki xilasedici jiletlərdən ibarət instalyasiya və ya Praqanın Milli qalereyasında göydə qalan 300 insan fiquru ilə dolu nəhəng qayıqdan ibarət miqyaslı işlərdir. Bəzən isə bu çoxlarının edə bildiyi hərəkətlərdir. Məsələn, bir dəfə Veyvey pianosu üçün darıxan yunan düşərgəsində yaşayan suriyalı qaçqın qadının hekayəsini eşidir. Rəssam ona yeni piano gətirərək ifasını lentə alır. Ay Veyvey deyir ki, “qaçqın krizisi yoxdur, insanlıq krizisi var”.

Veyveyin Qərbdə təsiri Çindən daha güclüdür. Çünki Çində o, hələ də mübahisəli fiqur qismində qalmqdadır. O, incəsənət dünyasında və onun xaricində bir çox insanı ilhamlandırır. Bundan əlavə, Ay Veyvey hər dəfə incəsənətin cəmiyyəti dəyişmək gücünə malik olduğunu və bir fərdlə yanaşı bütöv xalqları oyatmağa qadir olduğunu yada salır.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir