Bu insanların işıqlı zəkası xalqın mədəniyyət mayakı idi. Onlar özlərindən öncə olmayan mədəni irsi yaratmalı, düşüncə və fikir azadlığını oyandırmalı, xalqı maarifləndirərək mövhumat qəfəsindən çıxarmalı idilər.

Onlar haqqında triller janrında film çəkilməsə də onları tanımalıyıq. Şərqin ilk cümhuriyyət ulduzunun şöləsində toplaşanlar biz, yandıran onlardır.

İncəsənətimizin, mədəniyyətimizin ilkinləri tanınmağa və tanıdılmağa layiqdirlər.

Üzeyir bəy Hacıbəyov

18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948 Bakı

Azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.
1920-ci ildə bəstəkarı adı güllələnəcək 59 nəfərin siyahısına salınır. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov və Nəriman Nərimanovun səyi nəticəsində siyahı ləğv edilir və bəstəkarın adı siyahıdan çıxarılır
Üzeyir bəy Hacıbəyov bədii yaradıcılıqda, məqalələrində işlətdiyi imzalar: “Ü”, “Filankəs”, “Behmankəs”.
O, Azərbaycan musiqisi tarixində birinci adam olub ki, 300-dən çox xalq mahnısını nota alıb.
Azərbaycan dilində milli opera yaradarkən qardaşları Zülfüqar Hacıbəyov və Ceyhun Hacıbəyli, seminariya dostları, dövrün maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbdürrəhimbəy Haqverdiyev, Hənəfi Terequlov və başqaları ona yaxından kömək ediblər.
Ü.Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil etmişdir.
O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk “Azərbaycan türk el nəğmələri” məcmuəsini nəşr etdirmişdir.
1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir.

Başlanğıcda peşəkar Azərbaycan musiqisi milli irsimiz olan muğam və xalq mahnılarından bəhrələnirdi. Məhz buna görə XX əsrin əvvəllərində vüsət almağa başlayan peşəkar musiqimizin ilk addımlarında xanəndə, tarzən və kamança ifaçılarının böyük rolu və köməyi olmuşdur. Onlardan biri…

Qurban Baxşəli oğlu Pirimov

(Oktyabr 1880, Gülablı, Şuşa qəzası – 29 avqust 1965, Bakı)

Tarzən, musiqiçi, ilk xalq artisti. O, Azərbaycan tarının yaradıcısı sayılan Sadıqcanın (Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) yetirməsidir.

15 yaşından etibarən Qarabağ toylarında çıxış etməyə başlayır. Toyların birində onu görən xanəndə İslam Abdullayev gənci özünə tarzən olaraq götürür. Növbəti dəfə Gəncə toyunda Qurbanın tar ifasını eşidən xanəndə Cabbar Qaryağdıoğlu onu bəyənir və onu Bakıya dəvət edir. 1905-ci ildə xanəndə Cabbar Qaryağdıoğlu, kamançaçı Saşa Oqanezaşvili və Qurban Pirimov muğam triosu yaradırlar – 20 il birlikdə çıxış edirlər. Üzeyir Hacıbəyovun yaratdığı ilk milli opera olan “Leyli və Məcnun”da (1908) solist-tarzən kimi çıxış edir.

Solo və ansambl ilə ifa etdiyi muğamlar “Pate” (Riqa), “Sport rekord” (Varşava) və “Qrammafon” (Kiyev) səsyazma şirkətlərində qrammafon vallarına yazılmışdır. 1925-ci ildə Üzeyir Hacıbəyov ilə ilk muğam proqramını hazırlanmasında iştirak edir. 1934-cü ildə “Zaqafqaziya İncəsənət Olimpiadası”nın qalibi olur. 1939-cu ildə “Ümumittifaq baxışı”nda birinci yeri tutur.

XX əsrin əvvəllərində mədəniyyətdə və incəsənətdə olan oyanışı, düşüncə tərzində baş verən inqilabı sevməyənlər, gözləri inkişafı götürməyənlər teatrı “şeytan əməli”, aktyorluğu isə “kişiyə yaraşmayan peşə” sayırdılar. Yaxşı ki, belə tənə və əsassız fikirlərə qulaq asmayanlar olub.

Əhməd Ağdamski

(05.01.1884, Ağdam – 01.04.1954, Ağdaş)

Opera müğənnisi və artisti. Məlumdur ki, Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli obrazını canlandıran ilk şəxs Əbdürrəhman Fərəcov olub. Əsl həyatda çayçı şagirdi olan və gözəl səsə malik Əbdürrəhman ilk ifadan sonra Leyli obrazını oynamaqdan imtina edir. Müsəlman şərqinin ilk operası təhlükə ilə üzləşir. Çarəsiz qalan bəstəkar xalası oğlu Əhmədə müraciət edir və ona “Leyli” rolunu təklif edir. Müəllim olmaq istəyən Əhməd razılıq verir. Tanınmasın deyə afişada adı “Miri” olaraq qeyd edilir, özü isə sonralar “Ağdamski” soyadını səhnə təxəllüsü kimi götürür.

1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında fəaliyyətə başlayır. Əhməd Ağdamski Azərbaycan opera və musiqili teatr səhnəsində qadın rollarının ilk ifaçısı sayılır. Canlandırdığı obrazlar: Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Gülnaz (“O olmasın, bu olsun”), Gülçöhrə (“Arşın mal alan” filmi), Minnət (“Ər və arvad”), Təhminə (“Rüstəm və Söhrab”) və s. 20-ci illərin əvvəllərindən etibarən isə o artıq oxumur, orkestrdə tarzənlik edir.

1934-cü ildən ta ki, ömrünün sonuna kimi Ağdaş musiqi məktəbində tardan dərs deyir. Yeri gəlmişkən, Ağdaşda Ağdamski, kamança ustası Habil Əliyevin valideynlərinin evində kirayəşin qalırmış, bu da gələcəyin mahir musiqiçisinə təsirsiz ötüşməyib.1943-cü ildə Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

“Vaxtikən məni barmaqla göstərənlər, tənə edənlər, indi məni “Məcnun” çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar.”

Hüseynqulu Sarabski

(20.03.1879, Bakı – 02.02.1945, Bakı)

Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 12 yaşı olanda ilk dəfə teatr tamaşasına gedir, tamaşa həvəskar aktyorların M.F.Axundovun “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyası əsasında səhnələşdirdikləri “Xan Sarabi” tamaşası idi. İlk gördüyü tamaşa, səhnə və aktyor vəhdətinin ilk nümunəsi onda elə güclü təəssüratlar oyadır ki, sonralar səhnə təxəllüsü olaraq “Sarabski” soyadını götürür.  Kasıb ailədə doğulan Hüseynqulu dəmirçi, daşyonan, fəhlə işləyir, qazandığı pulu kitaba, dəftərə və təhsilə xərcləyir. Gördüyü ilk tamaşa onun gələcklə bağlı məqsədlərini yerbəyer etmişdir – o, aktyor olmaq, səhnəyə çıxmaq qərarına gəlmişdir. 1902-ci ildə Hüseynqulunun ilk səhnə təcrübəsi baş tutur – o, Nəriman Nərimanovun “Dilin bəlası” pyesində Rəsul adlı obrazı oynayır.

Sonralar M.F.Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, dünya ədəbiyyatından Şekspirin, Heynenin, Şillerin, Qoqolyun əsərlərindən müxtəlif xarakterli obrazları canlandırır. Məhz Henrix Heynenin “Əlmənsur” əsərindəki ərəb səyyahını canlandırarkən ifa etdiyi “Hicaz” muğamı iki mənada əhəmiyyətli dönüş nöqtəsi olur – Hüseynqulu musiqili-teatr səhnəsinə qədəm qoyur, eyni zamanda o vaxtlar “Leyli və Məcnun” operası üzərində işləyən Ü.Hacıbəyovun diqqətini cəlb edir. Üzeyir bəy Hüseynquluya Məcnun obrazını təklif edir.

Yaratdığı Məcnun obrazı nəinki ona ümumxalq sevgisi və şöhrəti qazandırır, həm də camaatın aktyorluq sənətinə qarşı münasibətini dəyişir. O otuz illik səhnə həyatında 400 dəfə Məcnunu canlandırmış olur. Aktyor kimi püxtələşməsində həmkarları Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının təsiri olmuşdur.

Oynadığı obrazlar: Kərəm (“Əsli və Kərəm”, Ü.Hacıbəyov), Şeyx Sənan (“Şeyx Sənan, Ü.Hacıbəyov), Şah Abbas (“Şah Abbas və Xurşidbanu”, Ü.Hacıbəyov), Söhrab (“Rüstəm və Söhrab, Ü.Hacıbəyov), Sərvər (“O olmasın, bu olsun”, Ü.Hacıbəyov), Mərcan bəy (“Ər və arvad”, Ü.Hacıbəyov) və s.

1932-ci ildə Azərbaycan SSR-nın xalq artisti adına layiq görülüb.

Eşidəndə ki, dostu Üzeyir də, onun özü kimi “Koroğlu” adlı operanın üzərində çalışır, o, işlədiyi operanın qaralamalarını məhv edir, çünki hesab edir ki, dostu bu operanı ondan daha yaxşı yazacaq.

Müslüm Maqomayev

(18.09.1885, Qroznı, Rusiya – 28.07.1937, Nalçik, SSRİ)

Bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim. 1900-cü ildə Qori Müəllimlər seminariyasına daxil olur, orada gələcəkdə yaxın dostu və həmkarı olacaq Üzeyir Hacıbəyovla tanış olur. Seminariyada Müslüm Qafqaz milli musiqisi və Qafqaz folkloru ilə maraqlanır, araşdırmalar aparır, qeydlər edirdi; iş o yerə gəlib çatır ki, onun bu yazıları 1900-cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində təqdim edilir. Elə eyni ildə də o öz ilk musiqi əsərlərini yazır (“Arzular” valsı, “Seminarçı” mazurkası və s.).

Seminariyadan sonra bir müddət müəllim kimi çalışır. Lənkəranda yerli məktəbdə Rus dili, Kimya və tarixdən dərs deyir, eyni zamanda musiqi dərnəyi yaradır, musiqili gecələri və teatral tamaşalar təşkil edir. 1911-ci ildən etibarən Bakıda, daha dəqiq Sabunçuda yerləşən şəhər məktəbində dərs deməyə başlayır, axşamlar isə fəhlələrə yazıb-oxumağı öyrədir. Paralel olaraq Üzeyir Hacıbəyovun opera truppası ilə əməkdaşlıq edir, musiqili teatrın orkestrində skripkada ifa edir. Həmin il Moskvaya, 1912-ci ildə isə Sankt-Peterburqa təhsil almağa gedən Hacıbəyova dostu Müslüm maddi himayədarlıq edir, Hüseynqulu Sarabski və Məmməd-Hənəfi Terequlovla birlikdə musiqili teatra rəhbərlik edir, 1912-ci ildə teatr orkestrinin dirijoru olur.

“Şah İsmayıl” operası üzərində çalışarkən (1913-1916) ilk dəfə Azərbaycan xalq musiqisinin bəzi nümunələrini nota alır. 1916-cı ildə Tağıyevin dram teatrında baş verən yanğınla əlaqəli olaraq operanın təqdimatı təxirə salınır. 1919-cu il martın 7-ə təyin olunmuş 2-ci təqdimat bu dəfə də az qala ləğv edilsin – təqdimatdan iki gün öncə quruluşçu-rejissor Hüseyn Ərəblinski öldürülür. Amma buna baxmayaraq təqdimat baş tutur və böyük uğur qazanır. 1935-ci il dekabr ayının 24-də ikinci operası olan “Nərgiz” təqdim olunur və bu opera ilk sovet-mövzulu opera kimi tarixə düşür. Yaradıcılığı boyunca 15 simfonik əsər (2 opera, marşlar və bir neçə rapsodiya), həmçinin Cəlil Məmmədquluzadənin “Ölülər” və Cəfər Cabbarlının “1905-ci il” pyeslərinin musiqi müşaiyətini yazmış, 300-ə yaxın Azərbaycan xalq musiqisi və rəqslərinin simfonik versiyalarını yaratmışdır.

1935-ci ildə Azərbaycan SSR-nın əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

“Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək aktyorun təbiətinə, vəzifəsinə və məsləyinə tamamilə ziddir. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast gələrkən sevinməlidir.”

Hüseyn Ərəblinski

(1881, Bakı – 04.03.1919, Bakı)

Teatr və kino aktyoru, rejissor, Azərbaycan teatrının banilərindən biri. Yoxsul dənizçi ailəsində doğulub. Atasının ölümündən sonra ailə vəziyyətinin daha da pisləşməsinə baxmayaraq, anası oğlunu təhsil almaq üçün mollaxanaya yollayır. Ödənişdə yaranan problemlərə görə təhsilini yarımçıq saxlayır, sonra yoxsun ailələrin uşaqları üçün təhsil şəraiti yaratmış, “3-cü rus-tatar” məktəbinin müəllimi Həbib bəy Mahmudbəyovun köməkliyi təhsilini davam etdirir.

1897-ci ildə teatrda Həbib bəyin vasitəçiliyi ilə ilk debütünü edir – M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərini tamaşaya qoymaq üçün epizodik rol üçün aktyor lazım olur, Həbib bəy də öz şagirdini işə cəlb edir. İlk təcrübə uğursuz olur – Hüseyn tamaşa vaxtı özünü itirir, sözləri unudur və öz epizodu vaxtı susur.

1900-cu ilədək əsas etibarı ilə epizodik rollar ifa edir. 1905-ci ildə üzvi olduğu “Müsəlman aktyorları cəmiyyəti”nin Lənkəran qastrolu (Azərbaycan teatrı tarixində ilk qastrol) zamanı Ərəblinski ona məşhurluq gətirən rolu ifa edir – Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin rolunu ifa edən aktyor xəstələndiyinə görə bu rolu Hüseynə verirlər. Tamaşa böyük uğur əldə edir.

1906-cı ildə Dərbənd qastrolları vaxtı Hüseynin qadın azərkeşi peyda olur, xanım özünü Ərəblinskiy soyadı ilə təqdim edir, vaxtaşırı tamaşala gəlir, Hüseyn və digər aktyorlarla görüşür. Xanımın kimliyi hələ də sual altındadır, baxmayaraq ki, bəzi mənbələr onun Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı olduğunu söyləyirlər. Məlum olan odur ki, bu görüşlərdən sonra Hüseyn “Ərəblinski” soyadını səhnə təxəllüsü kimi götürür.

Çox mənada Hüseyn Ərəblinskinin oynadığı rollar sayəsində aktyorlara qarşı cəmiyyətin mövqeyi yaxşı mənada dəyişmiş olur. İfa etdiyi ən uğurlu rollar: Qacar (“Ağa Məhəmməd Şah Qacar”,Əbdürrəhim bəy Haqverdiyevin), Əhməd bəy Şamxal(“Qəzavət”, Lanskoy), Xlestakov(“Müfəttiş”, Qoqol), Fəxrəddin (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Heydər bəy (“Hacı Qara”, Mirzə Fətəli Axundov), Frans (“Qaçaqlar”, Frans), Otello (“Otello”, Şekspir).

Cabbar Qaryağdıoğlu

31.03.1861, Şuşa – 20.04.1944, Bakı

Xanəndə, bəstəkar, musiqi xadimi. Atası Məşədi İsmayıl boyaqçı olduğuna görə düşünürdü ki, oğlu da bu yolla gedəcək. Amma Cabbarın gözəl səsi və fitri istedadı onu ayrı istiqamətə aparırdı. Azdanışan adam olan Məşədi İsmayıl qapalı birisi olduğu üçün camaat içində onu “Qaryağdı” adlandırırdılar. Cabbar isə hələ gənc yaşlarında ikən bu adı özünə təxəllüs kimi götürür. Dindar ailədə doğulmuş Cabbarın qardaşları Məhəmməd və Qafar məhərrəmlik vaxtı dini mərasimlərdə mərsiyə oxuyurdular.

İlk musiqi təhsilini Xarrat Qulunun məktəbində alan Cabbar, orada dini mahnılarla paralel muğamı da öyrənir. Azərbaycan musiqi tarixində o ilk musiqiçi olur ki, muğamı teatr və konsert səhnəsində ifa edir. 1897-ci ildə dramaturq Əbdürrəhim bəy Haqverdiyevin Şuşada tamaşaya qoyduğu “Məcnun Leylinin məzarı üzərində” səhnəciyində Məcnun rolunu oynayır. Əvvəl Cabbar Şuşada fəaliyyət göstərən Mirzə Sadıq Əsəd oğlunun aşıqlar dəstəsi ilə çıxışlar edir.

1900-05-ci illər arasında tarzən Mirzə Cəfər və kamançaçı Məşədi Qulu ilə muğam triosunda iştirak edir. 1905-ci ildə tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilli ilə birgə yeni muğam triosu yaradır. Bu trio 20 il mövcud olur. 1906-12-ci illər ərzində Cabbar Qaryağdıoğlunun “Sport rekord”(Varşava), “Qrammafon”(Moskva), “Ekstrafon” (Kiyev) şirkətlərində səsyazmaları baş tutur.

Cabbar özündən əvvəlki ustadlardan fərqli olaraq, ilk xanəndə idi ki, muğam və təsniflərində azərbaycanca qəzəllər oxuyurdu. Müəllifi olduğu təsniflərdən “İstəkanın deşilsin”, “Tiflisin yolları”, “İrəvandan xal qalmadı”, “Naxçıvan gədiyindən aşardım” və s. göstərmək olar. Onun ifa etdiyi 300-ə yaxın mahnı və təsnif Ü.Hacıbəyov, M.Maqomayev, S.Rüstəmov tərəfində nota alınır. 1927-ci ildə nota alınmış bu mahnılar “Azərbaycan türk el nəğmələri” adı altında kitab formasında nəşr olunur. 1934-cü ildə Tiflisdə keçirilən “Zaqafqaziya incəsənət olimpiadası”nın qalibi olur.

1935-ci ildə Azərbaycan SSR-nin xalq artisti adına layiq görülmüşdür.

Əli bəy Hüseynzadə

(24.02.1864, Salyan – 17.03.1940, İstanbul)

Görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, tərcüməçi, rəssam, musiqişünas, tibb professoru. Atasını erkən itirən Əli babası Şeyx Əhmədin himayəsində böyüyür. Babasının yaxın dostu olan Mirzə Fətəli Axundovun onların evlərinə tez-tez gəlməsi, apardığı söhbətlər onun formalaşmasında müstəsna rol oynamışdır.

1870-75-ci illərdə Tiflisdə Qafqaz Müsəlmanları Ruhani idarəsinin nəzdində altısinifli məktəbdə təhsil alır. 1875-85-ci illər arasında Tiflisin birinci şəhər gimnaziyasında təhsilini davam etdirir. 1885-89-cu illərdə Peterburq Universitetinin fizika-riyaziyyat fakultəsində oxuyur. 1890-95-ci illərdə İstanbul Universitetinin hərbi tibb fakultəsində təhsil alır. 1895-97-ci illərdə Türkiyə-Yunanıstan müharibəsində üç il hərbi xidmətdə olur. 1900-cu ildə müsabiqə yolu ilə İstanbul Universitetinin dəri-zöhrəvi xəstəlikləri kafedrasında professor köməkçisini vəzifəsinə seçilir.

1903-cü ilin əvvəlində Bakıya köçməyə məcbur olur, “Bakı” və “Kaspi” qəzetləri ilə əməkdaşlıq etməyə başlayır. 1905-06-cı illərdə “Həyat” qəzetinin, 1906-07-ci illərdə “Füyuzat” jurnalının baş redaktoru kimi çalışır. Əli bəy Hüseynzadənin fəlsəfi fikirləri və idealoji baxışları sonralar Azərbaycan Xalq Cümhuriyyət dövründə vətəndaş kimliyinin formalaşmasında təməl daşlarından biri olmuşdur, sonralar üçrəngli bayrağın yaranmasında da Əli bəyin əsas olaraq götürülmüşdür.

1917-ci ilin sonlarından başlayaraq Türkiyənin siyasi və hərbi çevrələrində, ədəbi və bədii mühitində böyük nüfuza malik Əli bəyin və Əhməd bəy Ağaoğlunun sayəsində Azərbaycan Cümhuriyyət mövzusu Türkiyədə yetərincə dəstək qazanmışdır.
Əli bəy Hüseynzadə xalqın bir tərəfli inkişafını faciə sayırdı, yalnız dini, yalnız milli, yaxud yalnız müasirlik yönündə addımlamağı səhv hesab edirdi. O hesab edir ki, xalqın tam formalaşması keçmişin bünövrəsində qurulan, bugünün tələblərinə cavab verən və gələcəyinə güvənən bir abu-havada olmalıdır. Dövrümüzdə tez-tez eşitdiyimiz “müsəlman kimi müsəlman deyilik, türk kimi türk deyilik, avropalı kimi avropalı deyilik” deyənlər unudurlar ki, məhz kimsəyə tam bənzəməməyimiz özünəməxsus “azərbaycanlı” vətəndaşının özəyidir – biz qarışığıq, amma bütövük.

Əbdürrəhim bəy Haqverdiyev

17.05.1870, Şuşa – 11.12.1933, Bakı

Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, dirijor. 1880-ci ildə Yusif bəyin yaratdığı müvəqqəti yay məktəbində ibtidai təhsilinə başlayır. 1881-90-cı illər ərzində Şuşa məktəbində ibtidai təhsilini davam etdirir. Burada oxuduğu dövrdə M.F.Axundovdan təsirlənərək ilk kiçik pyesini – “Hacı Daşdərmir”i yazır. Daha sonra Tiflis məktəbində təhsil alır, sonra isə 1891-99-cu illərdə Peterburq Yol Mühəndisləri institutunda ali təhsil alır. Məhz Peterbuqrda oxuduğu zaman Əbdürrəhim bəydə ədəbiyyata güclü meyl yaranır, 1892-ci ildə “Yeyərsən qaz ətini, görərsən ləzzətini“ dramını, 1896-cı ildə isə “Dağılan ittifaq” faciəsini yazır. Sonuncusu Peterburqda nəşr olunur. Təhsil alıb Şuşaya qayıdır və burada tamaşalar təşkil etməyə başlayır.

1900-cu ildə “Bəxtsiz cavan”, 1901-ci ildə isə “Pəri-cadu” faciələrini yazır. Paralel olaraq müəllimlik edir, teatrda rejissor kimi çalışır. 1902-03-cü illər ərzində Bakıda “Şərq konsertləri” keçirir, “Ata və oğul”, “Ayın şahidliyi” adlı ilk hekayələrini dərc etdirir. 1905-ci ildə Gəncə quberniyasının Rusiya Dövlət Dumasında nümayəndəsi seçilir və Peterburqa yollanır. 1906-cı ildən “Həyat” qəzetində və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla hekayə, felyoton, məzhəkələr çap etdirir. İstifadə etdiyi imzalar: “Ceyranəli”, “Xortdan”, “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s.

1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” operasının tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestiri idarə edir. 1919-cu ildə Azərbayncan Xalq Cümhuriyyətinin nümayəndəsi kimi Dağıstana göndərilir. Azərbaycanda sovet hökuməti qurulduqdan Əbdürrəhim bəy sonra dövlət teatrlarına müfəttiş təyin olunur.

O, Şеkspirin “Hamlet”, Şillеrin “Qaçaqlar”,Vоltеrin “Sоltan Оsman”, Zоlyanın “Qazmaçılar”, Andеrsеnin “Bülbül”,“Şahın təzə libası”, Lanskоyun “Qəzəvat”, Çirikоvun “Yəhudilər”,Kоrоlеnkоnun “Qоca zəng çalan” əsərlərini azərbaycancaya tərcümə еtmişdir.

1932-ci ildə Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi adına layiq görülür.

Bu o dövrlər idi ki, çadrasız, üzü açıq qadını küçədəcə döyüb öldürə bilərdilər. Qadının hansısa hüquq və azadlığı, yaxud özünüifadəsi bığıburma, şişpapaq “mentalitet müdafiəçiləri” üçün yolverilməz idi. Bu o dövrlər idi ki, Azərbaycan qadını üçün ər evinin və ata evinin qapılarından başqa qapılar yox idi. Lakin…

Şövkət Həsən qızı Məmmədova

(18.04.1897, Tiflis – 08.06.1981, Bakı)

Müğənni, opera ifaçısı, pedaqoq. O, Tiflisdə kasıb pinəçi ailəsində dünyaya göz açıb. Ailəsində hər kəs musiqini sevir və xalq mahnılarını bilirdi, hətta tez-tez evdə kiçik ailə konsertləri təşkil edərdilər. Qızının musiqiyə olan həvəsini görən valideynlər 6 yaşlı Şövkəti Tiflis musiqi məktəbində fortepiano sinifinə qoyurlar. 1910-cu ildə H.Z.Tağıyevin köməkliyi ilə atası Şövkəti Bakıya oxumağa göndərir. 1911-ci ildə H.Z.Tağıyev və onun həyat yoldaşı Sona xanımın köməkliyi ilə Şövkət İtalyanın Milan şəhərinə gedir və orada musiqi məktəbinə daxil olur.

1912-ci ildə maddi köməyi kəsildiyinə görə əvvəl Rusiyaya qayıdır. Sonra təhsilini Tiflisdə davam etdirir. Sonra Bakıda Üzeyir bəy və onun dostlarının köməkliyi Şövkət üçün konsert təşkil edilir. Konsertdə Şövkət Üzeyir bəyin “Ər və arvad” operettasından bir neçə parça ifa edir. Konsertdən əldə olunan pul Şövkətin İtaliyada təhsili üçün idi. O səhnəyə çadrasız və üzü açıq çıxır, bunu edən ilk qadın olur. Bunu görən Bakı qoçuları həm Şövkəti, həm onu səhnəyə buraxan bəstəkarı öldürmək qərarına gəlirlər. Hər ikisi konsertdən sonra faytona minib Abşeron kəndlərinin birinə gedirlər. 1915-17-ci illərdə Kiyev Konservatoriyasında təhsil alır. 1921-ci ildə başlayaraq Rusiyada, Fransada, İtaliyada, İranda çıxışları baş tutur.

1923-cü ildə onun təşəbbüsü ilə Bakı Ali Teatr məktəbi (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılır, 1923-25-ci illər arasında oranın direktoru kimi işləyir. İfa etdiyi əsas partiyalar bunlardı: Rozina (“Sevilya bərbəri”, C.Rossini), Lakme (“Lakme”, L.Delib), Cilda (“Riqoletto”, C.Verdi), Olimpiya (“Hofmanın nağılları”, J.Offenbax), Marqarita Valua (“Hugenotlar”, C.Meyerber), Qar qız (“Qar qız”, N.Rimski-Korsakov), Antonida (“İvan Susanin”, M.Qlinka), və s. Yaradıcılığında Şahsənəm (“Şahsənəm”, R.Qlier), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl”, M.Maqomayev), Gülçöhrə (“Arşın mal alan”, Ü.Hacıbəyli) partiyaları xüsusi yer tutmuşdur.

1945-81-ci illər arasında Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir.

Asəf Zeynallı

(05.04.1909, Dərbənd – 27.10.1932, Bakı)

Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açır. Atasını bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. Axşam işdən yorğun gəlməyinə baxmayaraq, qadın ailəsini başına yığıb qarmon çalarmış.
7 yaşı olanda anası Asəfi Dərbənd “Realnıy məktəbinə” qoyur. O burada həm uşaq xorunda oxuyur, həm də klarnet çalmağı öyrənir.
11 yaşı olanda ailəsi Bakıya köçür. Asəf hərbi məktəbin nəzdində olan nəfəsli orkestrda trubada ifa etməyi öyrənir. Ardınca Bakı Musiqi Texnikumunda truba, violençel, fortepiano siniflərində təhsil alır. 14 yaşında “Truba üçün pyesi”ni ifa edir, hansını ki, “Rast” muğamı əsasında bəstələyir. Azərbaycan Dövlət Konservatoriyasında peşəkar bəstəkar təhsili almış ilk bəstəkar olur. Həmin dönəmdə Asəf Zeynallı Üzeyir bəydən çox təsirlənir.
Təhsil aldığı müddətdə Türk İşçi teatrında və konservatoriyanın nəzdindəki musiqi məktəbində işləyir. Məhz həmin vaxtlarda Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi gələcəyin nəhəng bəstəkarları Zeynallının şagirdləri olurlar. Gənc bəstəkar Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edir. İlk milli romans, fortepiano və skripka üçün ilk miniatür pyeslər, ilk simfonik nümünələr – bunlar Asəf Zeynallının adı ilə bağlıdır.
Məşhur romanslarından “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” romanslarını misal göstərmək olar, onun “Uşaq suitası” musiqimizdə uşaqlar üçün yazılmış ilk musiqi nümunəsidir. O, C.Cabbarlının “Hindistan qızı”, “Sevil”, A.Yankovskinin “Qəzəb” pyeslərinə musiqi bəstələmişdir. Bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və başqa xalq mahnılarını nota köçürmüşdür. “Fraqmentlər” suitası Azərbaycan musiqi tarixində ilk simfonik əsərdir. Xalq mahnılarını toplamaq üçün təşkil edilmiş Qarabağ ekspedisiyasında iştirak etmişdir.

Şərqin ilk cümhuriyyət ulduzunun işığına toplaşan biz, onu yandıran onlar!

Cümhuriyyətimiz mübarək, əziz həmvətənlər, onlar kimi vətəndaş olaq!

Sitara İbrahimbəyli

Layihə müəllifi

Azər Məmmədli, Emil Məcnun

İllüstrasiyalar

Uran

Mətn