Active Child – You are all I see (2011)

 Active Child – You are all I see (2011)

Patrik Qrossi – Active Child adlanan layihənin müəllifi, amerikalı müğənni, bəstəkar və prodüserdir. Yaradıcı ailədə böyüyən Patrikin atası Bob Priority Records-un əməkdaşı, anası Donna isə abstrakt-avanqard rəssamdır.

Patrikin musiqi yolu 9 yaşında Filadelfiya Oğlanlar Xoruna daxil olması ilə başlayır. Elə məhz orada onun məftunedici səs tembri formalaşır, falseti inkişaf edir. Həmin xor ilə dünyanın yarısını gəzən Patrik, sanki dayanmaq fikrində deyildi. Lakin kollec dönəmində 90-cı illərin qanqster repini dinləməyə başlayır və diqqətini idmana yönəldir.

Rep musiqisinə olan sevgisi onun yaradıcılığında tamamilə fərqli formada öz əksini tapdı. Bunu ən çox ritmlərdə və “ab-havanın” özündə sezmək mümkündür. Kollecin sonuna doğru “yetkinləşən” Patrikin musiqiyə baxışı da dəyişir: əlinə gitar və arfa alır, bununla da onun möcüzəli Active Child layihəsi cücərməyə başlayır.

“You are all I see” albomundakı musiqilər sehr, mənəviyyat, incəlik və emosiya burulğanı ilə zəngindir. Reçitativ və zəngin orkestr ifası ilə rəqs üçün nəzərdə tutulmayan elektron musiqinin inanılmaz birləşməsi arfa sədaları və klasik falset ifa ilə ahəngdədir. Heç bir romantik buna laqeyd qala bilməz. Patrikin musiqisində onun təsirləndiyi bütün janrlar qovuşur: klassik harmoniyanın bilikləri ilə zənginləşdirilmiş 80, 90-cı illərin musiqisinə, çoxsəsli kilsə ifası və s.

İlk dəfə Active Child-ı canlı izləyərkən çox sevincli idim, səhnədə arfa ifa edərək oxuyan, kürən, zərif görünüşlü, heykəl soyuqqanlılığına malik bir musiqiçi var idi və mən ona vurulmuşdum. Onun haqqında minlərlə söz yazmaq olar, lakin ona bircə dəfə qulaq asmaq kifayətdir.

Onu da vurğulamaq lazımdır ki, artist dünyanı “silkələmir”, lakin o, Montreax Jazz Festival, Lightning in a Battle , Hove Fest kimi festivallarda çıxış edib, turlara qatılıb, James Blake və M83-a dəstək çıxıb. “Onun You are all I see” albomunun əsas “Hanging on” sinqlını isə təəcüblü olsa da, məşhur pop müğənni Eli Quldinq ifa edib və daha sonra həmin sinqlı öz albomuna da daxil edib.

Məşhur musiqi jurnalı Drowned in Sound yazır: “Bütün albom parıltı haqdadır. Qrossi harmoniyalarla elə bacarıqla işləyir ki, sanki işığın özü ilə oynayır. Onun musiqisi təbiətlə həmahəngdir”

Əgər siz musiqinin M-ni axtarırsınızsa, “dubtıs-dubtıs”-ların arxasınca düşməmisinizsə, “ruhu oxşamaq” ifadəsini hiss etmək istəyirsinizsə, doğru ünvandasınız.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir