Apocalyptica – Plays Metallica by Four Cellos

 Apocalyptica – Plays Metallica by Four Cellos

Apocalyptica qrupunu ilk dəfə səhvən, daha doğrusu “təsadüfən” tapmışdım. 9-10 il əvvəl Amorphis qrupunun albomunu endirməyə çalışarkən səhvən Apocalyptica adlı bir qrupun albomunu endirmişdim. Albom “Plays Metallica by Four Cellos” adlanırdı. Təsadüfən təxmini mənim qədər yaşı olan bir albomu dinləyirdim. O vaxta qədər klassik musiqiyə elə də marağım olmasa da Metallica qrupunun musiqilərinin bu tipdə ifasını ilk dəfə dinləmiş oldum. Bundan sonra təbii ki, Apocalypticanın daimi dinləyicisinə çevrildim.

 

Albom 2016-cı yenidən işlənərək çıxdı və bu dəfə 3 əlavə Metallica aranjmanı vardı: “Battery”, “Nothing else matters” və “Seek and Destroy”. Bu yazıda tanıdacağım albom isə canlı konsert, yəni live versiyadır. Ötən ilin dekabrının əvvəlləri çıxmışdı. İlk albomu 12 il sonra yenidən ifa etmək çətin idi. Təsəvvür edin, 1 milyon yarım fiziki kopiyasını satdığınız albomu üçüncü dəfə işləməyə cəhd edirsiniz. Kim olsa uğursuzluqdan qorxar! Amma konsert baş tutub – tarixi Olavinlinna qəsrinin həyətində 100 ildən çox yaşı olan Savonlinna Opera festivalında çıxış edən Apocalyptica dünyaya çellonun gücünü göstərib.

 

Bəli! Metalı təkcə ağır rifflərlə, sərt sololarla ifa etməyə məcbur deyilsiniz – Apocalyptica qrupu bu canlı albomu ilə yenidən bizə müasir musiqinin köklərini – klassik musiqini göstərir. Albomun ən “sarı simə toxunan” treki təbii ki, öncəki versiyalardakı kimi “Unforgiven”dir. Onsuz da ballada tipli olan mahnı klassik musiqi stilistikası ilə hər dəfə yenidən reinkarnasiya edib doğulur. Musiqi sevgisindən doğulan musiqi, köklərə qayıdış – bu haqda başqa nə demək olar ki?

 

Albomdakı hər trek fərqli ruhu təmsil edir. “Wherever I May Roam”, “Sad but True” və “Battery” öz orijinal versiyalarındakı keyfiyyətli aqressiv ab-havadan geri qalmır, “Orion” ifası isə sanki üç hissədən ibarətdir və son hissə ilə kulminasiya edərək səni növbəti treklərə hazırlayır. “Seek and Destroy” əvvəlki versiyalarından fərqli olaraq daha enerjik, “headbangə uyğun” saunddadır. Dinləyərkən ekstaz hisslərə qapılıb özünüzü xəyali “moshpit”də tapa bilərsiniz. Albomun möhrünü isə “One” treki vurur. Trekdəki çello riffləri heç də gitaradan fərqlənmir, hətta müəyyən nüanslarda onu üstələyir. “Fight Fire with Fire” trekində də bunu sololara aid etmək olar.

 

Gələn, yazımızın “Mustafa”sına – kaverlər, məşhur qrupların fərqli stildəki aranjmanlarını hazırlamaq nədənsə bəzi müasir musiqiçilərin xoşuna gəlmir. Xüsusilə Azərbaycandakı yeni andeqraund qruplar hamısı öz “saundunu” yaratmağa çalışır amma ruhsuzluğa düçar olub 1-2 aya dağılır. Halbuki fikrimcə məşhur qrupların məşhur treklərini unikal stildə ifa etmək heç də pis deyil. Kaverlər həm orijinallarına sevgi ithafıdır, həm də qısa zamanda populyarlaşmaq üçün yollardan biridir. “Bəys-Boys” qrupu kaverlərlə çox gözəl işlər ortaya qoyurdu. Azərbaycanda Apocalyptica qrupunun ifa üsuluna ən yaxın iş isə hələ ki, ötən ilki “Rock Hits Show” konsertində olub. Apocalyptica bizə sübut edir ki, keyfiyyətli musiqiçi olmaq üçün mütləq ortaya “orijinal iş” qoymaq vacib deyil, kaverlər də bir musiqiçinin bacarığının isbatı ola bilər.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir