“Leila” serialı üzərinə resenziya

Ötən ay Netflixdə “Leila” serialı yayımlandı və yayımlanan kimi də xüsusilə Hindistan ictimaiyyətində söz-söhbətə səbəb oldu. Çoxu bu serialı çoxsaylı Emmy mükafatı qalibi “Handmaid’s Tale” serialına bənzədir, onun Hindistan adaptasiyası sayır. Leila serialında da hadisələr qeyri-məlum gələcəkdə keçir. “Handmaid’s Tale” 1985-ci ildə yazılmış eyniadlı romandan ilhamlanılıb, serialı isə 2017-ci ildə yayımlanıb. Serialda sonsuz qadınların həyat yoldaşları özlərinə kəniz götürə bilir amma uşaqları başqaları tərəfindən böyüdülür. Leila isə bizə daha yaxın coğrafiyada keçir – Aryavarta.

 

Aryavarta təxminən indiki Hindistanın şimalında mövcud olmuş “Aryan” irqinin yarandığı bölgə olaraq bilinir. Serialda isə 2040-cı illərdə mövcud olan xəyali dövlətin adıdır. Qəhrəmanımız Şalini iqlim katastrofası olan, qara yağmurun yağdığı bir bölgədə öz villası və hovuzda təmiz suyu olan varlı bir müsəlmanla evlidir amma bu vəziyyət tezliklə dəyişəcək. Serial Şalinin qızı Leylanın adını daşıyır.

 

Seriala baxmamısınızsa çox spoyler verməyim. Amma yəqin ki, irqçi, qarışıq evliliklərdən doğulan uşaqları qəbul etməyən, qadınları aşağı görən bir cəmiyyətin necə olacağını təxmin edəcəksiniz.

 

 

Serial Hindistan sosial mediasında etirazlara səbəb olub. Bir çox dindar hindu öz Netflix hesablarını ləğv ediblər, serialın çəkilişlərinin dayandırılmasına çağırırlar. Bu radikal hinduların ifadə azadlığına ilk hücumu deyil. Belə ki, “Leila”nın rejissoru Dipa Mehtanın kitabı olan “Water” (Su) da 2000-ci ildə belə bir hücuma uğramışdı. Dul bir hindu qadın bədbəxt sayılır, saçı qırxılır, isti yeməklər qadağan edilir, şirniyyat verilmir və fahişəliyə məcbur olur. 8 yaşında evləndirilən Çuyia gələcək həyat yoldaşı ahıl yaşdan öldüyü üçün “pis bəxt gətirdiyinə” inanılaraq ətrafı tərəfindən tərk edilir. 2000-ci ilin yanvarında 500 nəfər hindu dindarın hücumuna məruz qalan film seti yandırılır və hökümət komandaya ölkəni tərk etməyi məsləhət bilir. Mehta filmi bir də illər sonra, 2004-də çəkə bilir. 1996-cı ildə çəkdiyi “Fire” (Alov) filmində də iki hindu qadının lezbian münasibəti əks olunduğu üçün kinoteatrlar yandırılmışdı.

 

Leila serialı da bu tənqidlərdən uzaq qalmayıb. “Hindufobik” olduğu deyilən serialın ilk sezonu cəmi 6 seriyadan ibarətdir. Serialın ilk seriyaları fərddən çox ətraf-mühitin təsvirinə hesablandığı üçün biz Şalininin özündən çox onun cəmiyyətini öyrənirik. Bəlkə də əsas nifrət hədəfi məhz ekstremist dəyərlər üzərinə qurulan dövlətin təqdimatı olduğu üçündür. Yəni, nəzərə alsaq ki, serialda hətta Tac Mahalın partladılması hadisəsi əks olunub… Hindu aktivistlər hətta serialı IMDB portalında mənfi səs verməyə çağırıblar (https://www.imdb.com/title/tt9337588/).

 

Mən isə öz növbəmdə cəmi 6 seriyadan ibarət birinci sezonu izləməyinizi şiddətlə məsləhət görürəm. Qadınların əzildiyi, uşaqların beyninin yuyulduğu, insanların bir-birini identifikasiyalara görə ayırdığı Orta Şərqdə Dipa Mehtanın da dediyi kimi “incəsənət insanların özlərini özlərinə xatırlatmağının yeganə yoludur”. Eyni tipli bir serialın Azərbaycanda çəkilməsi ehtimalını düşünməsəm də olmur. Sizcə Azərbaycanda necə reaksiya gələrdi?

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir