İran elektron musiqisinin ulduzu Əzim Fəthi ilə söhbət

Əzim Fəthi 1992-ci ilin iyununda anadan olub. O, Tehranda fəaliyyət göstərən musiqi prodüseri, qrafik dizayner, DJ, səs dizayneri, həmçinin şəhərin elektron musiqi səhnəsi üçün ən nüfuzlu platformalardan biri olan “Paraffin Tehran”ın təsisçisi və bədii direktorudur.

Əzim 2008-ci ildə Malayziyanın Kuala Lumpur şəhərində rezident olarkən DJlik etməyə başlayıb. 2014-cü ilin sonunda İrana geri köçdükdən sonra öz ölkəsinin elektron musiqi səhnəsində aktiv və açıq sözlü şəxslərdən biri olub. O vaxtlar bu musiqi növünə yalnız müəyyən tipli məkanlarda icazə verilirdi və onların əksəriyyətinin heç bir rəsmi icazəsi filan yox idi. Əzim mümkün qədər hər bir məkanda bəzi yerli dostları ilə birlikdə çıxış etdikdən sonra o, elektron musiqinin həqiqi və artistik versiyasına həqiqətən ehtiyac və aclıq hiss etdiyi üçün daha mütəşəkkil bir platforma yaratmağa qərar verdi. Beləliklə Parafin Tehran yarandı.

Əzim elektron musiqinin arxasındakı əsl mədəniyyəti öz ölkəsinə gətirmək və onu artistik formada təqdim etməyə çalışmaq fikrində idi – o, yeni əldə edilmiş azadlığından istifadə edərək Tehranın incəsənət qalereyalarında, musiqi və teatr salonlarında tamaşalar və şoular nümayiş etdirdi. Şübhəsiz ki, İran kimi bir ölkədə belə bir şou göstərmək üçün lazımi icazələri almaq üçün çox narahat və çətin addımlar atmalı idi! İranda bu kimi şoular əsasən gün ərzində baş verir (çünki İranda real gecə həyatı yoxdur və hər yer gecə yarısından əvvəl bağlanmalıdır) və bu cür yeni musiqiyə ictimai olaraq icazə verən teatr, musiqi salonları və ya İncəsənət Qalereyaları kimi oturaq, avanqard yerlərdir.

Lakin nəhayət buna da nail oldu, ona görə də xaricdən bir çox nüfuzlu və önəmli musiqi prodüserlərini və sənətçilərini İrana dəvət edə bildi ki, iki fərqli dünya arasında körpü olsun. Əzim daha əvvəl xaricdə DJ olduğu üçün musiqi sənayesində böyük əlaqələri var idi, buna görə də Tehran bütün dünyanı gəzən peşəkar musiqiçilər üçün müntəzəm məkan olmasa da, onları birtəhər razı sala bildi. Dəvəti qəbul edən musiqiçilərdən Anthony Linell (Abdulla Rashim), grad_u, Unbroken Dub, Rhauder, HVL, Sote və digərlərinin adını çəkə bilərik. Gələcəkdə vəziyyət sabitləşən və Əzim kimi sənətçilərin işləməsi üçün açıq olanda, bu şoular İranın elektron musiqi səhnəsinin tarixinə mütləq düşəcək.

O, hazırda ailəsi ilə İranın Tehran şəhərində yaşayır və planlaşdırdığı hər şeyi Koronavirus pandemiyasına görə təxirə salmaq ya da ləğv etmək məcburiyyətində qaldığı üçün musiqi tədbirlərini yenidən həyata qaytarmağa çalışır. Çətinliklərin əsas səbəblərdən biri də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan iqtisadi və maliyyə problemlərinin ortaya çıxmasından sonra İran daxilində gərginliyin artmasıdır. Bu sanksiyalar dünyanın ən sərt sanksiyalarından biri sayılır. Bunların nəticəsində xalq ayağa qalxdığı dəfələrlə şiddətli və qanlı keçən çoxsaylı etirazlar oldu, bundan sonra İran və ABŞ tam bir müharibənin astanasına çatdı, nə vaxtsa İranda hamı müharibənin gələcəyini gözləyirdi. Baş verən hadisələrin fonunda, əlbəttə ki, sənətçiləri İrana dəvət etmək və musiqi şouları keçirmək üçün uyğun vaxt deyildi, buna görə də o, öz ölkəsi ilə bağlı düşündüyü plan və tədbirlərin əksəriyyətini ləğv edib təxirə salmalı oldu.

Onu da qeyd etməliyik ki, Parafin Tehran ilk gündən Səsyazma Leybli olmaq, plastinka yayımlamaq və musiqini fiziki olaraq satmaq məqsədi daşıyırdı, çünki Əzim həm də köhnə fiziki formatda musiqi dinləməyin həvəskarıdır. Onun həmçinin layihəyə qoşulmağa və kömək etməyə hazır olan çoxlu heyrətamiz və istedadlı prodüserləri var. Lakin o, İranda yerləşdiyindən bu sadəcə olaraq mümkün deyil. Bu, İrandan pul köçürməsi, idarə etməsi və xaricə göndərməsinin mümkün olmamağına görədir. Sanksiyalara görə İran bankları sadəcə olaraq dünya ilə əlaqəli deyil və başqa heç bir ölkə ilə ticarət etməyə icazə verilmir. Bank sistemi yalnız İran daxilində işləyir.

İndi o, öz hərəkatını canlı saxlamaq üçün podkastlar buraxaraq və çoxsaylı radiolarla əməkdaşlıq edərək İnternet vasitəsilə auditoriyasına çatdırır. Parafin Podcasts adlanan və Soundcloud üzərindən yayımlanan bu layihədə ERP (Convextion), Lowtec, XDB, Voiski, Maelstrom, Anton Zap, Unbroken Dub, Ario, Joey Anderson kimi elektron musiqi səhnəsində olan nüfuzlu sənətçilər onun qonaqları olub. Bu seriya üçün seçilən vizual sənət nümunələri İranın dahi şairi Firdovsinin 1010-cu ildə yazdığı “Şahnamə” adlı şah əsərindən götürülüb. Podkastları dinləmək üçün yazıda yerləşdirdiyimiz Soundcloud ikonuna tıklaya bilərsiniz.

Əzim artıq 10 ildən artıqdır ki, musiqi ilə məşğul olur və dünyanın hər yerində çıxış edir, o, artıq bu vaxt ərzində 3-4 ləqəb dəyişib və 2008-ci ildən müxtəlif məkanlarda peşəkar şəkildə ifa edir. Əzimin 10-dan çox müxtəlif ölkədə konsertləri olub. O, mütəmadi olaraq səyahət edir və bacardığı qədər musiqi ifa edir, İranın ən təcrübəli DJ və səs prodüserlərindən biri hesab olunur. Onun artıq ifa etdiyi bəzi məkanlardan Tiflisdəki Bassiani, Londondakı Pickle Factory, Dubayda Analog Room, İstanbulda Suma Beach, Bakıda iN Club, həmçinin Beyrut, Moskva, Kiyev, Kuala Lumpur və bir neçə başqa şəhərləri qeyd edə bilərik.

Parafin haqqında Əzim sadəcə olaraq deyir: “Parafin Tehran İranın yeraltı musiqi səhnəsinin əsl məhsuludur”.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir