“Yağış” / The Rain
2017-ci ilin sonunda Netflix izləyicilər tərəfindən rəğbətlə qarşılanan, tənqidçilərin “ Qəribə şeylər” serialının “Avropa variantı” adlandırdığı “Zülmət” adlı alman serialını yayımlayır. Eyni zamanda striminq nəhəngi xarici bazarlar üçün işləməyə davam edir və Danimarka dilində ilk serialına start vermişdir. Süjet mürəkkəb deyil: bilinməyən virus dünya əhalisini demək olar ki, məhv edir, sağ qalanlar həyatda qalmaq uğrunda çətin mübarizəyə başlayır. Bu mübarizədə əsas qayda – yağışdan uzaq durmaqdır. “Gəzən ölülər” serialının pərəstişkarları bu skandinav qiyamətardı dramını sevəcəklər.
“Əziz ağdərililər” / Dear White People (2 sezon)
Bu serialda hadisələr, əsasən, ağdərililərdən ibarət Sarmaşıq liqasına daxil olan bir universitetdə irqçiliyə mərzu qalan 4 qaradərili tələbə ətrafında cərəyan edir. Tənqidçilər «Əziz ağdərililər»-i incə satiraya, irqçiliyə qeyri-bayağı yanaşmaya və hekayə tərzinə (hər seriya personajlardan birinin gözündən təqdim olunur; qəhrəmanlar bəzən birbaşa kameraya müraciət edir) görə çox bəyənilir. İkinci sezonda ssenaristlər irqçilik məsələsini daha detallı işləyərək Twitter-dəki alternativ sağçılar, universitetdə ağdərililərin gizli cəmiyyətlərindən və yaşanmış travmaların psixoloji fəsadlarından bəhs edirlər.
“Vida” / Vida
Bu serial köklərini unutmuş meksikan əsilli 2 amerikalı bacının doğma şərqi Los-Ancelesə qayıtmasından sonra baş verən hadisələrdən danışır. Onlar bir-birilərindən tamamilə fərqlənir: yaşca böyük olan Emmi – məsuliyyətli və sağlam düşüncəli karyerist, lesbiyandır, digər Lin isə işini və seks partnyorunu tez-tez dəyişən biridir. Onlar Los-Ancelesə analarının dəfninə gəlirlər və tez bir zamanda aydın olur ki, doğma şəhərlərində outsayderə çevriliblər. Nəticədə, qızlar analarının mirası (ev, bar və analarının qadın həyat yoldaşı) ilə birgə öz kimliklərini aydınlaşdırmalı olurlar.
Patrik Melrouz / Patrick Melrose
Baş rolda Benedikt Kamberbeçin çəkildiyi serial Buker mükafatı nominantı Edvard Sent-Obinin britaniyalı zadəgan Patrik Melrouzun həyatı haqda romanlar silsiləsinin ekranlaşdırılmasıdır. 5 hissədən ibarət mini-serial müxtəlif yerlərdə və müxtəlif zamanlarda müxtəlif şəhərlərdə − 60-cı illərin Fransası, 80-lərin Nyu-Yorku və müasir dövrdə Londonda cərəyan edir. Pleyboy və əyyaş Patrik Melrouzun uşaqlığı ağır keçir: sərt və əzazil atası ona daim zülm edir, anası isə laqeyd şəkildə buna qarışmırdı. O, öz ağır xatirələrini alkoqol, narkotik və təhlükəli macəralara atılmaqla boğmağa çalışır.
Niyənin 13 səbəbi / 13 Reasons Why (2 sezon)
17 yaşlı məktəbli Hanna Beyker intihar edir. Onu bu addımı atmağa sövq edən 13 səbəb haqda bəhs edən bir neçə audiokaset yazır. Sinif yoldaşları növbə ilə bu yazılara qulaq asıb ətrafdakıları və özləri barədə çox şey öyrənməlidirlər. Bu serial ötən il Netflix-in ən səs-küylü layihələrindən biri olur. Şirkət yeniyetmələri intihara təşviq etməkdə günahlandırılır. Serialın 2-ci sezonunda ilk sezondan bir neçə ay sonra baş verən hadisələrdən bəhs olunacaq . Netflix premyera ərəfəsinə kiçik tizer yayımlayıb.
Sallanan Qayada piknik / Picnic at Hanging Rock
“Taxt-tac oyunları” serialındakı Marceri Tayrel rolu ilə məşhurluğunu artıran Natali Dormerin baş rol aldığı avstraliyalı yazıçı Coan Lindseyin romanından ekranlaşdırılan serialda hadisələr 1990-cı ildə cərəyan edir. Süjetə əsasən bir qrup məktəbli qız müəllimləri ilə birlikdə Müqəddəs Valentin günü piknik üçün Sallanan Qaya adlanan bölgəyə gedir və yoxa çıxırlar.
Аnon / Anon
Sol Frilend (Klayv Ouen) şəxsi həyat və anonimlik kimi anlayışların artıq mövcud olmadığı bir dünyada detektiv işləyir. Həmin dünyada bütün insanlar haqqında məlumat var, hər bir kəsi izləmək mümkündür, məhz buna görə də cinayətkarlıq demək olar ki ,yox səviyyəsindədir. Lakin bir gün, detektiv polisin məlumatlar bazasında haqqında heç bir informasiya olmayan bir qızla tanış olur. Sol başa düşür ki, yeni cinayət dünyasının qapılarını açır. Həmin anonim qız obrazını Amanda Seyfrid canlandırır.
Yük / Cargo
Zombi apokalipsisi zamanı Endinin (Martin Frimen) həyat yoldaşı ölür, özü isə virusa yoluxur. Zombiyə dönüşənədək körpə qızına yeni ailə tapmaq üçün 48 saat vaxtı olan Endi üçün yeganə variant yoluxmuş birini aralarına qəbul etmək istəməyən qapalı aborigen qəbiləsidir.
«Farengeyt 451» / Fahrenheit 451
Maykl B.Cordan, Maykl Şennon və Sofiya Butellanın rol aldığı Rey Bredberinin məşhur antiutopiyasının müasir adaptasiyası olan serialda gələcəyin dünyasında bütün ədəbiyyat qadağan olunub, tapılan bütün oxucular isə kitablarla birgə yandırılır. Baş qəhrəman Qayt Monteq (Cordan) buna qarşı çıxaraq müqavimət hərəkatı başladır.
“Hekayə” / The Tale
Real hadisələrə əsaslanan film 13 yaşında seksual zorakılığa məruz qalmış rejissor Cennifer Foksun həyatından bəhs edir. Süjetə əsasən baş qəhrəman Cennifer (Lora Dern) anasının onun iki kişi ilə seksual əlaqəsi haqqında yazdığı hekayəni taparaq ona göndərməsindən sonra unutduğu xatirələrini araşdırmağa başlayır. Film ilk dəfə “Sandens” festivalında nümayiş etdirilib və tənqidçilərin müsbət rəyini qazanıb.