Azərbaycan musiqisində repin öz axını var. Cəsarətlə demək olar ki, ikinci müstəqillikdən sonra ölkəyə ayaq basmış alternativ janrların içində (post-sovet dövründə olanlar da daxil) rep, Azərbaycanda olan kütləviliyinə görə birincidir. Azərbaycanda yeniyetmə və ya gənc, əgər xalq musiqisinə, eyni zamanda yerli, türk, rus pop musiqisinə, pop və yerli musiqinin (folklorun) istənilən növ qarışığına qulaq asmaq istəmirsə, milli musiqi mətbəxi ona aşağıdakı menyunu təklif edəcək:
- Rep (20-ci əsrin 80-ci illərinin sonu)*
- Rok (20-ci əsrin 70-ci illəri)
- Elektronik musiqi (2000-ci illərin əvvəli)
- Caz (20-ci əsrin 30-cu illərindən bəri)
Əgər seçim repə düşürsə, eşidəcəyi adların içində Xpert, Paster və Rüzgara rast gələcək. 3 musiqiçinin yeni işinə VarYox gözü ilə baxaq.
Fenom (Phenom) adlı trekin səslənməsi tam olaraq yeni rep-trendi izləyir, Avropada olduğu kimi. Trap stil kimi son 3-4 ildə rep üçün əsas səslənmə istiqaməti olaraq qalır və yerli rep-musiqiçilər bu stilin elementlərindən tam yararlanıblar. Qısa və uzun cümlə ardıcıllığının təkrarlanması, akapelladakı “auto-tune” (keçid və nəqarətdə), az-maz “mumble” sound olaraq parçanı daha müasir edir. Video-klip təəssüratı bir az da dəyişdirir. Demək olmaz ki, klip qeyri-adidir, amma adi də deyil. Reperlər uğur, pul və hörmət dalınca gedən gəncləri təsvir edirlər. Bəzi səhnələrdə ironiya elementləri duyulur, sanki baş verənlərin mesajı varmış kimi. Digər səhnələr rep atmosferi təsvir edir – “party”, əyləncə, rəqs.
Video-klip yanvarın 27-də işıq üzü görüb və bu günə kimi “Synaps production”nın rəsmi “youtube” kanalında 500.000 mindən çox baxış sayı qazanıb. Klipin rejissoru İlkin İmanovdur.
*janrın ölkəmizdə formalaşdığı tarix
[/mvc_infobox]
“Naschkatze” (Naşkatze) qrupuna VarYoxda artıq bir neçə dəfə yer vermişik. “Naschkatze” ciddi janr, tərz anlayışları və hər-hansı çərçivələrə sığmır. Belə ki, prodüser-bəstəkar duosu nəinki Qafqaz, dünyanın müxtəlif mədəniyyətlərinin musiqi irsini araşdıraraq, daim öz səs resurslarını genişləndirmək və inkişaf etdirmək istiqamətində çalışır.
Yeni klipləri yenə konseptual və necə deyərlər, “art” olub. Elektronik musiqi janrında olan trekin klipi ritmə uyğun olaraq mahnını müşaiyət edir. Birinci səhnə ilk öncə mənə təpəyə doğru dırmaşan iki qoca qadını xatırlatsa da 3-4 dəfə baxandan sonra qrupun üzvləri Əli Həsənov və Fərhad Fərzəli olduğunu anladım.
Klipin bir hekayəsi yoxdur. Süjet xətti əsasən mənzərələrdən ibarətdir. Geoloji strukturlar, süxurlar, gil təbəqələri və tarixin layları, buzlaqlar, şəlalələr və dağlar – hamısı məncə Qafqaza işarə edirdi. Qayalardakı rəsməbənzər bu cizgilərin heç bir süni deyil, heç bir rəssam tərəfindən yaradılmayıb – birbaşa təbiətin işidir. Məncə bu da incəsənətin birbaşa təbiətdən ilhamlandığını vurğulamaq məqsədi güdür. Sanki bir daş dövrü insanının mağaralarda gəzməsi kimi biz fərqli məkanları gəzib dağları aşırıq. Bu, daş dövrü insanı isə səhnələrin arasında fərqli simvollar – gələcəyin maşınlarını – raketləri, inanc və incəsənət ünsürlərini görürük.
Klipin sonu gözlənilən olur – maddənin bərk halı maye halına keçir və duo ilə başlayan klip elə duonun bihuş olduğu səhnə ilə bitir. Klip musiqi ilə vəhdət yaşayan tək-tük müasir işlərdəndir.
[/mvc_infobox]
Ayselin “We Run” klipi 15 fevral 2019-cu ildə yayımlanıb. Youtube kanalındakı açıqlamasında ingiliscə bunları yazıb: “Hər şey bir səbəbdən baş verir. Mübarizə etdikcə ruhum da güclənir. Bundan əlavə indiyədək musiqi və dindən savayı nicat yeri tapmamışam.”
Həqiqətən də klip alışılmamış bir səhnəylə başlayır – bütün ətraf mühit səssiz olsa da Ayselin səsini və hənirtilərini eşitmək mümkündür. Soyuq qış günündə ətrafda yanğın olmasına baxmayaraq qarların üstündə uzanması yəqin ki, ruhi boşalmanın – ekzistensial dəhşətin simvoludur.
Sözlər, musiqidəki tonlar və keçidlər səhnələrlə uyğunlaşdırılmağa çalışılıb. Belə ki, “did you ever try for” (heç cəhd etdinmi) səslənəndə Aysel ayağa qalxmağa cəhd edir. Elə “we run” (qaçırıq) deyəndə də qarğıdalı tarlasında qaçmağa başlayır.
Geyimin qırmızılığı isə yəqin ki, üç səbəbə əsasən düşünülüb – klipə tam bir qaranlıq ruh qatmamaq, ağ qar fonunda seçilmək və “Qırmızı Papaq” nağılına istinad. Elə nağıldakına bənzər olaraq onu qara bir qurd yox, çoban iti izləyir. Növbəti səhnələrdə onu taxtadan bir kilsəyə doğru qaçarkən görürük.
Klipin ikinci hissəsində tənhalıqla dolu səhnələr bitir. Qapıdan içəri daxil olub kilsənin düz ortasında qoyulmuş pianoya doğru addımlayarkən eşidilən qeyri-estetik “addım” (?) səs effektləri isə bütün atmosferi məhv edir. Pianoda ifa edilən orkestral musiqi ilə klip sonlanır. Nə sözlərdə, nə də videonun əvvəlində yaradılmaq istənilən “dini rahatlıq ab-havası”nı hiss etmək olmur.
Əslində klipin çəkilmə məkanı ilk hissəyə güclü atmosfer qatır. Klip Ukraynada, Kiyev şəhərinin cənubundakı Piroqov kəndində, Ukrayna Xalq Arxitekturası və Həyatı açıq hava Muzeyində çəkilib. Orta əsrlər görkəmindəki kənd mistik ab-havanı hiss etdirsə də, kilsənin içindəki müasirlik, artıq dua edən şəxslərin mövcud olması klipdəki “tənha adamın özünüdərk etmək” ismarıcını pozur. Bəlkə də məqsəd elə bu idi, “sən tək deyilsən” demək?
Klip versiyası elə də ürəyimcə olmasa belə, sinql şəklində çıxan audio versiyasını da dinlədim. Sinqla söz ola bilməzdi. Bir an Woodkid dinləyirmiş kimi hiss etdim. Trekin sonluğundakı zərb alətlərinin aqressivliyi, klipdə göstərilmək istənilən ruhu, klipin özündən daha yaxşı hiss etdirirdi.
[/mvc_infobox]