Narkoloji asılılıq ilə bağlı 10 film

Trainspotting (Danny Boyle, 1996/2017)

Müasir dövrdə mədəni fərqindəlik həyatın demək olar ki, bütün sahələrində artmaqdadır. Bu qənaətə gəlmək üçün səbəb insanlar arasındakı kommunikasiya, onların yeniliklərə yanaşmaları və bu yeniliklərin sosial təsirləridir. Elə filmlərdə psixoaktiv maddələrdən istifadə, onun nəticə və səbəblərinin göstərilməsi də mədəni inkişafın illüstrasiyasıdır. Medianın həyatımızda tutduğu yeri nəzərə alıb belə kəskin sosial problemləri televiziya və radio proqramlarında, filmlərdə önə çıxarmaq olduqca vacibdir və əslində, hər bir media qurumunun öhdəliklərindən biri olmalıdır.

Mədəniyyət platforması olaraq bu fərqindəliyi yaratmağı özümüzdə məsuliyyət bilib narkomaniya mövzusunda çəkilmiş və bu asılılığın həyata təsirlərini fərqli aspektlərdən göstərən bədii və sənədli filmləri bir yerə topladıq.

 

Trainspotting (Danny Boyle, 1996/2017)

Irvin Velşin “Porno” romanı əsasında çəklimiş film əsas qəhrəman Mark Rentonun həyatdakı seçimlərimizlə bağlı fikirləri ilə başlayır. O və dostları həyat standartlarını rədd edərək öz asılılıqlarına davam etməyi üstün tuturlar. Lakin Renton və dostlarının qarşılaşdığı hadisələr həm onlara, həm də izləyiciyə seçimlər etmək üçün şans verir. Həyatı yoxsa asılılığı seçmək?

Oslo, 31 august (Joachim Trier, 2011)

Film əsas obraz Andersin reabilitasiyadan sonrakı həyatından bəhs edir. O, artıq 10 aydır narkotik və alkoqol istifadə etmir. Osloya qayıdıb dostları ilə görüşür, onların necə dəyişdiyini görür və yeni həyat qurmaq istəyir. Film boyu dostluq, ailə və sevgi münasibətləri, asılılıq, Andersin həyatı və necə insan olmaq istədiyini sorğulaması, təkliyi və onu doldurmaq üçün etdiyi intihar cəhdi ağır tempdə təsvir edilir. Bir gün boyu baş verən hadisələrin hallüsinasiya olub olmadığına isə siz qərar verəcəksiniz.

The Basketball Diaries (Scott Kalvert, 1995)

Məktəbin basketbol komandasının oyunçusu Cimin heroinə yaranan marağı basketbol meydançasını Nyu-York küçələrinə dəyişir. Bu asılılığını öyrənən anası isə onu evdən qovur və qatı katolik olaraq oğlu üçün dualardan başqa heç nə etmir. Cim isə dostları ilə birgə narkotik almaq üçün cinayətlər törətməkdən çəkinməyən insana çevrilir və ağır təcrübələrlə qarşılaşır. Yeniyetmələrin narkotikdən asılılığını, fiziki və psixoloji təzyiqləri, ana-oğul münasibətlərini və din, inanc sorğularını kompleks təsvir edən film musiqiçi Cim Karolun bioqrafiyasına əsaslanır.

Requiem for a dream (Darren Aronofsky, 2000)

Film 4 insanın heroin, kokain və dietik həblərə olan asılılığını təsvir etsə də, əsas mövzu adından da göründüyü kimi insanın bir ümidə olan bağlılığı və bunun təhlükəli nəticələridir. Psixoloji dram janrında çəkilmiş film izləyiciyə sual ünvanlayır – bizə əzab verən özümüzük yoxsa beyin və xəyallarımızda yaratdığımız insan(lar)?

Beautiful boy (Felix Van Groeningen, 2018)

Filmdə bir gəncin metamfetaminlə mübarizəsini, atasının onu bu uçurumdan uzaqlaşdırmaq cəhdlərini təsvir edilir, eyni zamanada valideyn sevgisinin sərhədləri araşdırılır. Real hekayəyə əsaslanan film narkomaniyadan asılılığın yaxınlarımızı tək qoymaq üçün səbəb olmadığını və kimliyindən asılı olmayaraq hər kəsin yaşaya biləcəyi problem olduğunu xatırladır. 18 yaşında metamfetaminə asılı olduğu gündən etibarən Nik və yaxınları sanki bataqlıqdadır və hər gün aşağıya doğru çəkilirlər. Ona göstərdikləri bütün dəstəyə baxmayaraq, asılılığın qarşısını ala bilmirlər və onu itirmək qorxusundadırlar.

Gia (Michaell Cristofer, 1998)

Model Gia Caraginin bioqrafiyasından ilhamlanan filmdə Ancelina Coli narkotik aludəçiliyini, uşaqlıq travmalarını, görünüşü ilə bağlı komplekslərini, model sənayesinin qaranlıq tərəflərini və psixotrop maddələrlə əlaqəsini dərin həssaslıqla izləyiciyə çatdırır.

Candy (Neil Armfield, 2006)

Film başlanğıcdan sonadək heroin asılılığı olan cütlüyün münasibətini təsvir edir. İlk zamanlarda bu asılılıq onların ehtiraslı sevgisini gücləndirsə də, getdikcə münasibət bütün cəbhələrdə –  emosional, psixoloji və fiziki zəifləyir. Film cənnət, yer üzü və cəhənnəm olaraq 3 hissəyə bölünür və hər bölümün kulminasiya nöqtəsi kəskin nəticələrə səbəb olur. Bəs əslində onları bir-birindən asılı saxlayan sevgi yoxsa heroin idi?

Heroin(e) (Elaine McMillion Sheldon, 2017)

Akademiya mükafatına layiq görülən “Netflix” istehsalı sənədli film opioid epidemiyasının ön xəttindəki üç qadından bəhs edir. Onlar Huttinqtonda – Qərbi Virciniyanın heroinin mərkəzinə çevirilmiş şəhərində nəsildən nəsilə keçən və artmağa davam edən narkomaniya ilə mübarizə aparır.

A day in the life (Istvan Gabor Takacs, 2017)

Adderall və Ritalin kimi diqqət çatışmazlığını aradan qaldıran dərmanların həqiqətlərinə diqqət çəkir. Bu dərmanları həkimlərin məsləhət bildiyi üçün təhlükəli olmadığını düşünən hər kəs, xüsusən yaşıdlarına satmağı qərara ala biləcək gənclər, konsentrasiya problemi olan gənclərin valideynləri izləməsi məsləhətdir.

Take your pills (Alison Klayman, 2018)

Film başlanğıcdan sonadək heroin asılılığı olan cütlüyün münasibətini təsvir edir. İlk zamanlarda bu asılılıq onların ehtiraslı sevgisini gücləndirsə də, getdikcə münasibət bütün cəbhələrdə –  emosional, psixoloji və fiziki zəifləyir. Film cənnət, yer üzü və cəhənnəm olaraq 3 hissəyə bölünür və hər bölümün kulminasiya nöqtəsi kəskin nəticələrə səbəb olur. Bəs əslində onları bir-birindən asılı saxlayan sevgi yoxsa heroin idi?

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir