Sevgi cəhənnəmdən gələn bir itdir

 Sevgi cəhənnəmdən gələn bir itdir

Zorakılıq, seks və hədləri aşa bilən, “Palme d’Or” qalibi “Titane” filmi Samir Hüseynovun məqaləsində

Son həftələrdə hər gün özümə bu film haqqında yazacağımı desəm də, hər dəfə nələrinsə mənə imkan vermədiyini hiss edib mövzunu günlərlə kənara qoyurdum. Amma nəhayət ki, fürsətim oldu və artıq Kanna səyahət edərək tamaşaçını narahat edə biləcək bacarığını göstərməyə başladığı Raw filmi ilə Kritiklər Həftəsinin FIPRESCI mükafatını qazanan rejissor Julia Ducournaunun son Palme d’Or mükafatlı filmi üçün yerli izləyiciləri hazırlamaq istədim. Sarayevo film festivalı ərəfəsində premyerası baş tutan və düzünü desəm, gözləntisiz gedib izlədiyim Titane həm növbəti iki gün ərzində ətrafımdakılarla müzakirə etdiyim, həm də mədəmizi bulandıran məqamlarla dolu bir film idi.

Protoqanist Alexianı ilk olaraq balaca bir qız olaraq görürük. O, atası ilə birgə ölümcül avtomobil qəzasına düşür və hadisədən sonra başına titan bir boşqab taxırlar Bu, onda qalıcı çapıq kimi metal olan hər şeyə qarşı bitməz, həmişəlik ehtiras yaradır. Bir müddət sonra Alexia artıq böyüyüb və maşın şoularında striptiz etməklə məşğuldur. Bir gecə şousundan sonra fanatlarından biri Alexianı təqib edərək saxlayır və ona sevgisini etiraf edib məcburi öpməyə çalışır. Alexia isə onu saç sancağı ilə vəhşicəsinə öldürür. Həmin gecə şou otağına geri dönən Alexia qarajdakı Cadillacla sevişərək ondan hamilə qalır. Flört etdiyi kolleqasının ev partisində Alexia oradakı hər kəsi vəhşicəsinə qətlə yetirir və ailəsi ilə qaldığı evə qayıdıb oranı yandıraraq qaçır. Polisin onu hər yerdə axtardığı vaxtda Alexia sinəsini və getdikcə böyüyən qarnını sarıyır, saçını kəsir və burnunu qırıraraq gizlənməyə çalışır. Sonra bir neçə il əvvəl itkin düşmüş oğlu Adrienin yerinə keçərək yerli yanğınsöndürən Vincentə sığınır.

Bütün bunlar sizə ağlasığmaz gəlirsə, deməli Ducournaunun yeni əsərinə xoş gəlmisiniz. Bəs necə olur ki, gənc fransız rejissor bütün bu məqamları göstərməyə başlayır? Titane bizi film boyu incəlik, sevgi, cinsi kimlik və qəddarlıq arasında üzməyə atır. Digər bütün body horror filmləri kimi bizi sadəcə insan bədəni üzərində deyil, həm də ailə münasibəti üzərində ruminasiyada saxlayır. Filmin ilk və ən unudulmaz avtomobillə seks səhnəsi cinsi iştahın nəticələrini daha aydın izah edir. Elə bu hadisədən sonra qəhrəman metala və qana daha çox ac olmağa başlayır. Qorxulu və splanxnik hekayədə olan maraqlı gedişatlardan biri də Adrien obrazında gördüyümüz AlexiaVincent arasında gözlənilmədən inkişaf edən övlad-valideyn münasibətinin dəlilik həddinə çatan mərhəmət kimi olmasıdır. Hər halda bu bizi qəhrəmanlardan qorxmalı olduğumuzu, yoxsa onların bir-birilərindən qorxmalı olduqlarını tapmağa çətinləşdirən sualdır. Məncə elə Ducournau da məhz bunu istəyir.

Belə demək olarsa, 90-ların sonlarında Gaspar Noe və başqaları ilə başlanan 3-cü fransız yeni dalğası və ya Alexandro Ajanın 2000-lərin əvvəllərindəki High Tensionu artıq cinsi kimlik, LGBT Artı yeni kino mərhələsinə gətirməyə başlamışdı. O mövzular ki, yapon film əjdahaları Nagisa Oshima və yaxud Sion Sononu bizə daha çox xatırlatmağı bacarır. Amma daha aydın göründüyü kimi, Cronenbergin Crash filmi Titane üçün ən yaxın referans ola bilər, hətta bəzi kritiklər bu filmi yeni nəslin Crashi kimi də görürlər.

Filmi izləyərkən ondan doppelganger effektini, slasher film janrını hiss etmək çətin deyil. Bir tərəfdən də sual edək – Titane transqressiv film adlandırıla bilərmi? Ümumiyyətlə, filmi daha da açmağa çalışsaq, nələri kəşf etmək olar? Bu səbəbdən film tənqidçisi David Ehrlich yazır ki, “Bu filmdən nə anlamaq və necə əlaqə tapmaq istəyirsənsə, elə də et”.

Düzünü desək, Titane bir trans filmi olmağa çalışmır. Məncə, bir insanın bədəninin sərhədlərini və yollarını sınayıb keçməyə çalışan bir mexanizm kimidir. Filmin çalışdığı, amma çata bilmədiyi transqressivlik əxlaq məsələsi yox, təxəyyül gücü məsələsidir. Çoxları filmdə təxribatçı etiketinin və bir çox məqamlarda neon nihilizm olmasını iddia edir. Amma Catherine Brayin Film of the Weekdə dediyi kimi, “Titanedakı hər məqamın öz çəkisi və mənası var.” Filmin ilk yarısı reallıq və açıq aydın başladığı kimi, ikinci yarısında Ducournau hekayənin dərinliyinə daha çox enərək qəribəlik və qarışıqlıqla dolu bir metafora yaradır. Bu isə sujeti daha axıcı edərək açıq-aydın dildə yox, şüuraltı təsir etməsinə yol açır.

Hekayənin gedişatında polis Adrienin şəxsiyyətini sübut etmək üçün DNT testi etməyi təklif edir, lakin Vincent bundan imtina edərək oğlunu tanıdığına əmin olduğunu deyir. Baxmayaraq ki, bir müddət sonra onun hamilə qaldığını, qatil olduğunu və fərqli olduğunu görəcək. Bir çox tənqidçilər Vincentin bu özünə inamının ağlasığmaz və hekayəni doldurmaq üçün gülünc rahatlıq olduğunu düşünürlər. Amma Vincentin Adrien cildində gizlənmiş Alexianı qucaqlaması sadəcə hekayənin bir qolu deyil, həm də ata kimi uşaq sahibi olmağın nə demək olmağının bir növ əlamətidir. Rejissor VincentAdrien arasında olan absurdluğu olduqca yüksək bir hərarətlə ötürür. Onların qəhrəmanlığı təkcə yanğın söndürməklə məşğul olmaq deyil, həm də bir-biriləri üçün xilas axtarmağıdır. Amma onların inandırıcı formada bir-birilərini görməsini Ducournau heç vaxt təklif etmir. Vincent inanmalıdır ki, bu onun oğludur. Alexianın nəyəsə inanması lazımdırmı və ya ümumiyyətlə, bir şeyə inanmalıdırmı? Aydın deyil. AlexiaVincentin birgə səhnələrindən biri bəlkə də bir növ Mikelancelonun Pyeta əsərini xatırladır.

Bütün bu incə manevrlər hekayənin mənlik anlayışının üzərində durduğu sərt reallıqlarla birgə baş verir. Bəli, Titane bir body horror filmidir, özü də bütün personajların anatomik əziyyətlərini və ağrılarını amansızcasına göstərən body horror.

Bəs filmi təbii və real qəbul etməməyiniz nə üçündür? Hələ də qadın ya kişi zorakılığından çıxış yolu axtardığımız və kişi obrazı altında texno-kapitalistləşdirilmiş yeni dünyada qadın qeyri-təbii hallar tapmaqdan başqa nə etməlidir? Belə ki, qarşımızda bir Cadillacla qeyri-təbii cinsi münasibət yaşayan mexanikləşmiş bir qız – Alexia dayanır və bu, müasir kinonun ən qəddar və eyni zamanda şöhrətli səhnələrindən birinə çevriləcək. Ducournau saf rejissor deyil. Filmdə olanlar bizi hər şeyin necə asanlıqla öz yerinə yerləşəcəyindən rejissorun xəbərsiz olduğuna inandırmır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

1 Comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir