İdmançı olmaq arzusu

Müəllim stulunu arxaya çəkib ayağa qalxdı və sinfə müraciət etdi:

 

— Bu gün, 2 gün sonra keçiriləcək inşa üçün hazırlıqdır. İnşanın mövzusu “Mənim arzum”dur. Öz gələcəyiniz haqqında arzu və planlarınızı açıqlayın, çalışın daha geniş yazasız. Qrammatikaya fikir verin.

 

Hamı başını dəftərinə doğru əydi. Orta cərgədə oturan oğlanın yazdıqları oxucu üçün maraqlı ola bilər deyə, düşündüm ki, gizlincə onun dəftərinə baxsam heç kəs məndən inciməz. Şagirdin inşası “İdmançı arzusu” adlanır.

 

“Mənim ən böyük arzum idmançı olmaqdır. Çünki idmançı cəmiyyətə çox lazımdır, cəmiyyət də idmançıya. İdmançı olmaq hər bir vətəndaşa gərəkdir. Əslində mənə görə idmançı istədiyi şeyi edə bilər və istədiyi yerdə çalışa bilər. İdmançı üçün bütün qapılar açıqdır. Əgər hansısa biri bağlı olsa, öz şəxsi nailiyyətlərindən asılı olaraq, o qapıya da açar tapılar. Buna görə də çox düşünüb qərara gəldim ki, gözəl gələcək üçün gərək idmançı olum. Hansı idman növü ilə məşğul olacağım vacib deyil (əslində seçimimi artıq etmişəm), əsas odur ki, bu idman növü Olimpiya idman növlərinin siyahısında olsun, amma komanda idmanı olmasın. Çünki onda qazanılan uğuru komanda içində böləsən gərək. Elə bil ki, sənin ad günün üçün bişirilən tortun dadına bütün gələn qonaqlar baxır. Mən istəyirəm ki, ad günü də mənim olsun, bişirilən tort da mənə çatsın, gələn qonaqlar da məni alqışlayıb tortu yeməyimlə qürür duysunlar.

 

Uşaqlıqdan atam məni sərbəst güləşə qoyub. O üzdən arzuma doğru çoxdandır ki, addımlayıram. Bütün varlığımla Olimpiya və Dünya çempionatlarında iştirak günümü gözləyirəm. Rəqib idmançının belini yerə vurub, ölkəmizin bayrağı ilə totami boyunca qaçdığımı bəlkə milyon dəfə təsəvvür etmişəm.

 

Təsəvvür edirəm ki, mən birinci yerdə, fonda ölkənin himni, boynumda qızıl medal. Bütün dünyanın gözü məndə, evdəkilər televizor önündə, bütün rayonun, doğma kəndin, bir sözlə hamının dilində mənim adım. Daha sonra hava limanında məni milli rəqqaslar və onları müşayət edən, “Cəngi” çalan musiqiçilər, əllərində gül-çiçək olan qızlar qarşılayırlar. Səhəri gün bir ədəd təzəçıxan “Prado” və yenitikili binada 3 otaqlı mənzil hədiyyə edirlər. Bundan da böyük hədiyyə ola bilər? Ardınca məni DİN-ə çağırıb təbrik edirlər və hədiyyə olaraq “baş leytenant” rütbəsi verirlər. Əsl xoşbəxt həyat bundan sonra başlayır.

 

İdmanı buraxıb keçirəm biznesə. Kənddə dədə-baba torpağını əkib, yanında bir ferma açdırıram. Qonşuluqa boş sahə tapıb 4 mərtəbəli ev tikdirirəm. Hələ rəhmətlik babam deyərdi ki, “əsl bərəkət, əsl var-dövlət torpaqdadır”. Bakıdakı evi də kirayə verirəm. Özüm də elə kəndimizdə sahə müvəkkili vəzifəsinə düzəlib işləyirəm. Bu isə o deməkdir ki, əsgərlik məsələm də həll olub, gələcəyim də təmin olunub. Bax belə.

 

Məhz buna görə mənim arzum idmançı olmaqdır.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir