Namizəd Herakl Şalvarzadə

 Namizəd Herakl Şalvarzadə

Hər şey nədənsə başlamalıdır. Dəniz sahildən, şəlalə sıldırım qayadan, müharibə generalın ölümündən, qiymət artımı maaş artımından başladığı kimi. Herakl Şalvarzadəyə görə siyasi fəaliyyət dönərxanadan başlamalıdır – dönər ayaqüstü yeməklərin şahı olaraq müəyyən mənada, xalqiçi vəziyyətin tərənnümüdür. Dönərin yaranma tarixini araşdırsanız, hər şeyi özünüz anlayacaqsınız. Təsəvvür edin, ölkəsindən uzaq düşmüş türk emiqrantı, içində avropa arzuları yaşayan bir nəfər, ailəsinin üzünü görmədən gecə-gündüz çalışan bir adam, insanlıq tarixinin əhəmiyyətli səhifəsini açır – ilk ikiyə bölünən çörək və içi doldurulmaq üçün açılmış lavaşla. Rəngarəng arzular hər şeyi  indi və birdən istədir adama. O adam da elə düşünərək, əlinin altında olan  hər şeyi indi, bu saat ortaya qoyub nailiyyət istəyirdi. Sərmayə qoyub illərlə gözləmək yox, pomidoru dilim-dilim doğrayıb, soğanı yumuru tikələrə bölüb, mayonezini bol edib, xiyarı kahıya qatıb, üstünə də qızardılmış ət səpələyərək, sanki taleyin çağırışını qəbul edir, yeni çətinliklərə sinə gələ biləcəyini göstərirdi.  Həmin türk arkadaşın  səyi nəticəsində milyonlarla insan ac qalmır, küçədə yeməyə bir şey tapır. Bəli, siyasət də elə olmalıdır, əsl dönər kimi, doyuzdurmalıdır.

 

Herakl əmin idi ki, dönərin hazırlanması, doldurulması və yeyilməsi özündə siyasi fəaliyyət etaplarını əks etdirir. O, bu haqqda tez-tez dostu  cənab Coni İştveroniyə danışırdı, ona bu mövzuda moizələr oxuyurdu. Coni də öz növbəsində nəsə oxuyurdu.

 

Lakin. Amma. Ancaq. Günlərin bir günü, Yamaykanın  adsız kəndində şivən qopur, bütün bananlar yerə tökülür, kakoslar deşilir, yaşıllıqlar saralır. Sən demə, Azərbaycanda özünü buraxmış parlamentə növbədənkənar seçkilər keçiriləcək. Azərbaycanın yerli müxalifəti səfərbər olub qapılar döyüb imza toplasa da, bloger və ictimai fəallar “səndə-məndə“ oynayıb milyonlarla baxış qazansa  da, hətta Miri Yusif xalq artisti olsa belə, Herakl Şalvarzadə və onun “YaxşıSağOl “  partiyası kimsənin qoltuğunun altına deyildi. Vəziyyət isə qəhrəmandan qətiyyətli addımlar atmağı tələb edirdi – indi olmasa da, nə vaxt bəs?

 

Herakl əlində zınqırovu çala-çala “Lenin adına dönər evi“nə doğru qaçır, qapıları açır, soyuducuda olan çiy ət topasını yoğun şişə keçirir. Ət fırlanır, qızarmağa başlayır. Camaat toplaşır, yerlərini tutub gah Herakla, gah da rumın əsilli italyan emiqrantı Coniyə baxırlar. Herakl müşdüyünə doldurduğunu yandırır, dartır, çəkir və susurdu. Dönərxananın yuxarı küncündə olan kiçik dəyirmi masanın üstünə çıxan cənab İştveroni sükutu pozmaq qərarına gəlir:

 

-Əziz xalq…

 

Yamaykalılar yaxşı camaatdır, pozitiv məxluqlardır, təbiətlərini  və ömürlərini qara etmiş nefti daşıyan boş çənlərdən musiqi aləti düzəldənlər necə ola bilər? Bircə şeyi sevmirdi bu adamlar – “xalq” adlanmağı. Çün`  yamayka dilində “xalq“ sözü iki mənada işlədilirdi, birinci mənası “poxa girən ayaq“, ikinci mənası  isə “ayağa girən mıx“. Yamaykalılar mıxı da sevmirdilər. Hər iki mənası pis çıxırdı. Bütün dünyadan xəbərdar olan mösyö İştveroni quş buraxdığını zənn edib, sözünü düzəltdi:

 

-Əziz xal qalazanmaq istəyən camaat.  Fərqi  nədir hansı oyundan xal qazandın, əsas budur qazanasan. Qazanan  halda heç kəs qaz vurub qazan  doldurmaz. Hələ eramızdan “biş-altı“ gün əvvəl yaşamış..

 

Herakl onun sözünü kəsdi:

 

-Coni, bəsdir. Get banan ye. Həyat ayrı şey tələb edir. Bu adamlar bilir söhbət hansı şeydən gedir, Azərbaycanda isə hələki hamı bilmir söhbət məhz hansı şeydən getdiyini. Şeylər çoxdur və bilirik ki, şeylə oynamaq olmaz. Sizi bura yığmaqda məqsədim  Coninin sayıqlaması deyil, reallıqdır. Tezliklə bizdə, yəni okeanın o tayında olan ölkəmdə parlament seçkiləridir. Mən partiyamızı irəli çəkmək istəyirəm. Hər kəs ortalıqdadır, “YaxşıSağOl“ isə unudulub. Elə bil heç kəs Azərbaycanda bilmir ki, Yamaykada belə partiya qeydə alınıb, özü də sahil kənarı kənddə. Böyük şəhərlərin kiçik kəndlərə qarşı diskriminativ siyasətinin hökm sürdüyü dövrdə, biz partiyamızla, bütün daxmaların sakinləri ilə birlikdə susan deyilik. Bizi seçkilərə buraxın! Hərəyə bir dönər yeyək!

 

Kənd camaatından gurultulu alqışlar çıxdı. Hər kəs Heraklın bir lider, bir natiq kimi çıxışına valeh olmuşdu. Dönərlər bükülməyə başladı.

 

Herakl saqqalına yapışmış mayonez qalığını yarpaqla silib ayağa qalxdı. O əlindəki stəkanı (stəkanda nanəli ayran vardı) havaya qaldırdı:

 

-YaxşıSağOlun!

 

Hamı içdi. Hamı oturdu. Herakl durmaqda davam edirdi.

 

-Mən, bir partiya rəhbəri kimi, partiyamızın siyasi inkşaf xəritəsini sizə təqdim etmək istəyərdim, amma etmirəm, çünki tualetə qaçmalıyam… Coni, sən təqdim et.

 

Təbii olaraq Coninin xəritədən və ümumiyyətlə siyasətdən xəbəri yox idi. O ancaq corab satırdı. Əvvəllər. İndi də banan yeyib, Herakla asistentlik edir, dönərxanada siyasi dialoqlarda iştrak edir. Amma Coni özünü itirmədi. Dönərin qalığını dişlərindən təmizləyən partiya üzvlərinin üzlərinə bir-bir göz gəzdirib dedi:

 

-Xanımlar və cənablar. YaxşıSağOl – elə bir şeydir ki, onu duymaq lazımdır. Amma biz onu nəinki duyur, həm də yaşayırıq. Bax sən (ön cərgədə duran 50 yaşlarında olan bir kişini gösətərdi), sən (bu dəfə onun yanında duran, 40 -45 yaşlarında olan məktəb müəllimi olan bir xanımı göstərdi)… Biz.. Biz hamımız hər gün, hər vaxt, hər saat və məntiqi olaraq hər dəqiqə “yaxşısağol“la qarşılaşırıq – maaş gününü həsrətlə gözləyərkən hesabı yoxlayanda, bayram ərəfələrində iş binasına tələsik girib, “birdən rəis bayram pulu verər, əlavə-zad olar“ deyib düşünəndə, bəlkə bu ay toy olmayacağını fikirləşə-fikirləşə, mobil telefona gələn qəfil zəngə cavab verəndə və s. və ilaxır. Yəni seçkilər, hamıya bir ağızdan “yaxşısağOL“ demək zamanıdır. Bizim partiya parlamentdə yetərincə yer qazanarsa, Yamaykanı Azərbaycan Yamayka Muxtar respubikası elan edəciyik. Ardınca hərəyə hər gün bir ədəd dönər veriləcək – lavaşda, ya çörəkarası istəyə görə, amma veriləcək. Vergilər ləğv olunacaq, çünki vergi pulları buradan Bakıya gedib çatana kimi yolda nəmlənib xarab olur, yararsız vəziyyətə düşür. Kənddə, hər evin qarşısında məktəb, bağça, market və dönərxana tikiləcək. Oxumuş savadlı sakinlərin sayını artırmaq məqsədi ilə dönərxanalarda daxili kitabxanalar olacaq. Qısası, yeyin, için, şellənin.

 

Son sözləri bitirər-bitirməz, Herakl Coniyə yaxınlaşıb, qolundan tutub, onu kənara çəkdi. İndicə tualetdən çıxan dostun sənə əl uzadanda sən ona baxdığın kimi, Coni də Herakla elə baxdi. Herakl:

 

-Qorxma… Əllərimi yumuşam. Adətən yumuram, amma bu gün yudum. Söhbət bundan getmir. Mən təcili olaraq Vaşinqtona uçmalıyam.

-Niyə, nə üçün?

-Tramp.

-Nə edib?

-İran.

-Necə?

-Çox sual verirsən. Camaat yeyib qurtarsın, dağılışın. Sabahdan imza toplamağa başla. Yerli radioda aparıcı olan mösyö Düpona da zəng vurub efir vaxtı götür. Düşərsən, yerivə vermişəm.

 

Bu sözləri deyib Herakl Şalvarzadə birbaşa hava limanına qaçdı… (ardı ötən sayımızda)

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir