Lolita

— Lolita, ağlama, gözəl üzlüm. Amansız gözlərin, soyuq baxışların qəlbimi  dözülməz bir ağrıyla sıxarkən, titrək dodaqlarının məsumiyyəti içimi əridir. Görürsən mənə nələr edirsən? Mənə  həm cəhənnəmi, həm cənnəti yaşadırsan. Günəş kimi sarı, ipək saçlarını küləyə təslim edən də, o yumşaq, oyunbaz gülüşü üzünə yayan da sən idin. Ehtirasımı körükləyən sən idin, məni nə hala saldın, ay səni fahişə, şeytan!

Bülbülləri  qızıl qəfəslərə salan hökmdarları daha yaxşı başa düşürəm indi. Gözəlliyin o qədər dərin meyl yaradıb ki, mən də səni şüşə bir qabda saxlayıb hər gün seyr etmək istəyirəm. İnsafsız bir fikir olduğunu bilirəm, amma sənə qarşı olan duyğularım məntiqimi əlimdən alıb, sən məntiqimi əlimdən almısan. Sevgi dedikləri budurmu, əzizim? Bu söz mənim hisslərimin yanında uşaq həvəsi kimi qalır . Sən mənim ruhumda sağalmayacaq bir  yara qoydun və mən sağalmaq istəmirəm. Mən hələ də utanmadan sənin haqqında şeirlər yazıram. Bu haqda danışıb hamını özümə güldürürəm. Amma qoy belə olsun, əzizim, mənə gülsünlər, səhv yolda olduğumu desinlər. Qoy insanlar öz hisslərindən utansınlar, bircə kimsə mənim hisslərimə qarışmasın.

 

Heç bir söz hisslərimin paklığını, ilahiliyini  kirlədə bilməz. Məni sevmək ehtimalını belə qısqanıramsa, bu divanəlik deyil, bəs nədir?  Heç kəs sənə layiq deyil, onların çirkli, iyrənc, murdar barmaqlarının sənə toxuna biləcəyini düşünəndə, zəncir çeynəyirəm . Heç mənim kimi aciz bir məxluq da sənə sığınmağa layiq deyil. Ah, Lolita, gənc Verterin yolunumu gedirəm, görəsən?  Sonum o qədər faciəvimi olmalıdır? Qarşılıqsız eşqin əlindən intiharmı etməliyəm?

 

Sənin yolunda ölməyə belə hazırkən, sənə başqasının sahib ola biləcəyi düşüncəsiylə ölə bilərəmmi, bu fikirdən içimdə qəzəb atəşi alovlanmağa başlayırsa ,səncə bu mümkündürmü? Ah, ah, ah. Gözlərim və ağzım, bəsdirin! Vay deməyi və yaşlar axıtmağı kəsin! Lolita, neçə gecəni, otağımın küncünə sıxılaraq ağladığımı bilə bilməzsən. Sən indi burdasan, yanımdasan və mən nəfəs almağa belə çətinlik çəkirəm. Xoşbəxtliyim tütün kimi ağlımı başımdan alır. Lolita, ağlama, gözəlim. Səni ilk dəfə görüb sevdiyim anı bilmək istəyirsənmi? Hə, qoy danışım, əminəm sənə də çox maraqlıdır.

 

O gün həmişəki kimi yaşayışıma, həyatımı cəhənnəmə çevirən anama nifrətlə oyanmışdım. Səhər yeməyi  yemədən işə getmişdim. Heç olmazsa nəyləsə məşğul olanda diqqətim dağılırdı, ordakı əclaflar məni ələ salmasa daha yaxşı olardı. Hah! Mən axı savadsız, adi bir fəhləyəm. Lakin dərində, hamıdan gizli bir mənim daha var. Mən şairəm, əsl romantikəm! O gün iş yerimin sahibi olan qoca  məni işdən atdı. Lənət olsun… Nəysə, əzizim, bağışla, sənin yanında ayıb sözlər işlətmək istəməzdim. O anda içim tamamilə boş idi. Qəzəb hiss etməmişdim. Heç nə hiss etməmişdim. Əvvəlcədən içimdə olan boşluğa bu yeni xəbər heç cür təsir göstərə bilməmişdi. O gün evə getməyib biraz gəzinmək qərarına gəldim. Açığı, bara gedib biraz içki içməyi planlaşdırmışdım. Piyada səkidə irəliləyərkən, hətta deyə bilərəm ki, ayaqlarımı sürüyərək irəliləyərkən sənin məktəbinin  yanından ötəndə bir anlıq ayaq saxladım. Uzaqdan sarışın, orta boylu və möhtəşəm bədən quruluşlu bir mələyin rəfiqələriylə gülə-gülə keçdiyini gördüm. Bax, o anda sənə vuruldum. Həmin an o məktəbli formasının içində o qədər cazibədar görünürdün ki, dilim tutulmuşdu. O vaxtdan bəri səni arzuladığımı bilməlisən. Məktəbli bir qız olduğunu və bunun biabırçılıq olduğunu dəfələrlə dedilər. Ah, mənim şirin və cazibədar Lolitam. Onlar səni sevməyin verdiyi zövqü dadmayıblar. Bu dərinlikdən yoxsul məxluqlar mənə irad tutmağa çalışırlar! Əzizim, insan dediyimiz acgöz deyilmi? Aşiq olmaq üçün yaradılmayıbmı? Bəs, bağda gəzinən bədbəxt bir adam möhtəşəm bir gül görsə nə edər? Ona qıymayıb, sadəcə ətrini içinə çəkib gedər? Yenə öz bədbəxt həyatına geri dönməyə tələsər? Yox, yox, yox! O insan, o çiçəkdə öz həyat eşqini görüb bir an üçün bütün arzularını ona bağlayardı. Onu orda önəmsizmiş kimi qoyub gedə bilməz. Onu qoparmasa olmaz. Hətta gülün həyatına son qoyacaq qədər sevməzmi onu?

Ruhuma və bədənimə ağrıkəsici kimi təsir etdiyini bilirdin? Yox, mən buna görə utanmayacağam. Sənə toxunmağa belə qıya bilmirəm, sənə sahib ola bilmirəm və başqasının da sənə yaxın olmağına dözə bilmirəm. Mənim çiçəyim, mənim ilham pərim… Lolita, mən ağrılarımdan qurtulmaq istəyirəm. Mən o çiçəyi dərəcək qədər çox sevdim…

 

Qıyılmış gözlərindəki  dumanlı baxışlarını yataqda  çarəsizcə çırpınan, əlləri, ayaqları və ağzı köhnə əskilərlə bağlanmış qıza yönəltdi.

 

Ağırlaşan nəfəsini və zəifləyən nəbzini hiss etdi. Başı dönürdü , sanki göyün yeddinci qatındaymış kimi uçurdu. Ağzında yığılan seliyi udub ayağa qalxmağa çalışdı. Əlindəki iynəni yerə atıb, ayaqlarını sürüyərək yatağa doğru getdi. Qızın çırpınan zəif bədəninə heyranlıqla baxarkən, titrəyən əllərini, onun üzünü, yanaqlarını sığalladı. Qız qorxu və hiddətlə ona baxıb çığırmağa, başını sağa-sola əyib çırpınaraq onun əlindən qurtulmağa çalışdı. Adamın üzündə axmaq bir gülümsəmə yarandı. Bu onun  xoşuna gəlirdi:

 

— Yoo..x əzizim. Sən bu dəfə məndən qaça bilməzsən. Bu dəfə əllərimdən çıxa bilməzsən. Bizimkisi ilahi məhəbbətdir, bunu anlayırsan? – deyib səndələyərək irəliləməyə çalışdı. Bir neçə dəfə yerə yıxıldıqdan sonra otağın küncündəki masaya yaxınlaşıb, əlinə nəsə götürüb,  geri qayıtdı. Qız qorxu dolu gözlərlə ona baxıb, nə etməyə hazırlaşdığını anlamağa çalışırdı. Adam bir əlini arxasında gizlətdi. Əlindəki çiçəyi qıza göstərib heyranlıqla qıza, sonra da çiçəyə baxdı:

 

— Görürsən, Lolita? Necə saf və gözəldir? O qədər gözəldir ki, mən ona nifrət edirəm. Öz gözəlliyi ilə mənim iyrəncliyimi ortaya çıxarır çünki. Sən də belə deyilsənmi? Niyə məni sevmədin,  Lolita? Çox yaşlıyam sənə görə? Buna kim önəm verərdi axı? Ya da çox çirkinəm? Hə, buna deyiləcək sözüm yoxdur. Amma, bax bu çiçəyə. Səncə bu gözəlliyə qarşı bizə edəcək nə düşür? Axı o özü idealdır və mən ona heç nə qata bilmərəm. Onda insan nə edir, bilirsən? Bu cür gözəl çiçəyin ləçəklərini tək-tək qoparır. Hamısı da sevgi xətrinə – əlindəki çiçəyin ləçəklərini qopara-qopara mırıldanmağa başladı:

 

— Lolita məni sevir, Lolita məni sevir, sevir, sevir… – axırıncı ləçəyi də qoparıb, balaca uşaq kimi sevinclə qışqıraraq, qəhqəhə ilə güldü:

 

— Sevir! Ohoho! Görürsənmi əzizim? İndi görək sənin falın mənə nə deyəcək.

 

Əlindəki çiçəyi yerə atıb qıza tərəf çevrildi. Üzündə özündən razı bir gülümsəmə var idi. Əlindəki kəlbətinlə qıza tərəf yaxınlaşdı:

 

— Ah mənim Lolitam. Sənin  parlaq dişlərin mənim ağlımı başımdan alır…

 

1 ay sonra

 

Gülüş səsləri bütün küçədə əks-səda yaradırdı. Bardan çıxıb qaranlıqda gəzinən 2 rəfiqə Cessika və Melani içkinin verdiyi xoşhallılıqla yellənərək irəliləyirdilər. Bir anlıq möhkəm nəyəsə çırpılıb yerə yıxılan Melani, başını qaldırıb ufuldamağa başladı. Rəfiqəsi qızın bu halına güldü və bir anlıq dayandı.

 

— Vau, Melani. Dekolten çox gözəgəlimlidir. Valideynlərin 16 yaşlı qızlarının bu hallara düşəcəyini bilsəydi, mənə ömür boyu sizə gəlmək qadağan edilərdi – deyə gülməyə davam etdi.

 

Melani də onun bu sözlərinə ürəkdən gülüb ayağa qalxmağa çalışdı. Onlar yollarına davam etdilər.

 

Qızlar uzaqlaşdıqca qaranlıq və səssiz küçədə tək işıq mənbəyi olan ay işığı onun gülüşünü  aydınlatdı. Və sükutun içərisində sadəcə özünün eşidə biləcəyi tonda pıçıldadı birisi.

 

— Melani…

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir