Rəşidlə dirəşən qarışqa

On altı yaşlı yeniyetmə oğlan ilk dəfədir ki, qızla görüşür, Bakıdakı parkların birində. Oğlan həyacanlıdır, qız isə əksinə, oğlanı yeni qəhrəmanlıqlara ruhlandırır. Görüş, yeniyetmə oğlan ağlının uydurduğu komplimentlərin hesabına daha canlı keçir. Lakin birdən… Yox, polis gəlmir və oğlandan, “qızın əlindən tutub ictimai asayişi aşkar şəkildə pozduğuna görə” nəsə tələb etmir, nə də yaxınlıqdakı kolun dalından qızın köhnə sevgilisi, qızın qardaşı ilə peyda olmur. Və ümumiyyətlə deyəcəyim söhbət qız oğlanla vidalaşıb gedəndən sonra baş verir.

Sevdiyi qızı (qızın öz xahişi ilə) yola salmayıb, elə buradaca onunla sağollaşan yeniyetmə oğlan – onun adı Rəşiddir – ayrılığın ilk saniyələrini internetlə balanslaşdırmağa çalışır və smartfonunda qurdalanmağa başlayır.

Bu zaman, haradansa uzaqdan, elə də aydın başa düşülməyən formada danışıq eşidilməyə başlayır – sanki kimsə vacib bir məlumatı dönə-dönə Yer sakinlərinə çatdırırmış kimi. Rəşid əvvəl elə düşünür ki, smartfonda açdığı səhifədir, orada hansısa video var, bu da onun səsidir. Smartfonda açılmış səhifələri bağlayıb, sirli danışığın hələ də eşidildiyini görən oğlan yenə də təəccüblənmir, gözlərini yenidən smartfona zilləyir, sadəcə şəhadət barmağı ilə qulaq deşiyini qaşıyır; sanki eşidilən naməlum danışığın səsini qulağının içindən qovub çıxarmaq istəyir. Yenə də uzaqdan, tam aydın olmayan formada səs eşidilir. Rəşid parkın ən hündür yerində olduğuna görə ətrafı yaxşıca seyr edə bilir, aşağı-yuxarı baxıb yenə də naməlum nitqin müəllifini tapmır. Birdən səs daha aydın duyulmağa başlayır: “Ay insan…başını aşağı sal!”. Səs yeniyetmənin oturduğu skamyanın söykənəcək yerindən gəlirdi. Başını aşağı salıb diqqətlə baxan Rəşidin gözləri bərələ qalır – budur park skamyasının söykənəcəyində, düz Rəşidin burnunun altında, balaca, qəhvəyi rəngli bir qarışqa, əlindəki ağ bayrağı sağa-sola yelləyərək, səsini, önündəki nəhəng insana (qarışqaya görə) çatdırmağa çalışır. Qarışqa ona diqqətlə baxan insanı görüb bayrağı kənara atır, yerə oturur:

-Yoruldum e… O boyda qulağın olsun, belə pis eşidəsən?… Bu nə cür təbiətdi?… Bayaqdan özümü cırıram…

Rəşid çalışır ki, verdiyi cavab vaxtı ağzından çıxan hava kütləsi qarışqanı uçurmasın:

-Sən danışa bilirsən? Danışan qarışqasan?
-Hə, danışa bilirəm və mənə kömək lazımdı.
-Sən dron deyilsən, ya…- bir az fikirləşdi ki, nə desin, sonra əlavə etdi – dron, ya “Pokemon-Go”-zad oynayansan?
-Qulaq as, primat. Halhazırda qarışqayam, amma bu bir müddətlikdi, planetimə qayıdıb yenidən…

Sözünü bitirməmiş qarışqa görür ki, insan əlindəki düzbucaqlı cihazı tuşlayıb ona. Qarışqa kameralardan gizlənən şou-biznes ulduzu kimi balaca əlləri ilə üzünü örtür..
Rəşid çəkilişi saxlayıb hansısa nömrəni yığır. Cavab verən yoxdu, “Deyəsən metrodadı” deyib ayrı nömrəni yığır. Qarışqa yenə də qışqıraraq nəsə deyir. Lakin önündəki yekə qulaqlı canlı onu eşitmir.

-Mənə kömək lazımdı…! Uçan gəmim xarab olub… Mühərrik tozun içindədi… Şəhəriniz tozludu… Baş gəminin enəcəyi yerə getməliyəm… Oradan məni və xarab gəmimi aparsınlar…

Rəşid qulağında smartfon, qarışqanın dediklərini dinləmir və axan informasiya axınını kiminləsə bölüşmək eşqi ilə alovlanır.

Qarışqanın dediklərini Rəşid fikir verməsə də, biz eşidirik, çünki mən sizə danışıram. Deməli belə…

Qarışqa əlindəki bayrağı yerdən alıb yelləyir, zır azərbaycanca nəsə qışqırır. Adam hələ də onu eşitmir. “Qulaqları var” düşünür qarışqa, “amma məni eşitmir”. Bu onun, yəni qarışqanın xətrinə dəyir, lap bir az. Bir az ona görə ki, qarışqanın xətri çox kiçikdir. Yəni budu.

Rəşid bir dostuna yığır, cavab gəlmir, o birinə yığır, zəng çatmır, başqasına yığır, başqası da birinci kimi. O əmindir ki, indi zəng edib hər kiməsə danışan qarışqa haqda deməsə elə bil ki, üç atom bombası birdən partlayacaq. Kimisə tutmaq olmur. Rəşid öz-özünə deyinir:

-Saat 4-dü. Bunlar haradadılar e? Başqa vaxt on dəfə yığırlar e…

İnsan, yəni Rəşid, uzaqdan gələn mühərrik səsini eşidib başını havaya qaldırır. Üfüqdə yavaş-yavaş yaxınlaşan nöqtə görünür – hərəkət edən nöqtə. Özü də dəniz tərəfdən gəlir. Oğlan instinktiv başını smartfona doğru əyir. Helikopterciyəzin səsi seçilməyə başlayır, Rəşidin yadına qarışqa düşür. Qarışqanı, əlindəki balaca bayraqla birlikdə şalvarının cibinə basır.

Üzərində Koroğlunun şəkili olan tünd yaşıl rəngli helikopter parkın geniş qazonuna enir. Nəticədə iki-üç ağac yerindən qopur – qopsun da. Helikopterin qapısı açılır. Başı dəbilqəli və əli avtomatlı bir nəfər, əyilərək Rəşidə doğru qaçır. Uniformalı adam ona çatıb, əlini çiyninə qoyub soruşur:

-Qaqaş, buralarda danışan qarışqa görməmisən?
-Yox, əmi.
-Əmi nədir, ala? Afrikada böyümüsən? Dur, qaç dərsə!
.
Rəşid “çox sağol” deyib başlayır qaçmağa. Amma dərsə yox, məhləyə. Qara dəbilqəli helikopterə minib gedir bazaya; oradan da toya gedəcək, “Öküzüm” şadlıq sarayına. Bunların heç birinin Rəşidə böyük mənada dəxli yoxdu. O indi məhləyə doğru burulur. Blokuna çatıb qarışqanı cibindən çıxarır. Qarışqanı blokun divarında uşaqlar tərəfindən oyulmuş oyuğa qoyur. Qarışqa əzilmiş durumdadır, indi gözündə ağ rəngli eynək var, əlindəki bayraq isə yoxa çıxıb. Rəşid qulağını ona yaxınlaşdırır ki, balacanı yaxşı eşitsin.

Qarışqa özünə gəlib adamın yekə qulağını görür. Var gücü ilə qışqırır:

-Niyə məni o hərbiçiyə təhvil vermədin?!… Mənim vaxtımı alırsan!… Sən nə başıboş primat imişsən!…

Xırda barmaqları ilə adamı hədələyir, daha doğrusu adamın qulağını. Adam öz növbəsində həyacanlı səslə cavab verir, üzünü ona çevirib:
-Mən səni saxlayacam – uşaqlara göstərməyə! Yoxsa mənə heç kəs inanmaz, çəkdiyim videonu fotoşop sayar.

Yeniyetmə qulağını yenə də qarışqaya yaxınlaşdırır. Qarışqa cəld sıçrayışla Rəşidin qulağına girir. Rəşid nə qədər başına-başına vursa da, qulağına barmağını soxsa da, kömək etmir. Qarışqa gözündəki ağ eynəkdə olan naviqatoru qoşub, girir beyin yarımkürələrinin arasına. Qışqırır:

-Eşidirsən məni?!!!… Primat!!!…

Rəşidin başında sanki otuz doqquz tam heyətli orkestr birdən birə, hərəsi ayrı-ayrı əsərləri çalır. Mənəvi və fiziki xaos. Rəşid başını tutub yıxılır yerə. Və birdən hər şey sona çatır. Qarışqa daha sakit səslə Rəşidin başının içində dillənir.

-Primat, səninlə işim olmayacaq, məni baş gəminin enmə nöqtəsinə çatdır… Vaxtım azdır… Gedək Nərimanov metrosuna, parkın küncündə olan metro çıxışına. Tərpən!

Rəşid bir də “simfonik orkestrləri” eşitməmək üçün ayağa durub, yaxınlıqda olan Əhmədli metrosuna doğru qaçır. Yalnız qatarda, ancaq özü eşidəcək səslə deyir:

-Mənə bax, sən o parka necə düşmüsən?

Başının içində zır azərbaycanca cavab eşidilir:

-Mən “İyirmi birinci planet”də yaşayıram. Siz onu tapmamısız. Qarışqa deyiləm, ancaq ona oxşayıram. Əslində daha iri bir məxluqam, bir az qorxuluyam. Sadəcə Yer planetində dönüb oluram qarışqa. Sizin planet, sizi bizdən qoruyur. Yoxsa hamınızı qula çevirib, istehsal üçün işlədərdik. Siz isə rəsmən sıçırsız Yerin içinə. Pox qoyursuz milyon illərin əziyyətinə!… (öskürdü, nəsə içdi) Bağışla, məndə arada olur.

Oğlan qatarda gedə-gedə özünü inandırmağa çalışır ki, baş verənlər realdır, onun başının içində qarışqa var və o, indi danışan, əslində heç qarışqa da olmayan, yadplanetli qorxulu məxluqun əsiridi, “müvəqqəti ağasını” Nərimanov metrosuna aparır.

Rəşid susur, bir daha sual vermir. Lazım olan çıxışı tapıb, çölə çıxır. Başının içindən əmr səslənir:

-Elə o gördüyün birinci ağaca yaxınlaş. Qulağını da yapışdır ağaca.

Oğlan deyildiyi kimi edir. Ağaca çıxan qarışqanı baxışları ilə yola salır və ürəyində qəribə doğmalıq oyanır; elə bil qarışqa ilə illərin dostları olublar. Qarışqa “müvəqqəti nəqliyyat”ı əvəz etmiş, aşağıdan ona baxan adama tərəf söyləyir:

-Sizə qalib gəlmək üçün elə qarışqa olmaq da bəsdir. Yetər ki, beyninizə əl çatsın. Sağol!

Amma bu sözləri Rəşid eşitmir. Qarışqa budaqların arasında gözdən itir. Rəşid isə metronun “Metropark” tərəfdəki çıxışından kartoflu peraşki alır, çıxışdaca peraşkini ayaqüstü həll edir, sonra düşür metroya.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir