Taza il
Bütün müsəlman qardaşlara xəbər verirəm ki: İl tazalandı, il tazalandığı üçün fikirlər də tazalandı. Biz indi oxuculara söz veririz ki, bundan sonra bazar dükançıları arvad və qız uşağı dilənçilərinə əvvəlki mehribanlıqları etməyəcəklərdir. Türkan, Hövsan kəndinin əkinçiləri inəklərini satıb, pul müamiləyə götürüb Kərbalaya dədəsinin sümüklərini aparmayacaqdır. Hətta Şeyx dəxi “ Molla Nəsrəddin ” dən acıq eləyib yığışıb Xorasana getməyəcəkdir.
Biz onu yəqin etmişik ki, taza ildə fikirlər dəyişilibdir. Bundan sonra bir üzv altı arşın tuman – köynəklik (madepolam) almağa kooperativə gedəndə deyəcəklər ki: vardır. Bundan sonra top-top madepolamlar daha xüsusi dükanlara satılmayacaqdır. Hətta bundan sonra tikə şəkərlər də yalnız kooperativdə satılacaqdır.
Bundan sonra məktəblərdə də fikirlər dəyişiləcəkdir. Daha uzaq kəndlərdən dərs oxumaq üçün gələnlər bütün vaxtını şeir yazmağa məşğul etməyəcəkdir. Hətta məcmuələrə and içəcək ki, taza ildən sonra Şərq gözəli, Turan qızı, bənövşə saçlar, qonça dodaqlar, minagərdən, pistədahanlar, süzgün baxışlar, qarışqa xətlər ilə işi olmayacaqdır.
“Molla Nəsrəddin” özü də söz veribdir ki: kənd uşaqları ilə heç işi olmasın, motal pendir alan ürəfa, pambıq zavoduna soxulmuş nücəba və əsilzadə ilə heç güldən ağır söz danışmasın. Hərkəs onların haqqında bir söz yazsa məcmuəyə buraxmasın. Hətta biz söz veririz ki: namaz qılan, baş yaran gənclərə də bir söz deməyək.
Biz taza ildə and içib deyiriz ki: müsəlman ürəfası hər necə olsa türkcə qəzetləri oxumağı öyrənəcəklərdir. Hətta “Molla Nəsrəddin”in dalısınca danışanların özü də börkünü qoyub qabağına fikirləşəndən sonra səhvini başa düşəcəkdir və uşağı çağıracaqdır ki, gətir bir nömrə “Molla Nəsrəddin” ver! Taza ildən sonra qadınlar teatrolara gedəndə yavaşca çarşabını dəsmala büküb verəcək palto saxlayanlara. Daha afişalarda yazmayacaqlar ki: müsəlman qadınlarına məxsus lojalar vardır. Taza ildən sonra daha artistlər də bir-birləri ilə ürəkdən barışacaqdır. “Arşın malı alan” operettasının da müştərisi artacaqdır.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.