Təzə il

Təzə il gəldi, köhnə il getdi və neçə-neçə təzə illər gəlib gedəcək, aylar dolanacaq, amma sən də çalış ki, çörəyi qəflətdə yemə, çünki indi Sədi əsri deyil. Boş-boş Allahı çağırmaqla Allah işlərini ötürüb göydən yerə pilləkan qoyub, enib gəlib sənə kömək eləməz.

 

Lazımdır çalışmaq, çalışmaq, çalışmaq. Uşağını qoy dərsə: dilləri oxusun. Elmlərdən, fənlərdən xəbərdar olsun, sənət, ticarət öyrənsin, hər kəs nəyə şövq eləsə.

 

Allahın da öz yeri var: ibadət zamanı Allahı yada salmaq öz qaydası ilə, yoxsa arxayın yatma ki, Allahı çağıran kimi gəlib sənin ciblərini qızıl ilə doldurub gedəcək.

 

Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox yola salmaq istəyirsənsə, çömçəyə çox ət sal. Yoxsa bismillah deməklə insanlar tox olsalar, dəxi dünyada aclıq olmaz.

 

Təzə il gəldi, amma biz deyəsən elə haman durduğumuz yerdə qaçırıq qabağa: Rus saldatlarının bir məşqi var: divarın dalından qulaq asanda elə bilirsən ki, qoşun gəlir: tap, tap, tap, tap, amma gözləyirsən görürsən ki, qoşun bir yana çıxmır, tappıltı yenə gəlir, axırda məlum olur ki, bu da bir cür məşqdir ki, saldatlar durduqları yerdə qaçırlar.

 

Deyəsən biz də durduğumuz yerdə qaçmaqdayıq

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir