Yazın əvvəli, təbiətin yenicə oyandığı ərəfədə, Yer planetində olan bütün odlu silahlar qəfildən, özbaşına atəş açır. Tamamilə bütün odlu silahlar – tualetə girən əsgərin divara söykədiyi avtomatdan tutmuş, yenicə dəzgahdan çıxmış, yağ içində olan snayper tüfənginə qədər. Şoka düşmüş yüzlərlə ölkənin sakinləri özlərinə gəlməmiş, ixtira olunmuş bombalar avtomatik partlamağa başlayır. Yerləşdiyi yerdən asılı olmayaraq əl qumbaraları, kimyəvi və bakterioloji bombalar, nüvə başlıqlı raketlər, müxtəlif tipli minalar – hamısı bir vaxtda partlayır. Canlı və qeyri-canlı nə varsa, tələf olur. Yer üzü zəhərli qazlarla dolu yaşıl rəngli dumana bürünür, sonra partlayışlardan lərzəyə gəlmiş planetdə ard-ardınca bir neçə zəlzələ olur; vaxtikən həyat daşıyan mavi planetin möhkəm qabığı kontinental çatlara bürünür və nəhəng cisim parçalanır. Əvvəlcə iki böyük hissə aralanır. Sonra onlar da öz aralarında yüzlərlə, minlərlə, on minlərlə, milyonlanlarla, trilyardlarla daş parçalarına bölünüb, tikə-tikə olurlar. Məhv olmuş planetin hissələri qaranlıq kosmos boyunca ətrafa səpələnir.
Qonşuluqda olan səma cisimləri sevinirlər. Günəş, qalaktikanın insanlardan xilas olduğuna görə razı qalır. Planetlər Yersiz parad təşkil edirlər. Hamı fırlanır, bircə, Yerin yegənə sadiq dostu olan Ay kədərli trayektoriya cızaraq yalnız dolanır, darıxır. Sonra o da yeni yer axtarışına çıxır. Üz tutur Günəşə doğru.
Merkuri və Venera Ayı görüb əsəbləşirlər, Ayı satqın adlandırlar, onu Yerə sonsuz sədaqətdə günahlandırırlar.
Ay görünməyən tərəfini onlara çevirib, uçur qırmızı planetə doğru. Mars partnyorunu itirmiş Ayı görüb deyinməyə başlayır, insanlardan şikayət edib deyir:
-Onlar məni narahat edirdilər son illər; məni işğal etməyə hazırlaşırdılar. Yaxşı ki, dünyaları dağıldı.
Sözünü bitirib Mars üzünü qızardır, əsəbləşdiyini göstərir. Ay, ona da görünməyən üzünü çevirib, uzaqlaşır.
Növbəti ünvandakı qazlı nəhəng Yupiter Ayı ümumiyyətlə görmür, səsini eşitmir, onun peykləri isə Ayı araya qoyub gülürlər, onu “üzdən-iraq” adlandırırlar.
İncimiş Ay Saturna doğru fırlanır ki, bəlkə planet onu peykləri sırasına atar. Saturn isə onu heç halqalarına da almır. Uranı yerində tapmayan Ay, Qalaktikanın uzaq küncündə fıralanan soyuq və tənha Neptuna yaxınlaşır. Amma planetin on dörd peykini görüb anlayır ki, burada da ona yer yoxdu, çünki Yer yoxdu.
Ay artıq Bizim Qalaktikanı tərk etmək üzrə olarkən, çevrilib geriyə baxır. Gözlərinin önünə Yerlə əl-ələ tutub fırlandığı milyon illər canlanır. Milyon illər ərzində cızılan kvadrotriliyonlarla kilometrlik trayekyoktoriyaları, bərabər tuş olduqları meteorit yağışları, asteroid bombardımanlarını xatırlayır. Sonra ilk gün yadına düşür, necə o vaxtki gənc Yer, yolunu kəsən ayrı bir planetlə toqquşur, nəticədə yaranan və ətrafa səpələnmiş daş və toz dənələri bir-birinə birləşib, indiki Ayı əmələ gətirirlər. Buna görə Yer onunla tez-tez zarafat edib deyirdi ki, “sən mənim qabırğamdan çıxmısan”.
Ay qəmli və yorğun nəzərlərini boş və səsiz görünən kosmasa zilləyir və sakitcə pıçıldayır:
-Yersiz mənə burada yer yoxdur.
Bu sözləri deyib qonşu qalaktikadan işıq sürəti ilə yaxınlaşan iri asteroidin altına özünü atır.
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.