Kann festivalına səyahət

Nənəm həmişə deyərdi ki, adamın gərək ürəyindəki yol ilə getdiyi yol üst-üstə düşsün, yoxsa… Davamı da vardı, nənələrə məxsus ruhda olduğundan çox da dərinə getməyim. Nənəm nə deyirsə düz deyir! Onu dinləyib özümü Kanna gedəcəyim yola kökləmişdim və nəhayət Kann sayıqlamalarım məntiqi reallığına qovuşdu.

Bu il Beynəlxalq Kann Kinofestivalı ilk dəfə olaraq “Kannda 3 gün” adlı izləyici proqramını təqdim etdi. Proqram 18-28 yaş arası gənc kinosevər və sinefilləri kinofestivalda tamaşaçı kimi iştirak etmək və Kann abu-havasını yaxından hiss etməyə dəvət edirdi. Özümü tanıyandan kino-aludəçisi olduğumdan, hər il festival gedişatına Youtube-da saatlarca baxdığımdan dedim mən də müraciət edim, çağırsalar yaxından görərəm. Çağırdılar. Dedilər dünyadan minlərcə müraciət almışıq, içlərindən seçdiyimiz gənclər arasında sən də varsan, gələ bilərsən. Mən də çantamı yığıb ilk uçuşla özümü Kanna çatdırdım. Və budur Kod d’Azur, mavi dəniz, palmalar, festivalın qızmar çağı.

Kinofestival 8-19 May tarixlərində keçirilirdi, mənim isə bu kino-bayramını yaşamağa cəmi 3 günüm var idi, elə isə vaxt itirmədən hərəkətə keçdim. İlk olaraq, təyin olunmuş vaxtda Festivallar sarayına (Palais des Festivals) gedib yaxa nişanımı götürdüm. Hər bir mötəbər tədbirdə olduğu kimi, Kannda da nişan əsas sənəddir, adama status verir, olar-olmazları tənzimləyir, bir sözlə burada adamı yaxa nişanına görə qarşılayırlar. “Kannda 3 gün” proqramının nişanı yaman bərəkətli çıxdı, mahiyyət və verdiyi üstünlüklərə görə kino işçiləri və professional kino-yaradıcılarının nişanından çox da fərqlənmirdi, onların girişi olduğu yerlərə bizim də keçid imkanımız var idi. Təkcə dəvətnamə ilə olan tədbirlərə daxil olmaq mümkün deyildi. Üstəlik ayrıca olaraq “Arcades” kinoteartında “Kannda 3 gün” proqramının iştirakçıları üçün nümayiş siyahısı da hazırlanmışdı, əsas müsabiqə və “xüsusi baxış” proqramına daxil olmuş filmləri izləmək imkanı vardı. Filmlər bir neçə kinoteatrda eyni vaxtda getdiyindən ən çox baxmaq istədiyini seçib əvvəlcədən sırada durmalı idin.

Ümumiyyətcə, izləyicisənsə, Kann festivalı səninçün böyük bir sıradır. Dəvətnamə otağı, kinoteatrların önünə nümayişdən 2 saat öncədən sıralar toplanmağa başlayır, sıraya geciksən və zalda yer qalmasa içəri buraxılmırsan. Beləki çox görmək istədiyim Qari Oldmanın master-klası üçün dəvətnamə sırasına 2 yox 1 saat öncədən gəlmişdim, son dəvətnaməni önümdə duran oğlan apardı, hələ də ümid edirəm ki, dəvətnaməsi olsa belə içəri keçə bilməyib. Belə də olur, dəvətnamənin olması zala keçəcəyinə dəlalət
etmir, əlbəttə dəvətnamə sahibi kimi prioritetlisən, amma başlanğıcdan əvvəl sırada durmadınsa zalda yerlər bitəndən sonra dəvətnamənin önəmi qalmır. Bir sözlə, çətindir, amma mümkünsüz deyil.

Biləxsus, ilk dəvətnaməm Matteo Qarronenin “Dogman” filminə idi. İlk dəfə olaraq möhtəşəm Lumyer teatrına dixil olub film izləmək ifadə olunmaz hissdir, sanki kino yaradılışına səyahət edirsən. Üstəlik kino aləminin öndə gedən adlarının filmlərini hamıdan əvvəl izləmək üstünlüyünə maliksən, günəş altında qızarana kimi sırada gözləməyə dəyər. Nümayişdən sonra press-konfransın sonun gözləyib rejissorla və əsas rolun ifaçısı Marcello Fontedən yadigar imza aldım, filmə görə təşəkkür etdim, deyim ki, çox sadə və
dostyana insanlardır.

Üç gün ərzində əsas müsabiqədə Jan Lük Qodarın “Görüntü kitabı” (“Le Livre d’image”), Spayk Linin “BlackkKlansman”, Nuri Bilge Ceylanın “Ahlat ağacı”, Cəfər Pənahinin yarı-Azərbaycanca olan “Üç sima” (“Se rokh”), Kirill Serebrennikovun “Yay” (“Leto”), Sergey Dvortsevoyun “Ayka”, Yann Gonzalezin “Bıçaq və ürək” (“Un couteau dans le coeur”), “xüsusi baxış” proqramından Sergey Loznitsanın “Donbass”, Adilxan Yerjanovun “Dünyanın həzin laqeydliyi” (“Laskovoe bezrazlichie mira”) filmlərini izlədim, qırmızı xalı mərasimlərinə tamaşa etdim, Stinqin təbrik çıxışını dinlədim. Hətta təsadüfən getməli olduğum zalı çaşdırıb “Carol”, “Virgin suicides” kimi kult filmlərin operatoru Ed Lakmanın şərəfinə düzənlənmiş gecəyə də düşdüm. Əfsanəvi operatorun özünü, Hollivudun mötəbər simalarını, mütamədiyən oxuduğum kino tənqidçilərini canlı olaraq qarşımda görəndə çox təəccüblənmişdim, elə bil yad planetə düşmüşəm.

Bir sözlə bu səfər mənimçün əvəzolunmaz təcrübə oldu, kino aləminin mərkəzinə səyahət etdim. Sonra da real həyata geri döndüm, yenə universitet, kurs işləri, çəkmədiyim reklam ssenariləri, imtahanlar qisas almaq üçün sıraya düzülüb məni gözləyirdi…

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər