Öz adanı kəşf et
Özünü kəşf et
Tənhalığında güclən…
Aydın Əfəndinin “Öz adanı kəşf et” poemasından
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir. XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir. Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə olaraq təqdim olunur. Sərginin kuratoru Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayadır.
Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, CHINGIZ, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.
Sərginin adında biz süqut dövründə tənhalıq və yalnızlıq mövzusunu mənəvi qurtuluş kimi eşidirik. “Öz adanı kəşf et” poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub. Belə ki, tarixi nöqteyi-nəzərdən, bu layihə Sovet İttifaqının süqutu dövründə incəsənətə həsr olunub. Bu gün Sovet irsi ilə bağlı olan mövzular müəyyən məqamda dünyanın mədəni mühitində çox tələb olunsa da, ciddi şəkildə tükənmişdir. Buna baxmayaraq, hər bir yeni kurator baxışı, yeni nəslin fərqli qavrayışları, həmin dövrün naməlum əsərlərinin yeni ekspozisiyası, yeni tarix və mədəni layları aşkara çıxara bilər. Keçmiş Sovet İttifaqı respublikalarının dövlət müstəqilliyini əldə etməsi müxtəlif tarixi yollarla baş vermişdir. Azərbaycanda SSRİ-nin dağılmasından sonrakı illər Dağlıq Qarabağın və ətraf yeddi rayonlarının işğalına səbəb olan müharibə ilə bağlı idi və ölkə tarixində ən faciəli səhifələrdən birinə çevrildi. Bu baxımdan sözügedən sərgi əsas etibarilə yaddaş, tarixi irs və milli özünüdərk prosesi haqqındadır.
SSRİ-nin süqutundan sonra incəsənət öz keçmiş soyuqluğunu və şərtiliyini itirərək həyatın nisbətən daha fəal hissəsinə çevrildi. Azərbaycanda baş verənlər müəyyən mənada zaman ölçüsündə “sınma” kimi sayıla bilər. Zaman nə irəli gedir, nə də geri çəkilirdi: insanlara elə gəlirdi ki, sanki zaman dayanıb. Bunun səbəbi isə təkcə müharibə və onun acı nəticələri deyildi. Bu həm də qaçqınlar, iqtisadi tənəzzül və siyasi anarxiya, həmçinin yenidənqurma illərində yaranmış “yeni” həyat ilə bağlı müəyyən ümidlərin iflasa uğraması ilə bağlı idi. Məhz bu “zamansızlıq” dövründə rəssamlar, musiqiçilər və şairlər hər cür konyunkturadan azad olan, son dərəcə güclü mənəvi intensivliyə malik əsərləri dəqiqliklə yaradıblar. Maraqlısı budur ki, o dövrün bir çox əsərlərini rəssamlar öz emalatxanalarında saxlayırdılar; çünki incəsənət bazarı bu cür faciənin impulsundan qaynaqlanan incəsənətlə yox, əzəmət və gözəllik mövzusu ilə maraqlanırdı…
“Öz adanı kəşf et” sərgisi 1988-ci ildən 1996-cı ilədək olan dövrün tarixi hadisələrini məcazi şəkildə əks etdirən üç hissədən ibarətdir: “Dəyişiklik üçün ümidlər və qaçılmaz fəlakətin gözləntisi” dövrü, “Faciənin baş verməsi: müharibə və onun nəticələri” dövrü və “Həyatın canlanması və tunelin sonunda işıq” dövrü. Videofilmdə Azərbaycanın Xalq artisti Rafiq Babayevin musiqilərindən, həmçinin fotoqraflar Hacı Akif Ağayev, Əliseyran Babayev, Oleq Litvin, Kamal Babayev, Üzeyir Muradov, Rafiq Nağıyev, Xalid Əsgərov, Şahvələd Eyvazov, Əli Qafarov, Asim Talıb, Mirnaib Həsənoğlu, Aleksandr Çerkasov, Fərid Məmmədov, Cahangir İbadov, Ağəli Məmmədov, Tahir Cəfərov, Nurəhməd Vəliyev, İlqar Cəfərov və digərlərin 1988-1996-cı illərdə lentə alınmış fotolarından istifadə olunub.
Ekspozisiyaya Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Müasir İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil edilib.
Layihə üzrə araşdırmaçı: Zəhra Məmmədova