2020-ci il mədəni tədbirlər üçün çox da zəngin dövr olmadı, onların bir çoxu dayandırılmalı, təxirə salınmalı və ya onlayn təşkil edilməli oldu. “Art on the Wall” (Divarda İncəsənət) isə əksinə, rəqəmsal layihə olaraq gündəmə gəldi və hazırda İçərişəhərdə Kiçik Qala 58 ünvanındakı binanın fasadında pankart kimi sərgilənməyə başlayır. 28 dekabr 2020-ci il tarixindən 2021-ci il fevralın ortalarına qədər olan müddətdə əsərləri nümayiş olunan ilk sənətkar Orxan Hüseynovdur.
Orxan Hüseynov Bakı təməlli multimedia sənətkarıdır. Azərbaycanın şifahi və tətbiqi sənət ənənələrinə, tarixinə maraq və heyranlıq Hüseynovun çoxşaxəli sənət təcrübəsinin əsasını təşkil edir. O, həm Azərbaycanda, həm də xaricdə – Bakıda Heydər Əliyev Mərkəzində; Vyanada İncəsənət Tarixi Muzeyində (Kunsthistorisches); Romada “MAXXXI” Muzeyində; Berlində “Me Collectors Room” sərgi salonunda; “Phillips de Pury” Qalereyasında; 2015-ci ildə 55-ci Venesiya Bienalının Kollateral Tədbirində “Love Me, Love Me Not” sərgisində, 2017-ci ildə “Shelley & Donald Rubin” Vəqfinin qrup şoularında, 2003-cü ildə Amsterdamda “Tropenmuseum” Muzeyində, 2013-cü ildə Bakıda Kiçik QalArt Qalereyasında, 2017-ci ildə YARAT Müasir İncəsənət Məkanında geniş solo sərgilər nümayiş etdirmişdir.
“Sevgimiz elə bu qədərmiş” İçərişəhərdə çəkilən məşhur klassik Azərbaycan kinosuna ehtiram nümunəsidir. Yerli konteksti cəmiyyətin ən kritik mövzusu – COVID-19 ilə əlaqələndirən Orxan Hüseynov həqiqi, şıltaq və intellektual mahiyyəti etibarilə vizual dildən ustalıqla istifadə edir və sevilən filmlərin adlarına ikinci məna gətirir. Hazırkı dövrdə Əsmər və Oqtay İçərişəhərin dar küçələrini maska taxmadan dolaşa bilməzdilər. “O olmasın, bu olsun” isə Gülnazın bu gün hansı maskanı taxması kimi qəliz seçimindən bəhs edir. Bizim kimi film qəhrəmanları da pandemiyanın gətirdiyi “yeni normanı” qəbul edir və ona uyğunlaşırlar. Maskalar virusdan qoruyucu tədbir və sevdiyinə qayğı göstəricisi kimi ən vacib aksessuara çevirilib.
Müasir incəsənəti demokratikləşdirən və onu daha geniş auditoriyaya çatdırmağa can atan layihə olaraq planlaşdırılan “Art on the Wall” həm də Ta(r)dino 6 İncəsənət Platformasının sərgi proqramı üçün alternativ vasitəyə çevrildi. İçərişəhərdə daimi incəsənət məkanını 2021-ci ilin yazına qədər aça bilməyən platforma üçün bu ictimai incəsənət layihəsi onun gələcək auditoriyasına özünü tanıtmağın, dialoq qurmağın və bakılılara daha yaxın olmağın bir yolu kimi görülə bilər. “Divarda İncəsənət” layihəsi həmçinin sənətkarların əməyini və istedadını dəstəkləmək üçün göstərilən təşəbbüsdür: layihə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunub və Almaniyanın Bakıdakı Səfirliyi tərəfindən maliyyələşdirilir.
“Divarda İncəsənət” layihəsi Azərbaycan müasir incəsənət nümayəndələrinə komissiya haqqı verilməsi ilə onların yeni əsərlərinin təqdimatına davam edəcəkdir. Layihənin gələcək nəşrləri bakılılara yeni adlar təqdim edəcək, əvvəllər heç vaxt Azərbaycanda sərgiləməyən sənətçilər və ya pandemiya səbəbindən sərgiləri dayandırılmış olanlar bu layihədə iştirak edəcəklər. Bütün məlumatlar və elanlar @tardino6 və @icherisheher_living_history sosial media səhifələrində yayımlanacaq.