“Ritm” Seriyası – Azərbaycan Milli Rəqsləri

Azərbaycan xalq musiqisinin çox geniş yayılmış növlərindən biri də rəqslərdir. Milli rəqslərimizin  qədim tarixə malik olduğuna Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri də sübut ola bilər. Şahin Əliyev məşhur milli rəqsləri öz illüstrasiyalarında müasir elementlərlə dizayn edib.

Qaytağı dinamik templi Azərbaycan rəqslərindən biridir. Dahi bəstəkarlar Səid Rüstəmov və Tofiq Quliyev rəqsin original versiyasının motivləri əsasında yeni Qaytağı rəqsləri hazırlamışdır. Tofiq Quliyevin bəstələdiyi Qaytağı rəqsi “Əhməd Haradadır” filminin sountreklərindən biri kimi istifadə edilib.

“Qoçəli” rəqsi daha çox Abşeron toylarında məşhurdur. Ağır tempi, xüsusi musiqi məzmunu və ritmi ilə fərqlənir.

“Xançobanı” əmək və təsərüffatla bağlı məişət rəqslərindən biridir. Təxminən 17-18-ci əsrlərdə yaşamış eyniadlı tayfanın adı ilə bağlı olduğu deyilir. Kişilərin kollektiv şəkildə oynadığı bu rəqs teatrlaşdırılmış formada qurulur.

Şalaxo rəqsi Azərbaycan və Gürcüstan xoroeqrafiyasında xüsusi yerə malik qədim rəqslərdən biridir. Rəqsin quruluşu bölgələrə görə dəyişir. Bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız qalası» (1940) baletində də bu rəqsdən istifadə olunub.

Lirik melodiyalı, qadınalar tərəfindən ifa olunan “Turacı” rəqsi təxminən 19-cu əsrdə yaranmış milli rəqslərdən biridir. Rəqs mahur muğamı üzərində qurulub.

“Uzundərə” qadınlar tərəfindən həm solo, həm də kollektiv ifa olunan milli Azərbaycan rəqsidir. Üzeyir Hacıbəyov özünün məşhur “O olmasın, bu olsun” operettasında “Mən nə qədər qoca olsam da…” musiqisində bu rəqsin melodiyalarından istifadə edib.

Yallı məşhur kollektiv rəqslərdən biridir. Qobustandakı qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağında əl-ələ verib dövrə ətrafında rəqs edən insan cizgiləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyalar üzərindəki yallı oynayan insan rəsmləri yallının tarixinin eramızdan əvvəlki minilliklərə aid olduğunu göstərir.

2018-ci ildə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adı altında YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir