17 dekabrda Azǝrbaycan Fransız İnstitutu vǝ Azǝrbaycan Milli İncǝsǝnǝt Muzeyi Paul və Felix Nadarların fotolarından ibarət “Bakıya Əsrarəngiz Səyahət” fotosərgisini təşkil etdi. Açılışa VarYox da dəvət edilmişdi. Sərgi 15 fevral 2022-ci ilədək davam edəcək. Fransanın Mǝdǝniyyǝt Nazirliyinin nǝzdindǝ fǝaliyyǝt göstǝrǝn Memarlıq vǝ İrs Multimedia Kitabxanasındakı orijinal neqativlǝrdǝn çıxarılmış bu fotoşǝkillǝr Azǝrbaycanda ilk dǝfǝ nümayiş etdirilir. Sərginin kuratoru Könül Rəfiyevadır.
Bəs Paul Nadar kimdir?
Paul Nadar 1856-cı ildə Nadar təxəllüslü Gaspard-Félix Tournachon və həyat yoldaşı Ernestine Lefèvrenin ailəsində, Parisdə doğulub. Anası Normandiyadan sadə bir protestant orta sinif qızı, atası isə məşhur fotoqraf idi – anarxist filosof Pyotr Kropotkindən tutmuş Braziliya imperatoru II Pedroyacan geniş səpkidə şəxslərin fotolarının müəllifidir. Atası Nadar soyadını brendə çevirdiyi üçün hətta kiçik qardaşı Adrienə də bu təxəllüsdən istifadə etməyə icazə vermirdi. Adrienin 1855-ci ildə Dünya Sərgisindəki müvəffəqiyyəti Felix üçün gözlənilməz idi. 1857-ci ildə məhkəməyə qədər gedən qardaşlar arasındakı ədavət 1860-cı ildə anaları Thérèse Mailletin ölümü ilə bitdi. Adrien bankrot oldu, Nadar isə qardaşının studiyasındakı əşyaları – kameraları, çərçivələri və s. aldı.
Paul 1863-1869-cu ildə Parisdə müxtəlif məktəblərdə, 1869-1870-ci illərdə Bonapart liseyində təhsil alıb. 1874-1876-cı illərdə anasının vətəni olan Ruan şəhərində hərbi xidmətdə olub. Təhsildən və hərbi xidmətdən sonra fotoqraf ailəsinin bir üzvü kimi Paul da kariyerasında fotoqrafiyanı əsas götürdü. 1874-cü ildə atasının studiyasında işləməyə başladı, Felix isə Sénart meşəsindəki daxmasına çəkilərək aktiv fotoqrafiya həyatına son qoydu. Buna rəğmən yazılar yazmağa, memuarlara davam edirdi. Oğul Nadar atasından fərqli olaraq ciddi portretlər və tənha üzlər yerinə daha canlı portretlər və fərqli eksperimentlər edirdi. Məhz buna görə də atası ilə münasibətləri mürəkkəb olan Paul onun kölgəsindən çıxmaq istəyirdi. Ata-oğul hətta 1889-cu ildə Parisdə keçiriləcək “Exposition Universelle” sərgisindəki stendin yerini seçmək üstündə belə mübahisə etmişdilər.
1890-cı ildə Fransadan Daşkənddəki Dünya Sərgisinə yola düşməyə və yol boyu gördüyü mənzərələri, anları fotoya həkk etmək qərarına gəlir. Bunun üçün avadanlıqları Kodak şirkətindən alan Nadar İstanbula doğru qatarla yola çıxır. Daha sonra gəmi ilə Batumiyə, oradan Tbilisi və Bakıya gələn Nadar Xəzər dənizi ilə müasir Türkmənistan və Özbəkistan ərazilərinə keçir. 2 ay keçən bu səyahətdən 1200 fotoyla geriyə qayıdan Nadarın fotoreportajı Avropa tarixində bir ilk idi. Bu müvəffəqiyyətinə görə Kodak şirkəti onu 1893-cü ildə rəsmi nümayəndə seçib. Növbəti il Nadar 1882-ci ildə tanış olduğu fransız soprano Elisabeth Marie Degrandi ilə evlənir.
Nadar bundan sonra “hərəkətli rəsmlər”ə, yəni film rejissorluğuna maraq duymağa başlayır. 1896-cı ildə kimyaçı Eugène Defez ilə birlikdə 35 mm-lik lent istifadə edəcək kamera/proyektor üçün patentə müraciət edir. 1897-ci ildə bu ixtirasını Optik Teatrda sərgiləsə də, münsiflər ixtirasının çox səs-küylü olduğunu deyərək bəyənmədilər. Buna rəğmən həmin kamera ilə tamamı 18 dəqiqəlik 11 film çəkir. Nadar daha sonra 58 mm-lik bir kamera düzəltsə də, bu kamera ilə çəkilən heç bir film qalmayıb.
Nadar 1900-cü ildə Fransa Professional Fotoqraflar Konqresinin ilk prezidenti seçilib və daha sonra medallar, vəzifələr və mükafatlar almağa davam edib. 1903-cü ildə əmisini itirdi və atasından da təxəllüsü davam etməyə icazə aldı, növbəti 1909-cu ildə anasını, 1910-cu ildə isə atasını itirir və beləliklə fotostudiyanın rəsmi sahibi olur. Bu itkilərdən sonra isə 1912-ci ildə Marta adlı qızı doğulur. Nadar bu təxəllüsü 1939-cu ildəki ölümünə qədər daşıyır. Nadarın qızı isə 1948-ci ildə həyata gözlərini yumur. Nadarın geri qalan son ailə nümayəndəsi, dul həyat yoldaşı bütün arxivini 1950-ci ildə Fransa dövlətinə bağışlayıb.
Sərginin açılışından fotolar Ingrid Ponsy tərəfindən çəkilib.