PATRICK DOOLEY
Patrik Duli Post Pravda həftəlik onlayn jurnalının müəlliflərindən biridir. Biz onu Bakıda tapdıq və VarYox komandası adından bizi maraqlandıran sualları yönəltdik.
Bakıda nəyi bəyənmədiniz?
Gördüyüm qədərilə hamı bir-birini tanıyırdı. Münasibət yaşamaq olmaz burada! Zarafat edirəm təbii ki.
Xoşuma gəlməyən yeganə hadisə restoranda təkbaşına yemək yeyərkən oldu. İdeyalar gələndə onları yazmaq üçün saxladığım bir qeyd kitabçam var. Bir tərəfdən yemək yeyərkən, o biri tərəfdən də yazırdım. Bu arada Ukraynalı bir gey erotik fotoqrafın mənə verdiyi bir foto kitabçanın arasından yerə düşdü. Ofisiant gəldi və şəkili yerdən götürdü. Məndən soruşdu ki, bu şəkildəki kişidir yoxsa yox. Kişi olmağına baxmayaraq mən “yox” dedim. Birdən-birə mənə əsəbi və ehtirasla baxdı. Şəkli öz cibinə qoydu və bəxşiş haqqında öz-özünə deyinə-deyinə getdi. Mən əminəm ki, həmin gecə işdən sonra fotoya baxıb masturbasiya edib!
Bir gün Bakıya qayıdarsınızmı?
Mütləq! Şəhər mənə bir-birinə zidd mədəniyyətlər, ideologiyalar və siniflərin möhtəşəm vəhdəti kimi göründü. Əlbəttə Bakının öz problemləri var və hamı onları bilir. Buna baxmayaraq insanlar inanılmaz şəkildə mehriban və qonaqpərvərdir. Məncə şəhərin diqqətəlayiq olması üçün hər cür şərait var və gəncliyin inkişafını görmək istərdim. Mənə əsas maraqlı gələn o oldu ki, insanlar daim mədəniyyətə yeni nəfəs qatmağa çalışırlar, bununla birlikdə azərbaycanlı kimliklərinə dərindən bağlıdırlar. Azərbaycan mətbəxinə isə sadəcə eşq olsun. Dəhşətli dərəcədə ləzizdir.
Post-Sovet şəhərləri Qərb gəncliyi üçün yeni istiqamət ola bilərmi?
Məncə artıq olub. Məsələn, Tbilisi və Kiyev kontrkultura mərkəzlərinə çevrilib. Amma bu iki şəhərdən başqa yerlərdə də eyni dərəcədə maraqlı hadisələr baş verir. Bakı hələ kifayət qədər diqqət cəlb etməyib lakin mən düşünürəm ki, insanlar bu cazibəni hiss edəcək. Bakı haqqında ən sevdiyim şeylərdən biri də yerli kütləvi dəstək idi. İnsanlar birlikdə çalışır və bir-birini dəstəkləyir. Bilmirəm, bəlkə də digər turistlər mənim kimi təəssürata malik olmayacaq, çünki mənim əvvəlcədən kontaktlarım vardı. Bununla belə əgər bir az ətrafları ilə maraqlansalar cazibədar bir şəhər tapacaqlar. Bakıda dostlaşmaq inanılmaz dərəcədə asandır. Səyahət edən adam başqa nə istəyər?
Bakının gecə həyatı haqda nə demək olar? Yerli qrupların çıxışlarını dinləmisiniz?
Açığı bəzi məhdudiyyətlər və qadağalar olmasa daha güclü kontrkultura və gecə həyatı üzə çıxarmaq olardı. Amma insanlar çalışır. ETÜD və Barreldə olmaq xoş idi. Hər iki məkanda xoş gecə keçirdim – Etüddə əla bir caz qrupu var idi (müğənni də deyəsən sizin musiqi direktorunuz idi) və digərində isə gürcü DJ-lərini dinlədim. Azərbaycan musiqisini dərindən araşdırmaq istərdim. Fərhad Fərzəli məni 70-ci illərin möhtəşəm Bakı fank musiqisi ilə tanış etdi. Akif İslamzadə aləmdir!
Biz Gürcüstan və ya Ukraynadan fərqli olaraq Şərq, müsəlman ölkəsi kimi qəbul edirilik. Siz bu fərqi gördünüz ya yox?
Elə də yox. Mən Səudiyyə Ərəbistanında 2 il yaşamışam və Yaxın Şərqin bir çox bölgəsində uzun müddət vaxt keçirmişəm. Azərbaycan mənə digər təzyiq göstərilən ölkələr kimi görünmədi. Sizin mədəniyyət ərəblərdən çox farsların mədəniyyətinə oxşayır. Düzdür, İran da cənnət deyil amma insanlar dini vecinə almır. Eyni şeyi Bakıda da gördüm. Burada azan eşidilir, çox gözəl məscidlər var amma mən əminəm ki, burda namazdan sonra rumka dalınca gedənlər var. Mən Azərbaycanı Rusiyadan ya da Gürcüstandan daha az dindar gördüm.